Son illər istər qlobal, istərsə də yerli əmək bazarında yeni texnologiyaların təsirləri hiss olunur və ciddi narahatlıq doğurur. Bunun təsirini heç bir təhsili, peşəsi, bacarığı olmayanlar daha çox hiss edir və edəcəklər. Digər narahatlıq doğuran mərhələ süni intellektin insan zəkasını hansı dərəcədə əvəz edərək əmək bazarından kənarlaşdıra bilməsidir. Mütəxəssislər hesab edirlər ki, texnologiyalardan istifadə həm də yeni iş yerləri yaradır. Bu isə yaranacağı ehtimal olunan iş yerlərinə dair tələblərin müəyyən olunmasını, onlar üçün ixtisaslı kadrların vaxtında hazırlanmasını vacib edir. Bəs Azərbaycanın ali təhsil müəssisələri zamanın və əmək bazarının tələbinə nə dərəcədə cavab verir? Qarşılıqlı münasibətlərin qurulmasında hansı əngəllər var? Medianews.az-ın bu və digər suallarını ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev cavablandırıb.
– Adil müəllim, bu gün əmək bazarı ilə təhsil müəssisələrinin tədris etdiyi ixtisaslarla bağlı araşdırmalar nələri göstərir? Mövcud olan karyera mərkəzləri tələbləri qarşılaya bilirmi?
– Təəssüf ki, istər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, istərsə də Elm və Təhsil Nazirliyi tərəfindən tələb olunanda bəzi qurumlar göstəriş üçün yaradılır. Ona görə də onların effektivliyi istədiyimiz səviyyədə olmur. Məsələn, mənim çalışdığım Bakı Mühəndislik Universitetində Müəssisələrlə əlaqələr və karyera departamenti fəaliyyət göstərir. İllərdir bu departament tələbələr və məzunlarla işləyir. Əsas məqsədimiz odur ki, tələbələr məzun olmamış biz onlara müəyyən məqamları – işə müraciət forması, CV hazırlamaq, iş görüşünə gedərkən diqqət edilməli olan detalları öyrədək. Düşünürük ki, məzun olduqdan sonra onlar bir az daha rahat olsunlar. Məzun olduqdan sonra da daim onlarla məlumatları paylaşırıq, işlə təmin edilmələrinə dəstək olmağa çalışırıq. Əmək bazarının araşdırılması və ixtisasların ona uyğunlaşdırılmasına gəlincə, Azərbaycanda belə bir deyim olsa da reallıqda heç nə yoxdur. Biz universitetlərdəki ixtisasların siyahısına baxanda bunun şahidi oluruq. Hazırda universitetlərin 70 faizində tədris edilən ixtisasların təxminən 60-70 faizi əmək bazarının tələbinə uyğun deyil. Çünki əmək bazarı tamam fərqli ixtisaslardan olan mütəxəssisləri tələb edir, universitetlər isə illərlə davam edən siyahılardakı ixtisasları tədris edir. Universitet düşünür ki, mənim yerim dolsun, buna uyğun büdcəmə pul gəlsin, maddi təminatım yüksək olsun, öz əməkdaşlarımın əməkhaqları, digər xərcləri ödəyim, bir çətinliyim olmasın. Amma bunun acısını da məzunlar çəkir. Çünki ali təhsili bitirdikdən sonra ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər.
– Bu gün əmək bazarında daha çox hansı ixtisaslara tələb var? Universitet hansı mərhələyə qədər təmin edə bilir?
– Bizdə dövlət məktəbləri var. Ancaq abituriyentlər bir qayda olaraq ali məktəbə qəbul olmaq üçün repetitor xidmətindən yararlanırlar. Bu proses eynilə universitetlərdə də davam edir. Biz adətən bu problemin kökünü məktəbdə görürük. Ancaq məktəbdə həll olunmayan problem universitetə də sirayət edir. Abituriyentlərin 10-15 faizinin ali təhsillə bağlı planları, hədəfləri olur. Ona görə də konkret istisas seçərək hədəfinə çatmağa çalışırlar. Abituriyentlərin bir çoxu istisas seçimi edərkən düşünmürlər ki, sabah nə olacaq. Sadəcə universitetə qəbul olmaq istəyirlər. Və onlar gəlib ali məktəbdə hər hansı istisasda təhsil alarkən burada da istədikləri nəticəni əldə edə bilmirlər. Sözsüz ki, yenə əlavə kurslara üz tuturlar. Eyni zamanda işəgötürənlərin tələbələrinə uyğunlaşmağa çalışırlar. Məsələn, mühasibatlıq istisasını bitirən məzun hər hansı beynəlxalq və ya yerli şirkətdə işləmək üçün yenidən beynəlxalq imtahana girib sertifikat almalıdır. Yalnız bununla o, savadlı olduğunu göstərə bilər. Bu o deməkdir ki, istər dövlət müəssisələri, istərsə də beynəlxalq şirkətlər ali məktəb diplomumuzu qəbul etmir, tanımır. Bunun özü faciəvi haldır, ciddi problemdir.
