Hörmətli müəllimlər, dəyərli dostlar, əziz insanlar,
Ha deyirəm susum, alınmır! Ürək doludur! Boşalt və rahatla deyir!
Tamam, anlayırıq ki, cəmiyyət inkişaf edir və hər dövrün özünəməxsus tələbləri vardır. Sokratın, Rene Dekartın, Abbasqulu ağa Bakıxanovun yaxud da Cəlil Məmmədquluzadənin yaşadığı zaman intervalı ilə indiki vaxt eyni deyil, maraqlar və tələblər də fərqlidir.
Bu gün fəaliyyət göstərən alimin qiymətləndirmə kriteriyaları “H indeksi”nin olması, “importnu” adlara malik cürbəcür “researchbase”lərdə məqalələrinin yerləşdirilməsi, peşəkar ekspertlərin rəyləri ilə müşayiət olunan “İSBN” basmaqəlibli kitablarının yazılması, mütləq və mütləq xaricdə məqaləsinin çap edilməsi ilə ölçülür. Buna qarşı nəsə söz deməyi, yüngül mübahisələndirməyi belə, bəlkə də tabu sayanlar var. “Necə yəni, başqa necə olmalı idi ki?”, “Buna bax, keçmişdə qalıb”, “İnkişafa qarşı gəlmək olmaz” və bunun kimi analoji fikirləri səsləndirənlər ola bilər. Olsun.
Mən o fikirdəyəm ki, tələb həqiqətən məntiqli olsun, elmin inkişafına doğurdan da xidmət etsin, formal deyil, real əsaslara söykənsin.
Dünyada hansısa biznes maraqlarına çevrilən, yağışdan çıxan göbələklər kimi çoxalan “dünya standartları” adlı “elmi tələblər”in eybəcər və təəccüb doğuran “yenilikləri”ni DÜNYANIN BÜTÜN ALİMLƏRİ tətbiq etməyə, başqa sözlə, bu zillətə qatlaşmağa məcburdur. Özü də hansı ölkədə yaşayır yaşasın, hansı təhsil ocağında işləyir işləsin, fərq etmir! Hətta Antarktidanı, ya da Amazon cəngəlliklərini özünə yaşayış məskəni seçərək heç bir universitetdə işləməyib alim olma arzusunda olan biri belə bu tələblərdən yayına bilməz! Əks təqdirdə alim sayılmayacaq! Nə haqqında yazması, dünya elminə hansı fayda verməsi, qısası, MƏZMUN önəmli deyil, əsas olan insanoğlunun uydurduğu mənasız və şablon tələblərə cavab verən “nüfuzlu” və adını indeksli qoyduğu nəşrlərdə məqalə çapı olsun, yəni FORMA əhəmiyyətlidir.
Hətta dişindən, dırnağından kəsib başqa bir ölkədə xarici dildə kitab çap etmək daha da savab və təqdirəlayiq iş sayılır! Eyni kitabı Azərbaycanda çap edəndə görəsən, məzmunu və anlamı dəyişmiş olur, yoxsa keyfiyyəti azalır?! Heç biri olmur! Hə anladım, ingilis və ya başqa Avropa dillərinin birində olanda daha böyük oxucu kütləsi qazanmaq olur, ona görə imiş! Azərbaycanda ingiliscə çap edib xarici oxucu kütləsini yenə qazanmaq olar məncə! Nə isə…
Mətləbdən uzaqlaşmadan saf bixəbərlərin xeyri üçün bir dost məsləhəti də verim. Təntənəli şəkildə bəyan edim ki, Nyutonu geridə qoyub “Özünün DÖRDÜNCÜ qanunu”nu kəşf etsən belə, yaxud da Eynşteyni haqsız çıxarıb onun tam tərsini sübut edərək “MÜTLƏQLİK nəzəriyyəsi”ni meydana çıxarsan belə, buna dair yazdığın məqaləni birdən QANMAYIB adi bir QƏZETDƏ, yaxud da heç bir indeksi olmayan jurnalda çap edərsən haa! O zaman vay halına! Ehtiyatlı ol. Belə etsən, təəssüf ki, yazdığın məqalə kağız parçasından fərqlənməyəcək, heç bir dünya aliminin yanında “beş qəpiklik” dəyərin də olmayacaq. Lap hər damlasından bal tökülsə də, dünya əhəmiyyətli kəşfdən bəhs etsən də, yazdığın məqalən boşunadır. Ancaq sənə yol deyim: Məqaləni “Web of science” jurnallarının birində “od qiyməti”nə çap etsən, o başqa! Sən istənilən elm ocağında barmaqla göstərilən alim sayıla bilərsən! Hətta alim dostlarınla indeksli jurnallarda çap olunan məqalə sayında yarışa da bilərsən. Təqdirəlayiq işdir. Amma indeksli nüfuzlu xarici jurnal olsun, vəssalam!
