“Ermənistanın “dalanda və şpaqat” vəziyyətində olduğu barədə, həmçinin düşdüyü çətin durumdan çıxış yoluna dair Ermənistan, Azərbaycan və Türkiyə mətbuatında dəfələrlə yazılıb. Amma İrəvan sanki özü bu vəziyyətdən nəinki çıxmaq istəmir, əksinə özünü daha dərin “dalanlara” salır”.
Medianews.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.
O qeyd edib ki, uzun onilliklər boyu Kremlin imkanları hesabına Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı açıq, İran və Rusiyaya qarşı qapalı şəkildə fəaliyyət göstərən, hər qonşusundan ərazi qoparmağa çalışan və bununla da gələcəkdə “dənizdən-dənizə” ideyasını təmin etməyi düşünən Ermənistan bu gün sülh, silah və təhlükəsizlik dilənçisinə çevrilib: “Dünyanın ən zəif məğlub ölkələri belə, Ermənistan qədər döyülmüş, söyülmüş və alçaldılmış vəziyyətə düşməyib. Ermənistan Vətən Müharibəsindəki məğlubiyyətinə görə Rusiyanı günahkar bilir. İrəvan Kremldən imtina etməyə və Qərbə, əsasən də Fransaya üz tutmağa çalışır. Amma nə Rusiya Ermənistandan uzaqlaşmağa, nə də Qərb Ermənistanı qucaqlamağa hazırdır. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk illərdə “iki stulda oturmaqla özünü daha baha satmaq” ideyası qismən işlək idi. Amma Azərbaycanın Vətən Müharibəsindəki möhtəşəm qələbəsi Ermənistanın bütün plan, ideya və miflərini darmadağın etdi”.
Hərbi ekspert söyləyib ki, həm Rusiya, həm də Qərb Ermənistanın məğlub və çıxılmaz vəziyyətindən istifadə edərək, N.Paşinyandan konkret siyasi və hərbi əməkdaşlıq istiqamətinin seçilməsini tələb ediblər: “Belə olan halda Ermənistan rəhbərliyi məğlubiyyətin məsuliyyətini ənənəvi tərəfdaşı olan Rusiyaya yükləmək üçün Kremli seçə bilməzdi. Digər tərəfdən isə Nikolu hakimiyyətə gətirən Qərb qüvvələri İrəvan tərəfindən Kremlin seçilməsinə imkan vermir. Qərbin, yəni Fransanın seçilməsinə isə Rusiya razı olmur və olmayacaq. Region ölkələri də dəfələrlə tərəfdaşlarını satan Fransa qoşunlarını sərhədlərində görmək istəmir. Başqa sözlə desək, Ermənistan hakimiyyətinin vektor dəyişmək cəhdləri istənilən halda problemlə müşayiət olunacaq. Real baş verən hadisələr fonunda Fransa Ermənistana daxil olmağa başlayıb, amma Rusiya nə bazasını Ermənistandan çıxarmağa, nə də onillərlə sərmayə yatırdığı cənub qanadından imtina etməyə hazırlaşır”.
Ə.Verdiyevin qənaətincə, Ermənistanda keçirilən son mitinqlərdən belə görünür ki, İrəvan Moskva ilə uzunmüddətli münasibətlərini Fransa ilə siyasi-hərbi sahədə əməkdaşlığa qurban verib: “Ermənistan Fransanı seçərsə Rusiya, Azərbaycan, İran və Türkiyə ilə, Rusiyanı seçərsə Qərb ilə münasibətləri daha da gərginləşəcək. Başqa sözlə desək, Ermənistan bu gün “iki stulda oturmaq” ideyasının hərtərəfli və çox zərərli təsirlərinə məruz qalıb. Dalan vəziyyətində “şpaqat” açmaq məhz buna deyilir. İndi Ermənistan nə öz maraqlarına uyğun addım ata bilmir, nə də “şpaqat” vəziyyətindən çıxa bilmir. İrəvan nə etməsindən asılı olmayaraq, tərəflərdən birindən zərbə alacaq. “Şpaqat” vəziyyətində isə cavab reaksiyası mümkün deyil”.
Lamiyə MİRZƏYEVA