– O zaman həmin tələbənin universitetdə 4 il vaxt itirməsinə nə lüzum var?
– Bəli. Gənc 4 il vaxt itirməkdənsə, 1-1,5 il kursa gedib mühasibatlıqla bağlı nəzəriyyəni, bəzi praktiki məqamları öyrənə bilər. Onun əsasında da sertifikat alıb işə qəbul oluna bilər. Sadalanan məsələlərlə bağlı biz müəyyən araşdırmaları edirik. Nəticələri Elm və Təhsil Nazirliyinə də ötürürük. Ya görüşəndə məlumat veririk, ya da hər hansı bir yazışma üsulu ilə məlumatları Elm və Təhsil Nazirliyinə, eləcə də Dövlət İmtahan Mərkəzinə (DİM) bildiririk. Düzdür, DİM-in bu işdə o qədər rolu yoxdur, çünki onlar, əsasən, imtahan keçirirlər. Ali təhsil müəssislərinin əmək bazarına uyğunlaşdırılmasının birdən-birə həll olunması da demək olar ki, qeyri- mümkündür. Çünki yeni ixtisas tədris etmək üçün bizə həmin sahəni yaxşı bilən, müasir düşüncəli mütəxəssislər lazımdır. Onlar əsasən xaricdə təhsil alan şəxslərdir. Həmin mütəxəssisləri Azərbaycana qaytarmaq üçün yüksək təminat verməliyik. O adamın burada problemi olmamalıdır ki, keyfiyyətli tədrisi həyata keçirə, biliyini, bacarığını özündən sonrakılarla paylaşa bilsin. Əks təqdirdə, biz nə qədər təklif versək də, onu həyata keçirə bilməyəcəklər. Çünki yeni mütəxəssislərimiz yoxdur. Məsələn, deyək ki, biotexnologiya ixtisası əslində çox gözəl bir sahədir. Amma onu tədris edəcək mütəxəssis yoxdur. Bu gün öyrədilən maliyyə, mühasibatlıq kimi ixtisaslar Avropa ölkələrində artıq yenilənib. Hazırda Azərbaycanda öyrədilən bu ixtisasın içərisi dəyişilməsə, bir müddət sonra işə yaramayacaq. Məzunlar da işsiz qalacaqlar. Bu, başqa ixtisaslara da aiddir. Bütün ixtisaslar ya yenilənməlidir, ya aradan qalxmalıdır. Başqa yol yoxdur.
– Universitetlər özləri bu yeniləmələri edə bilərmi?
– Xeyr, ali təhsil müəssisələri özləri edə bilmir. Universitet özü müəyyən proqram hazırlayır, onu daha sonra nazirliyə yönləndirir və ondan sonrakı proseslər baş verir. Artıq universitet sənədin təsdiq edilmədiyini gözləməlidir. Belə deyək ki, universitetin bir çox məsələlərdə müstəqilliyi yoxdur. Universitet özü müstəqil tələbə qəbul etməlidir, məzun verməlidir, özü tutaq ki, müəssisələrə əlaqə qurmalıdır, bunun üçün xüsusi mərkəzlər ola bilər və sair.
– Sizcə universitetlər bu işləri özləri müstəqil şəkildə həyata keçirsələr əmək bazarının tələblərinə daha çevik alışacaqlar?
– Mən düşünürəm ki, qəbul universitetlərə verilməsə, daha yaxşı olar. Çünki fikirləşirəm ki, indiki halda qəbul əgər universitetlərin özünə verilsə, burada şəffaflıq sual altına düşəcək. Mən hətta düşünürəm ki, DİM həqiqətən çox şəffaf bir şəkildə bu imtahanı keçirdiyi üçün hətta məsələn, sertifikasiya və yaxud Elm və Təhsil Nazirliyinə aid olan digər imtahanları da DİM keçirə bilər. Çünki orada imtahanlar demək olar ki, qüsursuz şəkildə keçirilir. Əgər bölgülər bu şəkildə olarsa, bəzi cavabını tapa bilmədiyimiz suallara əslində cavab tapmış olarıq. Qəbul imtahanını, ümumiyyətlə, imtahanla bağlı heç bir şeyi Elm və Təhsil Nazirliyi keçirməsə daha yaxşı olar. Çünki işləri həddindən artıq çoxdur və məsuliyyəti böyük olan işlərdən biri də imtahan olduğu üçün bu işə də çox enerji sərf edəcəklər. Bu proses DİM-də olsa daha rahat olar.