Hamınızın izlədiyi Kemal Sunalın “Ortadirek Şaban” filmindəki bir səhnə yadıma düşür. Basketbolçu olmaq üçün mütləq xaricdən gələn qara rəngli idmançı olmalısan
İkiqat hakim yoxlamasından keçən, nüfuzlu jurnalda min müsibətlə çap etdirilən yazı yarışına necə etiraz edəsən! Əsas olan odur ki, Sabir demişkən “Mən salim olum, cümlə cahan batsa da batsın”, başqa sözlə, birincisi, statistikam yerində olsun, ikincisi isə, elmə faydası da olsa, pis olmaz!
Bəli, dünya elmi bu acınacaqlı və gülünc vəziyyətə gəlib çatıb! Bu gün dünyanın bütün təhsil və elm ocaqları, eyni zamanda hər alim qarşısında qoyulan tələblər bunlardır! Başqa sözlə, Harvard Universitetində və ya Kembric Universitetində və ya ABŞ Milli Elmlər Akademiyasında da olsan, heç nə dəyişmir.
Bu dediklərimlə xaricdə məqalə çap olunmasına qətiyyən qarşı deyiləm. Əlbəttə, çörək bol olarsa, basılmaz vətən. Yəni ölkədaxili məqalələr də olsun, xaricdə də olsun. Lap gözəl. Amma bunun bütün dünyada alimlik üçün imperativ qaydaya çevrilməsi düzgün deyil məncə.
Mən öz adıma danışıram. Şəxsən mən də bu “yolxucu xəstəliyə” tutulmağa məcbur oldum. Mən də xaricdə elmi məqalələr çap etdirir, “researchgate”də məqalələrimi yerləşdirib hər gün oxunma və istinad sayının artması üçün dualar edirəm. Statistik göstəricim artdıqca isə sevinir və qürur duyuram. Nə kədərli vəziyyət!
Rəhmətlik Cavid əfəndinin müdrik kəlamları yadıma düşür:
Ağlanacaq bir hal idi, Özümüzdə görürdük, Dilimizin, dinimizin Getməsinə gülürdük.
Təəssüf ki, bu müasir tələblərə heç kim qarşı çıxa bilməz!
Platon və Aristotel dünya elminə misilsiz töhfələr vermiş kitablarını, yaxud da Nəsirəddin Tusi “Əxlaq-i Nasiri” əsərini, ya da digər məşhur əsərlərini kitab halında çap etdirmək üçün “ISBN” kodu almamışdı!
Ya da əfsanəvi alim Hans Kelzen “Saf hüquq nəzəriyyəsi” kitabının, böyük filosof Şarl de Monteskyo “Qanunların ruhu” kitabının “google scholar”a düşməsi üçün heç vaxt narahatçılıq hissi yaşamayıblar!
İbn Xaldunun, Jan Jak Russonun “Scopus” jurnallarının heç birində məqalələri dərc olunmayıb! Amma onlar dünya var olduqca yaşayacaqlar! Heç kəs onların dünya nəhəngləri sırasında yer almasına cılız “H indeksi”, ya da “google scholar” süni məhdudiyyəti mane ola bilməz!
Amma Platondan, Aristoteldən, Nəsirəddin Tusidən, Hans Kelzendən, Şarl de Monteskyodan, İbn Xaldundan, Jan Jak Russodan ELMİ İŞ GÖTÜRÜB DİSSERTASİYA İŞİ müdafiə edənlər yuxarıda sadaladığım tələblərə əməl etməyə bilməzlər!
Hər şeyə qlobal yanaşmaq lazımdır. Məsələ burasındadır ki, insanoğlu təbiəti etibarilə işləri sadələşdirmək əvəzinə, qəlizləşdirməyə meyl edib hər zaman. Doğurdan da insanın qənimi insandır! Ona görə də insan irqinin mövcudluğu davam etdiyi müddətdə əzab, işgəncə və çətinliklər artan xətt üzrə irəliləyəcəkdir.
Sonda bir daha deyirəm, beynəlxalq indeksli jurnallarda məqalə çıxarmağa qarşı deyiləm. Elmə fayda verməyin yeganə yolunun bu olmasına qarşıyam.
Bitmədi sözüm, amma davam da etməyəcəyəm…
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi