27 mart Azərbaycanda “Elm günü” kimi qeyd edilir. Müasir dövrdə elmin inkişaf istiqamətləri və prioritet sahələri informasiya texnologiyalarının müxtəlif elm sahələrində tətbiqi – nanotexnologiya, süni intellekt, Data Mining və Big Data analitikası problemləri və sairdir.
Dünyamız sürət əsrinin tələblərinə tabe olmaqda davam edir. Texnoloji tərəqqi elmə daha çox fayda versə də, süni intellekt əsrinin insana verdiyi imkanlar artsa da teologiya elmin fəlsəfəsinin təməlində dayanan bir güc kimi onun yolgöstərəni və hərəkətverici qüvvəsi sayılmaqda davam edir. Bu səbəbdən dünya elminə böyük töhfələr vermiş Albert Eynşteynin dini – fəlsəfi baxışlarını oxumaq, təhlil etmək çox faydalı və zəruridir.
Əvvəlcə onu qeyd edək ki, Albert Eynşteyn (1879-1955) Kvant nəzəriyyəsinə verdiyi töhfələrə və fotoelektrik effekt qanununu kəşf etdiyinə görə 1921-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. Eynşteyn müasir fizikanın yaradıcılarından biridir, Nisbilik nəzəriyyəsinin müəllifidir. Dünya mediasına görə (Reuters, dekabr 2000) Eynşteyn “ikinci minilliyin şəxsiyyətidir”. Milliyyətcə alman olan fizika üzrə elmlər doktoru, professor Eynşteyn İsveçrə və ABŞ vətəndaşlığını da əldə edib.
Eynşteynin dini baxışlarını ifadə edən sitatlar ingilis və rus dillərində yayımlandığından onlardan bəzilərini Azərbaycan dilinə tərcümə edərək sizləri tanış etmək istərdik.
“Mən Tanrının dünyanı necə yaratdığını bilmək istəyirəm. Məni bu və ya digər fenomen, elementin spektrdə təzahürü maraqlandırmır. Mən Tanrının fikirlərini bilmək istəyirəm, qalanı təfərrüatdır”. (Ronald Clark, Einstein: The Life and Times, London, Hodder and Stoughton Ltd., 1973, 33).
“Biz özünü müxtəlif dillərdə çoxlu kitabların olduğu nəhəng bir kitabxanada tapan uşaq kimiyik. Uşaq bilir ki, bu kitabları kimsə yazıb, amma necə yazıldığını bilmir, onların yazıldığı dilləri başa düşmür. Uşaq kitabların düzülüşündə hansısa mistik nizamın olmasından qeyri-müəyyən şəkildə şübhələnir, lakin bu nizamın nədən ibarət olduğunu anlaya bilmir. Mənə elə gəlir ki, insanların ən müdrikləri belə, Tanrının qarşısında məhz, belə görünür. Biz Kainatın nizamla qurulduğunu və müəyyən qanunlara tabe olduğunu görürük, lakin bu qanunları anlamaqda çətinlik çəkirik. Bizim məhdud ağlımız Kainatı bərəkətə hərəkətə gətirən sirli gücü dərk edə bilmir.” (Denis Brian, Einstein: A Life, New York, John Wiley and Sons, 1996, 186).
“Əgər Yəhudilik (peyğəmbərlərin təbliğ etdiyi formada) və Xristianlıq (İsa Məsihin təbliğ etdiyi formada) bütün sonrakı əlavələrdən, xüsusən də kahinlər tərəfindən edilən əlavələrdən təmizlənərsə, orda bəşəriyyətin sosial xəstəliklərini islah edən və sağaldan bir təlim qalacaqdır. Və hər bir xoş niyyətli insanın bu dünyada borcu budur ki, bu saf insanlıq təliminin həyata keçirilməsi üçün inadla və var gücü ilə mübarizə aparsın”. (Albert Einstein, Ideas and Opinions, New York, Bonanza Books, 1954, 184-185)
“Axı, hər iki dinin fanatikləri yəhudilik və xristianlıq arasındakı fərqləri qabartmayıblarmı? Biz hamımız Allahın iradəsi ilə yaşayırıq və demək olar ki, eyni mənəvi qabiliyyətləri inkişaf etdiririk. Yəhudi və ya qeyri-yəhudi, qul və ya azad insan, hamımız Allaha məxsusuq”. ( N.G. Garbedian, Albert Einstein: Maker of Universes, New York, Funk and Wagnalls Co., 1939, 267).
“Elmlə ciddi məşğul olan hər kəs başa düşür ki, təbiət qanunlarında insandan qat-qat yüksək olan bir Ruh təzahür edir, o Ruh ki, onun qarşısında məhdud güclərimizlə özümüzü zəif hiss edirik. Bu mənada elmi araşdırmalar, həqiqətən də daha sadəlövh dindarlıqdan bir çox cəhətdən fərqlənən xüsusi növ inanca gətirib çıxarır”. (1936-cı ildə Eynşteynin etdiyi çıxışdan… Dukas və Hoffman, Albert Einstein: The Human Side, Princeton University Press, 1979, 33).