– Niyə məhz DİM-də? Qəbul imtahanını universitet özü keçirə bilməzmi? Axı xaricdə bununla bağlı təcrübələr də mövcuddur.
– Hazırda Azərbaycanda özəl və dövlət universitetləri fəaliyyət göstərir. Elm və təhsil naziri bu günlərdə elan etdi ki, “Naxçıvan” Universiteti bağlanır. Mən düşünürəm ki, ixtisas seçimində valideynlərə və yaxud abituriyentlərə hər hansı yaxşı özəl universitetin bağlanmaması ilə bağlı qarantiya verə bilməyəcəm. Mən əminliklə onu deyə bilmərəm ki, özəl universitetləri seçə bilərsiniz. Ona görə universitetlərin özünün də qəbul keçirməyi mən düşünürəm ki, bəzi məsələləri sual altına sala bilər.
– Ümumiyyətlə, buna nail olmaq üçün nə çatmır? Siz niyə belə düşünürsüz ki, ali məktəblərin müstəqil formada tələbə qəbul etməsi sual altındadır? Sizin fikrincə, ötən 30 ildən artıq bir müddətdə bu məsələ həll olunmayıb?
– Bunun üçün müəyyən zaman keçməlidir ki, hazırkı yenilikləri hər kəs qəbul edə bilsin. Düşünürəm ki, bu şəffaflıq məsələsi hələ də həll olunmayıb. Hazırda mən görürəm ki, məsələn, gənclərə, yeni fikirlərə yer verilmir. Tutaq ki, bir nəfər maraqlı bir çıxış edir, hansısa məsələnin həll yolunu açıqlayır. Ancaq çox adam bunu tamam başqa istiqamətlərə yönləndirərək qaralayırlar. Bu məsələni ötən həftə elm və təhsil naziri Emin Əmrullayev də AMEA-dakı çıxışında vurğulamışdı. Bildirdi ki, gənc alimlərin arxa sırada, yaşlıların öndə oturduğunu müşahidə edib və bunun reallıqda da elə olduğunu görürük. Reallıqda həqiqətən də belədi. Yaşlı adamlar, gənclərə yol vermir, dəstək də olmurlar. Bizim ən problemli tərəfimiz də məhz budur.
– Əmək bazarı ilə təhsilin sinerjisini yaratmaq üçün nə etmək lazımdır?
– Əslində, bəzi fikirləri açıqladım. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində karyera mərkəzləri var. Əgər bu mərkəzlər istər yeni ixtisasların açılması, istərsə də mövcud ixtisasların inkişaf etdirilməsi istiqamətində universitetlərlə birgə çalışarsa, artıq əmək bazarı və universitetlərin demək olar ki, ortaq problemi aradan qaldırılacaq. Çünki əsas məsələ ixtisaslar və onların bazarın tələbinə cavab verib-verməməsini müəyyən etməkdir. Bundan sonra düşünürəm ki, həm tələbələr, həm də məzunlar üçün ixtisas seçimi və iş tapmaq bir az daha rahat olar.
– Bəs ixtisas seçimində hansı çətinlik mövcuddur?
– Mən 10 ildən artıqdır ixtisas seçimi ilə bağlı abituriyentlərə məsləhətlər verirəm. Bu müddət ərzində ən çox bizim rastlaşdığımız problem valideynin ixtisas seçiminə müdaxilə etməsidir. Çünki çox zaman onlar düşünürlər ki, uşağın yerinə doğru qərar verə biləcək kəslər məhz valideynlərdir. Düzdür, bununla qismən razıyam, amma bu, yalnız araşdırmanı edən valideynlərə aiddir. Yəni, məsələn, qonşunun oğlu, qonşunun qızı filan yerə qəbul oldu, iş tapıb işləyir, yaxud da kiminləsə bəhs eləmək və sair bu kimi nüanslara üstünlük verib ixtisas seçiminə müdaxilə edən valideynlər gənclər üçün problem yaradırlar. Amma kimsə məsləhət üçün gəlirsə, sözsüz ki, o zaman biz onun ixtisas qrupunu müəyyən etməyə köməklik göstəririk. Bir nəfər minimum dörd il müddətində təhsil alır, həmin müddət boşuna xərclənməməlidir. Dörd il böyük bir zamandır, bir var ixtisasını doğru seçəsən, o ixtisası dörd il oxuyasan. Bir də var, dörd ildən sonra sən biləsən ki, sənin əsl istiqamətin oxuduğun ixtisas deyil, fərqli istiqamətdir. Bu, böyük bir itkidir. Mən həmişə həm abituriyentlərlə, həm də valideynlə ayrı-ayrılıqda danışıram. Bundan sonra artıq doğru qərar vermək məqamına gələndə onlara izah edirəm ki, əslində siz bu istiqamətdə getsəniz daha faydalı olar.
