Baş nazir Əli Əsədov ötən gün yeni qərar imzalayıb. Belə ki, Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiq edib. 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək bu qərar dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını da müəyyən edir.
Sözügedən qərarın əhəmiyyətini, dəmir yolu nəqliyyatına, bu növ sərnişindaşıma fəaliyyətinə təsirlərini Medianews.az-a şərh edən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyat sosialyönümlüdür və gəliri olmayan sahədir.
Ekspertin sözlərinə görə, məhz bu səbəbdən də bu sahəyə subsidiyanın şamil olunması mütləqdir: “Bu qərar düşünülmüş şəkildə qəbul edilib. İctimai nəqliyyat sosialyönümlüdür. Demək olar ki, gəliri olmayan bir sahədir. Buna görə də bu sektora dövlət subsidiyasının ayrılması mütləqdir. İctimai nəqliyyatın mobilliyin təmin edilməsində mühüm rolu var. Əgər işçilər çalışdıqları yerə vaxtlı-vaxtında gəlirlərsə, biznes baxımdan da bunun faydası var. Bundan öncə yükdaşımadan qazanılan pul hesabına sərnişindaşıma subsidiyalaşırdı. İndi isə ayrıca məbləğ olaraq dövlət subsidiyasının təşkil edilməsi işin daha da dayanıqlı təşkil olunmasına töhfə verəcək”.
Ekspert əlavə edib ki, ictimai nəqliyyatın fərqli növlərinə ciddi investisiya qoyulmalıdır: “Çünki, ictimai nəqliyyat xeyli sərnişin daşıyır və maksimum səviyyədə onların rahatlığı, təhlükəsizliyi təmin edilməlidir. Kütləvi avtomobilləşmənin fonunda da ictimai nəqliyyatın vacibliyi önəmlidir. Belə ki, üç milyona yaxın əhalisi olan Bakıda bu tip nəqliyyat növlərinin dayanıqlı inkişafına və daha effektiv işləməsinə subsidiya ayrılması olduqca önəmlidir”.
Vüqar MƏMMƏDOV