“Qərargahı Vaşinqtonda yerləşən İqtisadiyyat və Sülh İnstitutunun ötən həftə yaydığı “Qlobal terrorizm indeksi” ilə tanış olanlar yəqin ki, var. Ölkəmiz “0” indeksi ilə orada sonuncu, 89-cu yerdədir. Yəni Azərbaycan Danimarka və Finlandiya ilə birgə ən təhlükəsiz ölkə kimi qiymətləndirilib”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
O qeyd edib ki, “qlobal layları tərpədən” Azərbaycan Danimarka və Finlandiyadan fərqli olaraq, heç də dedikləri ilə durub-oturmadığımız böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb coğrafiyada yerləşir.
Millət vəkilinin sözlərinə görə, söhbət həm də o güclərdən gedir ki, dünyaya səs salan bir sıra terrorçu qruplaşmaların yaradılmasında onların kəşfiyyatlarının əli olduğu kimsəyə sirr deyil: “O da sirr deyil ki, qonşuluğumuzdakı bəzi dövlətlərin bəlli strukturları da Azərbaycana qarşı istifadə üçün narkotik qaçaqmalçıları ilə yanaşı, durmadan terrorçu da “yetişdirirlər”. Ötən günlərdə yenə onların bir neçəsi həbs edildi. Bir sözlə, Azərbaycanı təhlükəsiz ölkəyə çevirən onun lideri və güc strukturlarıdır ki, martın 28-də yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri bu baxımdan ön sıradadır. Rəhbərlik başda olmaqla hər iki Xidmətin bütün əməkdaşlarını təbrik edir, işlərində uğurlar arzulayıram! Bizim təhlükəsizliyimiz yolunda şəhid olanları isə minnətdarlıqla anıram!”
Turan ORUC