Dünyaca məşhur yazıçı Onere de Balzak (1799-1850) əslində dünyaya gəlməməli idi. Belə ki, 1 il əvvəl həmin ailədə təxminən 1 yaşındakı Onere adlı oğlan uşağı xəstəlikdən ölür. Ata-ananın planına görə, bu onların axırıncı övladları olmalıydı. Uşaq öldüyündən, bu qərara gəlirlər ki, bir uşaqları da olsun və məhz onun da adını Onere qoysunlar. Beləliklə, XİX əsrin ən nəhəng yazıçılarından biri dünyaya təşrif buyurmalı olur.
Qayğı ilə bəslənib-böyüyən bu toppuş uşaq 1-ci sinfə gedəndə hərfləri öyrənmək istəmir və çox pis oxuyur. Atası onu məktəbdən çıxarmalı olur və donuzlara qulluq eləməyə məcbur edir. Neçə illər donuzlara qulluq edən O.Balzak bu işdən təngə gəlir. Həmişə yaxşı pul qazanmaq haqqında düşünür və bunun yolunu tapa bilmir. Bir dəfə atasının naşir dostu onlarda qonaq olanda, naşirin söhbəti ona çox maraqlı gəlir. Naşir deyir ki, bir yazıçı povest yazıb, onun bu povestini nəşr eləmişəm və kitabın satışından mən də əməlli qazanmışam, müəllif də.
Onere cəld söhbətə müdaxilə edib, o povestin nəmənə şey olduğunu göstərməyi naşir əmidən xahiş edir. Naşir əl çantasından həmin kitabdan birini çıxarıb ona verir. Kitabı maraqla o yan-bu yana vərəqləyən Onere, bir həftəyə hərfləri valideynlərin köməkliyilə öyrənir və hərisliklə bu pul qazandıran əsəri oxuyur. Oxuyub qurtarandan sonra, təəcüblə soruşur ki, insanlar belə şeyə çoxlu pul verirlər? Belə bir əsəri yazmağa nə var ki. Bunu yazmaq çox asan işdir ki. Növbəti dəfə naşir əmi gələndə, soruşur ki, belə bir əsər yazsa, çap edərmi? Atası və naşir əmisi ona xeyli gülürlər. Beləliklə yazıçılıq başlayır, özü də necə başlayır…
Onere de Balzak – Avropa realist ədəbiyyatının zirvəsi, fövqəladə dəyərə və həcmə malik zəngin bədii irs sahibi, 92 roman və novella müəllifidir. O, hər gün 50 fincan kofe içər, yatmamaq üçün ayaqlarını soyuq su vannasına qoyaraq, bəzən dayanmadan 48 saat yazarmış. 50 yaşınadək əsərlərinin nəşrindən elə də çox qazanmamış və həmişə borc içində yaşamışdır. Balzak, çox yazmağının bir səbəbini də borclarını və kirayə pulunu ödəyə bilmək üçün etdiyini söyləyərmiş.
Ömür boyu kirayədə yaşamış, həmişə birinci mərtəbədən ev kirayələmişdir. Bunun səbəbini kök olması, həm də kirayə pulunu verə bilməyəndə, kirayənişin qapını döyəndə, arxa pəncərədən düşüb qaçmaq asan olsun deyə etdiyini dostlarına deyərmiş. 50 yaşına çatanda məşhürlaşmağa başlamış, 51 yaşında evlənmiş, evlənəndən yarim il sonra vəfat etmişdir. “İncəsənət də dindir, onun da kahinləri var, təbii ki, şəhidləri də olmalıdır”, – bu, onun sözüdür.
Onere de Balzak dünyanın ən çox məşhurlaşmış 100 insanından biri hesab olunur.
Medianews.az üçün hazırladı: Mahir BAYRAMOV