AVRO-2024-ün pley-off raundunun final oyununda Yunanıstana penaltilər seriyasında qalib gələn (4:2) Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. Komanda qitə çempionatında Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Turnir 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək. Gürcüstan millisinin final mərhələsinə vəsiqə qazanması, Azərbaycan yığmasının isə uduzaraq belə bir şansı əldə edə bilməməsi futbol azarkeşləri arasında müzakirələrə yol açıb.
Sosial mediada bununla bağlı paylaşılan statuslarda sual edilir ki, nə üçün Azərbaycanla müqayisədə zəif Gürcüstanda futbol millisi belə uğur əldə edə bilir, amma bizdə bu, alınmır?
Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Natiq Muxtarlı deyib ki, əslində Gürcüstan yığmasının böyük turnirin final mərhələsinə vəsiqə qazanması bir qədər gec olub.
Onun sözlərinə görə, bir qədər təcrübə, bir qədər də inam olsaydı, bunu daha əvvəl bacarardılar: “Çünki Gürcüstan futbolunda uzun illərdir ki, sistemli iş aparılır. Gürcüstan futbolunda iş peşəkarlara tapşırılır, “istedadlı dələduzlar”a yox. Gürcüstan Futbol Federasiyasının büdcəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının büdcəsindən 5 dəfə azdır. Amma gördükləri iş göz qabağındadır. Hələ 2011-ci ildə Gürcüstan Futbol Federasiyasının baş katibindən müsahibə almışdıq “Komanda” qəzeti üçün. O bildirmişdi ki, təkcə federasiyanın bütün Gürcüstanda 150 futbol məktəbi var və bu məktəblərdə olan istedadlı uşaqların durumu haqda məlumatlar hər həftə mənə təqdim olunur. İş, sistem budur. Ona görə də, az qala Avropanın bütün çempionatlarında gürcü futbolçular oynayır”.
N.Muxtarlı qeyd edib ki, Azərbaycanda futbolçu yetişdirmək üçün infrastruktur, kadr yoxdur: “Azərbaycanda dövlət futbola külli miqdarda pul ayırır. Amma bu vəsaiti peşəkarlara yox, “istedadlı dələduzlar”a həvalə edirlər. Onlar da dağıdırlar illərdir bu vəsaiti. Bu da nəticəsi: Gürcüstan yığması Avropa çempionatının final mərhələsinə gedir, Azərbaycan yığması isə Monqolustana zorla qalib gəlməyin sevincini yaşayır. Əmin ola bilərsiniz, növbəti böyük turnirlərdə Ermənistan yığması da olacaq. Artıq onların xeyli futbolçusu Avropanın nəhəng çempionatlarında oynayır. Bir yığmanın gücü onun futbolçularının hansı çempionatlarda oynamasından asılıdır. Əgər sənin futbolçuların güclü çempionatlarda oynayırlarsa, deməli, yığman da güclü olacaq. Bu baxımdan, əminliklə deyə bilərik: yaxın 20 ildə biz Gürcüstan millisinin qazandığı uğur kimi bir nailiyyət görməyəcəyik. Çünki bizdə o səviyyədə futbolçu yoxdur. Azərbaycanda futbolçu yetişdirmək üçün infrastruktur, kadr yoxdur. Heç buna cəhd də edilmir. Əgər bu işə indi başlasalar, 20 ildən sonra nəticəsi olacaq”.
Alpər TURAN