Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul elan olunub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan dilində, əyani formada, iki il müddətində nəzərdə tutulan hərbi təhsil üçün cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.
Hərbi kolleclərə orta ixtisas təhsili pilləsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunurlar. Hərbi kolleclərin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi də verilir. Hərbi kolleclərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2024-cü il tarixindən 30 aprel 2024-cü il tarixinədək ərizə ilə müraciət etməlidirlər.
Bu kollecdə təhsil hansı qaydada həyata keçiriləcək və bu təhsil sonda məzunlara nə verəcək? Onlar hansı hərbi rütbələrə, nə kimi imkanlara sahib olacaqlar? Subbakalavr statusu almaları onlara hərbi ali məktəbə imtahansız qəbul olunmaq və daha yüksək hərbi təhsil almaq imkanı yaradacaqmı? Bu hərbi təhsil sisteminin əvvəlki dövrlərdəkindən fərqi nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev Prezident İlham Əliyevin 14 dekabr 2023-cü il tarixdə “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladığını xatırladıb. Bildirib ki, həmin fərmanla Nazirlər Kabinetinə peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin üç ay müddətində yaradılması tapşırılmışdı: “2024-2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə də məhz sözügedən fərmanla təsis edilmişdi. Bundan başqa, fərmanda nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aylıq ödəmələr təsis edilmişdi. 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən də yararlana biləcəklər. Bu zaman müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə hələ o zaman Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılmışdı. Bu günlərdə isə hərbi kollecin orta ixtisas təhsili pilləsinə qəbul başlayıb. Bu, müsbət haldır”.
E.Şıxəliyev deyib ki, bu kollecə 20 yaşına qədər 9,10, və 11-ci sinif şagirdləri daxil ola bilərlər: “Hərbi təhsil müddətinin 2 il olması nəzərdə tutulub. Xüsusi təyinatlı hərbi kolleclərə bir növ gizir olmaq üçün peşə məktəbi də deyə bilərik. Amma, təhsilini davam etdirmək istəyən şəxslər Ali Məktəblərə qəbul ola və zabit heyətinə keçə bilərlər. Mülki təyinatlı təhsil müəssisələrinə qəbul olan xüsusi təyinatlı hərbi kolleci bitirən şəxslərin aldıqları təhsil, onların bakalavr səviyyəsindəki ixtisas seçimində üstünlük qazandıracaq. Bu kolleclər hərbi təhsilin bir mərhələsi olub boşluqları aradan qaldırmağa xidmət edəcək, hərbi-vətənpərvərlik ruhunda olan gənclərimizin daha yaxşı hərbi təhsil almasına səbəb olacaq”.
Hərbi ekspert əlavə edib ki, xüsusi təyinatlı hərbi təhsili alacaq şəxslər xidmətə çağırılmır: “Onların bu iki il ərzində sözügedən kolleci bitirib hərbi peşədə fəaliyyət göstərmələrinə şərait yaradılır. Ona görə də hərbi təhsil almağa dair müraciət 9-cu sinifdən başlayır. Beləliklə də, bu şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istər gizir, istərsə də zabit kateqoriyasında fəaliyyət göstərə bilərlər. Ümumiyyətlə, ordumuzun ehtiyaclarını zabit kateqoriyasında liseylər, gizir kateqoriyasında kolleclər təmin edəcək. Kolleclərdən liseylərə keçid mümkün olacaq. Liseyləri bitirən şəxslərin isə Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək öhdəliyi yaranacaq. Kollecləri bitirən şəxslər də Silahlı Qüvvələrə daxil ola, istəməyənlər isə mülki təhsil müəssisələrində təhsil ala bilərlər”.
Digər hərbi ekspert Ədalət Verdiyev isə Medianews.az-a bildirib ki, orduda müasir silah və texnikaların yüksək səviyyədə istifadə olunması üçün savadlı kadrlar yetişdirmək lazımdır. Onun sözlərinə görə, sözügedən hərbi kollec bu prosesi daha yüksək səviyyədə həyata keçirəcək: “İndiyə qədər Azərbaycan ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) və gizir vəzifəsi təhsilinin alınması mövcud olmayıb. Sadəcə hərbi xidməti başa vuran və təhsil almış şəxslər arasından MAXE və gizir təyin edilirdi. Amma biz bilirik ki, orduda müasir silah və texnikalardan istifadə olunur. Silahlı Qüvvələrimizin istifadəsinə hər il yeni nəsil silah-sursatlar daxil olur. Bütün bu silah-sursatı, hərbi texnikanı bacarıqla istifadə etmək üçün hərbi biliklərə yiyələnmək lazımdır”.
Hərbi ekspertin qənaətincə, bu kollecin açılması Türkiyə ordu modelinə keçidin tərkib hissəsidir: “Yəni, MAXE və gizir vəzifələrinə təyinat hərbi xidmət müddətini artıq başa vurmuş şəxslərdən deyil, təhsilini uğurla bitirən gənclərimiz arasından təyin olunacaq. Belə bir proses gələcəkdə ordunun daha intellektual bir səviyyəyə gəlməsinə, şəxsi heyətin mənəvi-psixoloji durumunun, gənc hərbçilərimizin vətənpərvərlik hisslərinin daha üst səviyyədə olmasına imkan yaradacaq. Azərbaycanda subbakalavr statusunu alan vətəndaşların bakalavr və ya daha üstün səviyyədə hərbi təhsil alması üçün isə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında müəyyən olunan nəticəni əldə etmək lazımdır”.
Vüqar MƏMMƏDOV
Qeyd: Müsahibə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.