“İnsan təbiətin sirlərinə nə qədər dərindən nüfuz edirsə, Allaha bir o qədər dəyər verir”. ( Brian 1996, 119).
“İnsanın başına gələn ən gözəl və dərin təcrübə mistikanı anlamaq hissidir. O, həqiqi elmin mərkəzində dayanır. Bu hissi yaşamayan, heyrətə qapılmayan hər kəs, demək olar ki, ölüdür. Kainatın anlaşılmazlığında üzə çıxan daha yüksək zəkalı gücün mövcudluğuna olan bu dərin emosional inam mənim Allah haqqında təsəvvürümdür.” (Sitat – Libby Anfinsen 1995).
“Mənim dinim həm də dünya mənzərəsinin ən xırda təfərrüatlarında təzahür edən, bizim yalnız qismən qavradığımız və ağlımızla dərk edə bildiyimiz hədsiz zəkaya qarşı təvazökar bir heyranlıq hissindən ibarətdir”. (1936-cı ildə Eynşteynin çıxışından. Dukas və Hoffmann 1979, 66).
“Dünyanı nə qədər çox öyrənsəm, Allaha olan inamım bir o qədər möhkəmlənir”. (1997-ci ildə Holt).
Maks Jammer (fizika üzrə fəxri professor, “Eynşteyn and din” (2002) bioqrafik kitabının müəllifi), Eynşteynin məşhur “Dinsiz elm axsaq, elmsiz din kordur” ifadəsinin böyük alimin dini fəlsəfəsinin kvintessensiyası olduğunu iddia edir. (Jammer 2002; Einstein 1967, 30).
“Nudeo-xristian dini ənənəsində biz bütün arzularımızı və mühakimələrimizi rəhbər tutmalı olan ən yüksək prinsipləri tapırıq. Bizim zəif gücümüz bu ali məqsədə çatmaq üçün kifayət etmir, lakin o, bizim bütün arzularımızın və dəyərli mühakimələrimizin etibarlı təməlini təşkil edir”. (Albert Eishteyn, Out of My Later Years, New Jersey, Littlefield, Adams and Co., 1967, 27).
“Mənim məhdud ağlımla hələ də qavramaqda çətinlik çəkdiyim kosmosun bütün harmoniyasına baxmayaraq, Tanrının olmadığını iddia edənlər də var. Amma məni ən çox qıcıqlandıran odur ki, onlar öz fikirlərini dəstəkləmək üçün məndən sitat gətirirlər”. (Clark 1973, 400, Jal , 2002, 97).
Eynşteyn fanatik ateistlər haqqında yazırdı: “Fanatik ateistlər də var ki, onların dözümsüzlüyü eyni mənbədən qaynaqlanan dini fanatiklərin dözümsüzlüyünə bənzəyir. Onlar ağır mübarizədən sonra dəyərini itirmiş və atılmış qullara bənzəyirlər. Onlar “xalqların opiumuna” üsyan edirlər, kürələrin musiqisi onlar üçün dözülməzdir. Təbiətin möcüzələri insan əxlaqı və məqsədləri ilə ölçülməsindən. (Mach Jammer, Einstein and Religion: Physics and Theology, Princeton University Press, 2002, 97-dən sitat gətirilmişdir).
“Həqiqi din sidq ürəkli, mərhəmətli va sədaqətli ömrün haqqa təslimiyyətidir. (Qarbedian 1939, 267-də sitat gətirilmişdir).
“Elmin bütün ən böyük nailiyyətlərinin arxasında dünyanın məntiqi harmoniyasına və dərk edilməsinə inam, dini əlaqəyə oxşar bir etiqad dayanır…Bu kainatın əlçatmazlığına aparan yolda daha yüksək ali gücün mövcudluğuna dərin emosional inamım, mənim Allah haqqında fikirlərimdir” (Einstein 1973, 255).
“Güclü zehni fəaliyyət və Allahın Təbiətinin öyrənilməsi mənə bu həyatın bütün çətinlikləri ilə barışmaz edən, məni xilas edən, mənə təsəlli və güc verən mələklərdir” (Sitat: Calaprice 2000, 1-ci hissə).
Eynşteynin Amerikanın “The Saturday Evening Post” jurnalına verdiyi müsahibədə İsa Məsih haqqında fikirləri (The Saturday Evening Post, 26 oktyabr 1929-cu il):
– Xristianlığın sizə təsiri necə olub?
– Uşaq vaxtı həm İncil, həm də Talmudu öyrənmişəm. Mən yəhudiyəm, amma Nazarenenin parlaq şəxsiyyəti məni valeh edir.
– Emil Lüdviqin İsa haqqında yazdığı kitabı oxumusunuz?
-Emil Lüdviqin İsa portreti həddindən artıq səthidir. İsa o qədər böyükdür ki, onu bəzəkli cümlələrlə ifadə etmək olmaz. bacarıqlıların qələminə meydan oxuyur. Xristianlığı bir kəlmə ilə rədd etmək olmaz.
– Tarixi İsaya inanırsınız?
– Əlbəttə! İsanı oxumamaq olmaz… şəxsiyyətin gücünü hər sözdə hiss etmək olur.
Topladı və tərcümə etdi: Surə SEYİD
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan