Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə bildirib ki, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur. Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və sair daxildir. Administrasiya rəsmisi vurğulayıb ki, çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. R.Qasımovun qənaətincə, xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. O qeyd edib ki, qohum evliliklərinin sayı artarsa, bu, genefondumuza və gələcəyimizə təsir edəcək. Administrasiya rəsmisi məsələnin kifayət qədər ciddi olduğunu və bununla bağlı dövlətin hərəkətə keçməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanda qohum evliliklərinin qadağan olunmasına ehtiyac varmı? Qohum evliliklərinin tibbi, sosial fəsadlarını qeyd etdilər. Bəs bu evliliklərin hansısa psixoloji fəsadları da varmı? İslamda qohum evliliyinə münasibət necədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova bildirib ki, Azərbaycan dövlətinin sosial siyasətində sağlam ailələrin, gənclərin yetişdirilməsi və tərbiyə olunması prioritet istiqamətlərdən birini təşkil edir.
Millət vəkilinin sözlərinə görə, bu baxımdan ölkəmizdə qohum nikahların artan statistikası dövlətin də həyəcan təbili çalmasına səbəb olub: “Bir neçə gün bundan öncə keçirilən ictimai dinləmə də dövlətin bu məsələyə adekvat münasibətindən irəli gəlir. Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu xəstəliklərin artmasında qohum evliliklərinin çox böyük təsiri var. Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəsidir. Ümumiyyətlə, praktika göstərir ki, yaxın qohumların evliliyindən doğulan uşaqların böyük hissəsi hansısa xəstəlikdən əziyyət çəkir. Elə ailə var ki, bir yox, bütün uşaqları genetik xəstəliklə doğulur. Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur”.
Deputat deyib ki, bu məsələdə cəmiyyətin mövzuya mental baxımdan yanaşmasına da diqqət edilməlidir: “Bu cür ailələr adətən, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının məhdudiyyətli olması riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risk 2 dəfə artır. Aparılan müzakirələr, elmi araşdırmalar, statistika onu deməyə əsas verir ki, bu məsələdə köklü dəyişikliklərin edilməsinə ciddi ehtiyac var. Əlbəttə, burada qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi barədə müzakirələrin aparılması təbiidir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar öz əksini tapıb. Burada birinci dərəcəli qohumlar arasında nikah qanunla qadağan edilib. Yaxşı olar ki, ikinci, üçüncü dərəcəli qohumlar, yəni bu siyahıya əmi, bibi, xala və dayı uşaqlarını da əlavə etsinlər. Çünki, qohum evliliklərinin yaratdığı fəsadlar nəticəsində xəstə və əlilliyi olan uşaqlar dünyaya gəlir. Bu cür xəstə doğulan uşaqların həm özləri, həm də ailələri böyük mənəvi və sosial iztirablar çəkirlər. Bu, genefondumuza və gələcəyimizə ciddi təsir edəcək faktordur”.
T.Cəfərova söyləyib ki, bu problemi köklü şəkildə aradan qaldırmaq, sağlam nəsillərin böyüməsi üçün ilk növbədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə ciddi ehtiyac var. Millət vəkilinin qənaətincə, insanların çoxu qohum nikahların fəsadları barədə məlumatlı deyillər və bu haqda alimlərin, həkimlərin dediklərinə də qulaq asmırlar: “Bunun necə fəsadlara səbəb olduğunu sadəcə başına gələn ailələr yaxşı bilir. Bu məsələnin həlli üçün cəmiyyətin özü buna hazır olmalıdır. Təəssüf ki, qohum nikahları Azərbaycan cəmiyyətində “daşlaşmış” ənənələrdəndir. Bu ənənənin ləğv olunması və cəmiyyətin bunu müsbət qəbul etməsi üçün ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var. Əlbəttə hamımız istəyirik ki, belə evliliklərə son qoyulsun. Çünki, belə evliliklərin ən böyük fəsadı sağlamlığı məhdud uşaqların dünyaya gəlməsidir. Qohum evlilikləri gələcək nəsillərin sağlamlığı üçün böyük bir risk doğurur. Gələcək nəsillərin sağlam olması üçün dövlət və cəmiyyət qarşılıqlı olaraq, müvafiq addımları atmalıdır. Əminliklə deyə bilərik ki, dövlətimiz sağlam ailələrin, sağlam nəsillərin formalaşması üçün bütün tədbirləri görəcək”.
