“Aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü faktiki hərbi ittifaqın yaradılması kimi qəbul edilməlidir. Bu ittifaq erməni revanşizminin güclənməsinə, mövcud olan kövrək sabitliyin və sülhün əleyhinə yönəlib”.
Medianews.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.
O qeyd edib ki, ABŞ və Aİ-nin XXI əsrin tək qalib dövləti olan Azərbaycanın qələbəsini həzm etməməsi, ölkəmizə qarşı birbaşa təsir mexanizmlərinə malik olmaması fonunda öz mənfur məqsədlərini darmadağın orduya malik Ermənistanın vasitəsilə həyata keçirməyə çalışır.
Hərbi ekspertin qənaətincə, yekunda bütün bu fəaliyyətlər Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına, ikinci bir Ukrayna cəbhəsinin yaranmasına gətirib çıxara bilər ki, bunun da nəticələri Ermənistan üçün çox ağır olacaq: “44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlamaqla əllərində olan bütün informasiya resurslarında Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparmağa çalışırdı. Bu məqsədlər üçün Azərbaycanda qanunsuz maliyyələşmə ilə informasiya resursları yaradır və onları gücləndirirdilər. Avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər edərək Azərbaycan ərazilərində ölkəmizə qarşı bəyanatlar səsləndirirdilər. Bu gün Bakıdakı istintaq təcridxanasında ifadə verən və əli dinc sakinlərimizin qanına batan separatçı rejimin üzvlərini dəstəkləyirdilər. Bütün bu fəaliyyətlər nəticəsiz olduğu üçün indi Qərb açıq şəkildə Ermənistanla hərbi ittifaq yaratmağa başlayıb”.
Ə.Verdiyev deyib ki, Ermənistan yarandığı vaxtdan bu günə kimi qlobal güclərin əlində bir vasitə olub: “ABŞ tərəfindən işğalçının dəstəklənməsi prosesi yeni bir məsələ deyil. Bu proses 1992-ci ildə “907-ci düzəliş” ilə başlayıb və bu gün də davam edir. Həmin dövrdə Rusiya hakimiyyəti Ermənistana bir milyard dollarlıq silah-sursat verirdi. ABŞ da Azərbaycana yardımı məhdudlaşdırırdı. Fransa isə həmişə olduğu kimi, Ermənistanı aşkar şəkildə dəstəkləyirdi. İndi Rusiya Ermənistanın “hansı yuvanın quşu olduğunu” anlayıb. Lakin ABŞ və Fransa Azərbaycana, İrana, Rusiyaya və Türkiyəyə qarşı fəaliyyətlərində Ermənistandan aktiv istifadə etmək üçün İrəvan ilə hərbi ittifaq yaradır”.
Hərbi ekspert söyləyib ki, yaxın keçmişdə regiona xarici qüvvələrin gəlişinin “qırmızı xətt” olduğunu bəyan edən İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin davranışaları da təəccüb doğurur: “Mehdi Sübhani ölkəsinin maraqlarını tamamilə unudub və gecə-gündüz Fransanın İrəvandakı səfiri Olivye Dekotini ilə birgə Qərbi, Paşinyan rejimini tərənnüm etməkdən xüsusi zövq alır. Ermənistandan qoşunlarını çıxarmaq barədə hər gün bəyanatlar alan Kreml də regiona ABŞ və Avropa İttifaqı müdaxiləsinə qarşı hələlik səssizdir. ABŞ və Qərbin Yaxın Şərqə, Əfqanıstana, Gürcüstana və Ukraynaya müdaxilələrinin nəticəsi bu gün hamıya yaxşı məlumdur. Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığı regiona kənar qüvvələrin öz maraqları çərçivəsində müdaxiləsinə birbaşa yol açır. Bu əməkdaşlıq əvvəlcə Azərbaycana, sonra isə Rusiya, İran və Türkiyəyə qarşı yönələcək. Odur ki, adıçəkilən ölkələr səylərini birləşdirib Ermənistanın ABŞ və Avropa İttifaqı ilə hərbi ittifaq yaratmasının qarşısını almalıdır. Əks halda regionda böyük təlatümlər, yeni müharibələr qaçılmaz olacaq”.
Lamiyə MİRZƏYEVA