“Ermənistanın baş naziri Nikol Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da eyni cümləni işlədərək Ermənistanın dörd kəndi qaytarmayacağı halda Azərbaycanın müharibəyə başlayacağını bildirib. Deyəsən başda Paşinyan olmaqla hökumət üzvləri və parlament sədri qapalı iclasların birində sözləşiblər ki, Ermənistan cəmiyyətini mümkün müharibə ilə qorxutsunlar”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Ermənistanın hökumət üzvlərinin hazırkı açıqlamaları Azərbaycan üçün faydalı təbliğat vasitəsidir.
Politoloqun qənaətincə, əsas sual tarixlə bağlıdır: “Nikol Paşinyan dörd kəndi hansı tarixdə Azərbaycana qaytarmağı planlaşdırır? Bundan öncə Paşinyan müdafiə nazirinə əmr verməlidir ki, ordu bölmələrini həmin kəndlərdən çıxarsın. Bunu həyata keçirməklə bərabər geri çəkildikdən sonra ordu birlikləri Ermənistan ərazisində yeni mövqelər müəyyənləşdirməlidir. Paşinyan bu işləri uzatmamalıdır. Zaman onun əleyhinə işləyir. O, aprelin 5-də Brüsselə gedəcək. Səfərdən əvvəl və ya sonra, ən başlıcası aprel ayında bu məsələ həllini tapmalıdır. Nikol Paşinyanın Kəlbəcər və Ağdamın boşaldılması nümunəsində olduğu kimi, rəsmi Bakıdan dörd kəndi boşaltmaq üçün zaman istəyə biləcəyi də istisna deyil. Kəlbəcərdə ermənilər çıxmalı idilər, Qazaxa bitişik dörd kənddə isə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyanın dörd kəndin qaytarılmasıyla bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır”.
E.Şahinoğlu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlər keçirməsinə də diqqət çəkib. Bildirib ki, Oskanyan baş nazir Nikol Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır: “Oskanyan Paşinyanın bütün addımlarını tənqid edir. Bu baxımdan ABŞ və Avropa ölkələrində Vardan Oskanyanla görüşən rəsmilər kimlərdir? Axı həm Vaşinqton, həm də Brüssel Nikol Paşinyana dəstək verir. Belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı, onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar. Ancaq bu, Rusiyanın təsirindən qurtulmağa çalışan Nikol Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir. Ya da ki, Vardan Oskanyan ABŞ və Avropada aşağı səviyyədə qəbul olunur, onun fikirləri diqqətə alınmır”.
Politoloqun sözlərinə görə, V.Oskanyan müxalifət partiyalarında təmsil olunmayıb, deputat deyil, sadəcə özünün təsis etdiyi fond sədridir: “Böyük ehtimalla fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, içində erməni lobbisinin təmsilçiləri də var, yol və hotellərdə qalma pulunu onlar verir. Nikol Paşinyanın daxili və xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırdığı istisna deyil. Vardan Oskanyan eyni zamanda təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsi ilə məşğuldur. Əgər Nikol Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, Oskanyan kimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Bunlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər mərkəzlər var”.
Lamiyə MİRZƏYEVA