– Əmək bazarının tələbini nəzərə alaraq, siz daha çox hansı ixtisasları məsləhət görürsünüz?
– Bu amillər ixtisas qruplarına görə dəyişir. Məsələn, hazırda bizim tərcüməçilik ixtisaslarına o qədər də ehtiyacımız yoxdur. Çünki indi süni intellekt üzrə proqramlar hazırlanıb. Həmin proqramlar demək olar ki, tərcümə və xarici dil öyrətmə kimi ixtisasları sıradan çıxarır. Bu ixtisaslara artıq ehtiyac yoxdur. Biz indi humanitar sahədə fərqli ixtisaslar tapıb tələbələri qəbul edə bilərik. İndi əsas süni intellekt, data analitika sahəsində olan ixtisaslar, dördüncü qrupda isə əsasən həkimlik aktuallığını qoruyur. Bu kimi ixtisaslar demək olar ki, Azərbaycan əmək bazarı üçün kifayət qədər sıxılıb, az ixtisaslar qalıb. Əlimizdə olan mövcud ixtisasları biz araşdırıb daha da genişləndirməliyik ki, yeni ixtisaslarla tələbələri qəbul edə bilək. İxtisaslar “daralıb”, ancaq universitetlərdə heç bir dəyişiklik yoxdur. Problem də bundadır ki, universitetlə əmək bazarı fərqli istiqamətlərdə hərəkət edirlər. Hazırkı dövrdə əmək bazarı universitet üçün maraqlı deyil. Ancaq qazancı düşündükləri üçün qarşımıza belə bir çətinlik çıxır.
– Necə düşünürsüz, bu nə vaxta qədər davam edə bilər, nə təklif edirsiniz?
– İlk əvvəl mən düşünürəm ki, valideynlərin və abituriyentlərin, tələbələrin düşüncələri dəyişməlidir. Əgər əmək bazarının tələbinə uyğun olmayan bir ixtisasa müraciət olmasa, universitet məcbur qalıb həmin fakültəni bağlayacaq. Məsələn, hazırda bəzi universitetlərdə dövlət və ictimai münasibətlər ixtisası tədris olunur. Bu, həm hüququ, həm beynəlxalq münasibətlər ixtisasını özündə cəmləşdirib. Belə olan halda niyə ali məktəbin hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisasına ehtiyacı olsun? Burada digər bir məsələ, həmin ixtisasları bitirəndən sonra məzunların iş tapa bilməmələridir. Mənə elə gəlir ki, ağırlıq burada daha çoxdur. Ona görə gənclər son illərdə beynəlxalq münasibətlər fakültəsinə getmirlər. İxtisas seçimi də tələb-təklif formasındadır. Mən düşünə bilərəm ki, “X” ixtisası bizim üçün lazımsızdır. Amma ixtisas seçimində əgər abituriyent həmin ixtisası seçirsə, universitet ona neyləsin? Baxır ki, hər il onun bu ixtisasındakı plan yerləri dolur. Yəni itirəcəyi bir şey yoxdur, əksinə, pul qazanır. Yenə də əvvəlki fikrimə qaydıram ki, fərqli ixtisaslar açmaq üçün bizim həmin sahələr üzrə mütəxəssislərimiz olmalıdır. Məsələn, bu gün bazarda data analitikanı bilən şəxslərə ciddi ehtiyac var. Ancaq onu ixtisas olaraq tədris edən ali məktəb yoxdur. Bəzilərində fənn kimi qısa müddətdə keçilir. Ümumilikdə əmək bazarına yaxşı kadrlar vermək üçün Dövlət Məşğulluq Agentliyi, universitetlər və iş adamları mütləq bərabər işləməlidirlər. Çünki biz məzunları iş mühitinə göndərərkən iş adamlarının istəyini, tələblərini nəzərə almalıyıq, ona uyğun kadrlar hazırlamalıyıq. Təəssüf ki, bu gün belə əlaqələr istənilən səviyyədə deyil.
Selcan TÜRK