İngiltərənin paytaxtı Londonda polis məmuru 45 yaşlı italyan kinorejissor Klaudio Qaetaninin cəsədini talamaqda ittiham olunur.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı cinayət işi açılıb.
2022-ci ilin sentyabrında Londonda velosiped sürərkən ölümcül infarkt keçirən kinorejissor teatr festivalında iştirak etmək üçün bir gün əvvəl İtaliyadan Londona gəlibmiş.
Qaetaninin ailəsi hava limanında dəyişdirdiyi 1700 funt-sterlinq və qiymətli şəxsi əşyalar itdiyi üçün polisə ərizə yazıb.
Bir polis məmurun hadisə yerində deyilən pulu saydığı iddia edilib.
2022-ci ilin oktyabrında edilən şikayət Müstəqil Polis Davranışı İdarəsinə göndərilib. 2023-cü ilin iyununda bu işə qarışan iki zabitdən biri vəzifəsindən uzaqlaşdırılıb.
Qaetaninin adı açıqlanmayan yaxın dostu deyib:
“Problem pulda deyil. Klaudio çox varlı ailədəndir. Biz hələ də bu şikayəti pula görə yox, forma geyinmiş insanların bir növ təhlükəsizliyi təmin etmək əvəzinə qarətlə məşğul olduğu üçün edirik. Hesab edirəm ki, edilənlər həqiqətən hörmətsizlik idi. Çox təəssüf edirəm”.
Kral Prokurorluğunun məsələ ilə bağlı tezliklə qərar verəcəyi gözlənilir.