Abşeron rayonu Masazır qəsəbəsinin bir qrup sakini Medianews.az-a müraciət edərək, övladlarının təhsil aldığı 6 nömrəli məktəbin qarşısında sahibsiz itlərin məskən salmasından, məktəblilərin həyatı üçün böyük təhlükə yaranmasından, aidiyyəti qurumların isə buna laqeyd yanaşmasından şikayətləniblər.
Redaksiyamıza foto və video görüntüləri də yollayan sakinlər bildiriblər ki, ərazidəki sahibsiz itlər dəfələrlə böyüklərə və uşaqlara hücum edib. Son vaxtlar itlərin sayı çoxaldığından 6 nömrəli məktəbin həndəvərində də sürü ilə məskən saldıqları müşahidə olunub.
Bir müddət əvvəl paytaxtın Qaradağ rayonu “Qobu Park” yaşayış massivində 9 yaşlı məktəblinin sahibsiz itlərin hücumuna məruz qalmasını, uşağın ağır vəziyyətdə xəstəxanaya çatdırılmasını xatırladan Masazır sakinləri övladlarının da eyni aqibəti yaşamasından narahatlıqlarını ifadə ediblər.
Vətəndaşlar iddia ediblər ki, problemlə bağlı təhsil müəssisəsinin rəhbərliyinə, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına dəfələrlə şifahi müraciət edilsə də hər hansı tədbir görülməyib.
Şikayətlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov Medianews.az-a bildirdi ki, rayon ərazisindəki sahibsiz itlərin yaratdığı problemlərdən məlumatlıdırlar. Onun sözlərinə görə, bu problemin həll etmək məqsədilə rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacaq tikilməsi qərarı verilib. İcra məmuru dedi ki, hazırda bu sığınacağın tikilməsi üçün sənədləşdirmə, layihələndirmə işləri aparılır.
Mövzu ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin də mövqeyini öyrənmək istədik. İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova bildirdi ki, Xırdalan şəhərinin və Masazır qəsəbəsinin ərazisindəki məktəblərin yaxınlığında sahibsiz itlərin çoxalması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilib. O, Masazırdakı 6 nömrəli məktəbin yaxınlığında sahibsiz itlərin məskən salması ilə əlaqədar da araşdırılma aparılacağını, müvafiq qurumların təkrar məlumatlandırılacağını söylədi.
Lamiyə MİRZƏYEVA