Psixoloq Samirə Bağırova da Medianews.az-a açıqlamasında qeyd edib ki, qohum nikahları birmənalı qadağan olunmalıdır: “Birmənalı şəkildə qadağan olunmalıdır. Biz keçmiş əsrlərdə yaşamırıq ki, əvvəlki kimi qız tapmaq üçün faytonla, yaxud piyada məsafələr qət edilir deyə, elə yaxınlığında kim varsa ona üstünlük verilsin. Ümumiyyətlə, bibi oğlu, xala oğlu, dayı qızı, əmi qızı olanlar uşaqlıqdan bacı – qardaş kimi böyüdülürlərsə, gələcəkdə bu qohumların bir-birinə cinsi istəyi necə yarana bilər? Evlilik yataqsız keçmir də hər halda. Namusdan, qeyrətdən mentalitetdən dəm vurub, sonra da dönüb qohumla evlənmək absurd görünür. İstər yaxın, istərsə də uzaq qohum evliliklərin böyük əksəriyyətində sonradan qohumlar arasında münasibətlər ya düşmənçilik səviyyəsinə çatır, ya da uşaqlar fiziki, əqli məhdudiyyətli doğulurlar. Üstəlik, qohumdur deyib boşana bilməyən cütlüklər var. Təsəvvür edin, boşanmağı sığorta altına almaqdan ötrü, bütün nəsli bir-birilə evləndirən böyüklər var. Belə halda bir cütlük boşanarsa, bütün qohumluq sisteminin pozulma ehtimalı böyük olur”.
Psixoloq vurğulayıb ki, qohumluq əlaqəsinə görə boşana bilməyən cütlüklərin övladları psixoloji baxımdan zədəli olurlar: “Qohumdur deyib boşana bilməyən cütlüklər dözülməz şərtlər altında olsa belə, məcburən bir yerdə yaşamağa davam edirlər. Belə ailələrdə uşaqların psixikası zədəli olur. Hətta bəzi qohum valideynlər var ki, uşağının psixi pozuntularını, əqli çatışmazlığını heç hiss edə bilmir. Bir çox hallarda da məcbur evləndirilmiş qohum çütlüklər bir-birinə xəyanət edirlər. Çünki kişi qohum arvadını anasının gəlini, uşağının anası, bacısı və sair belə rolda görür, yalnız bir tək özünə görə seksual qadın kimi görə bilmir. Şüuraltında uşaqlıq xatirələrinin doğmalığı yatır. Uşaqlıqdakı bacı-qardaşlıq hissi onu tərk etməyib. Özünüz düşünün, uşaq vaxtından o sənin bacındır, ya qardaşındır bir yerdə oynayın, bacını qoru deyib onları böyüdən valideyn sonra get onunla evlən deyir. Bəs hara getdi qeyrət?”
İlahiyyatçı-alim Elvüsal Məmmədov isə Medianews.az-a bildirib ki, Azərbaycanda qohum evliliklərinin qadağan edilməsinə ehtiyac yoxdur. Onun fikrincə, tibbi nöqteyi-nəzərdən bu kimi evliliklərin heç də hər zaman zərərli olduğu sübut edilməyib: “İslam dinində qohumlar arasında evliliyə nə təşviq mövcuddur, nə də qadağa. Ümumiyyətlə, bu məsələdə yekun söz tibbə, elmə məxsusdur. Əgər bir nəsildə irsi, genetik xəstəliklər mövcuddursa, belə olan halda həmin nəslin nümayəndələrinin bir-birilə evləndirilməsinə İslam qadağa qoyur. Tibb elmi də göstərir ki, bu cür evliliklər məhdudiyyətli, əlilliyi olan uşaqların dünyaya gəlməsi ilə nəticələnir. Lakin mümkündür ki, misal üçün, hansısa rayonda və ya kənddə məlum bir genetik xəstəlik yayılsın. Amma o kənddə olan hansısa bir nəsildə belə bir xəstəlik ümumiyyətlə olmasın. Belə olan halda bir-birindən uzaq şəxslərin evliliyindənsə, qohumlar arası evlilik daha səmərəli görünür. Yaxud elə nəsil ola bilər ki, orada uşaqlar genetik olaraq, ağıllı, savadlı, gözəl və uzunömürlüdürlər. Belə bir halda da həmin nəslin nümayəndələrinin evliliyi belə gözəl genetik xüsusiyyətlərin irsən ötürülməsinə səbəb olacaqdır”.
Sonda onu da xatırladaq ki, Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, qohum hesab edilən şəxslər arasında Azərbaycanda qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə 2 542 olub. Belə nikahların pozulmasının sayı 2021-ci ildə 204, 2022-ci ildə isə 608 olub. Ölkə üzrə ən çox qohum nikahları Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
Ərtürk İSMAYIL
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.