Ötən gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Medianews.az xəbər verir ki, “Kəndimizin həsrətindən qıçamın bir tərəfi qurudu” adlı veriliş Zəngəzur mahalının Qafan rayonunun Kurud kənd sakini Rəhilə Bəndəliyevanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlığının maraqlı keçdiyini, 8-10 yaşlarında nənəsi ilə yaylaqlara, təsərrüfata getdiyini, 1970-ci ildə Bakıya köçdüklərini söyləyib: “Anamın ayaqları ağrıyırdı. Həkim o vaxt demişdi ki, ona dəniz kənarı lazımdı. Gəldik Bakıda üzümçülük sovxozunda məskunlaşdıq”.
Onun sözlərinə görə, 1976-cı ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olub: “Bizim kəndimiz balaca kənd idi. Evimiz 2 mərtəbəli idi. O vaxt biz köçəndən sonra orada bibilərim yaşadı. 1965-ci ildə kəndimizdə orta məktəbin 1-ci sinfinə getmişəm. Orada 5 il oxumuşam. İkinci sinifdə nəğmə dərslərində, dərnəklərdə “Arşın mal alan”dan mahnılar, musiqilər ifa edirdim”.
R.Bəndəliyeva Bakıya köçəndən sonra kəndin həsrətindən xəstə düşdüyünü bildirib: “Qıçamın bir tərəfi qurudu. 6-cı sinfi Xəzər rayonunun Binə qəsəbəsində oxudum. Atam məni öz evimizə apardı. Orada sinirlərim bir az sakitləşdi. Gələndən sonra daha ağrılarım olmadı. Ancaq hər yay, ta 1988-ci ilə qədər biz ora gedib gəlirdik. O illər mənim heç vaxt yadımdan çıxmaz. Çox istəyərdim nənəmin məzarını görüm”.
O, qaçqınlıq illərindən də söz açıb: “1988-ci il idi. Qafanın katibi erməni idi. Bizim sovxozun direktoruna zəng edir ki, camaatı çıxardın. Camaatı gecə ilə çıxardılar. Sonra onların böyükləri İrəvanda biliblər ki, bu katib azərbaycanlılara kömək edib.
Onu azərbaycanlılara kömək etdiyi üçün işdən çıxardılar, işgəncə verdilər, uşaqlarını İrəvanda institutdan qovdular. Yəni ermənilər həmin gecə camaatı qırmaq istəyirmişlər”.
Vətən həsrətinin çətin olduğunu deyən R.Bəndəliyeva 44 gündə Qarabağı bizə qaytaran Prezidentimiz İlham Əliyevin sayəsində Zəngəzura, Göyçəyə qayıdacağımıza əminliyini vurğulayıb: “Vətəni kim sevməz ki?! Arxaya baxıram Vətəndi, qabağa gedirəm Vətəndi. Hara baxsan Vətəndi. Çox əminəm ki, Vətənimizə qayıdacağıq. İnşallah, Zəngəzurumuz da, Göyçəmiz də, Vedibasarımız da, Zəngibasarımız da, yəni bütöv Qərbi Azərbaycan bizim olacaq”.