“Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəyə baxıram. Suallardan görünür ki, “Euronews”un bəlkə də, öncədən belə bir müsahibə götürmək niyyəti olmayıb. Çox ehtimal ki, onun əməkdaşı Bakıya Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin toplantılarından reportaj hazırlamaq üçün göndərilibmiş”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
O qeyd edib ki, qazla olduğu qədər, yaşıl enerji ilə də təminat Avropa üçün son dərəcə aktualdır və hətta ikinciyə birincidən də çox önəm verilir.
Millət vəkilinin sözlərinə görə, əgər nəzərə alsaq ki, Avropa İttifaqının elektrik enerjisinə tələbatının 2040-cı ilə qədər təxminən 80 faizə qədər artacağı gözlənilir, onda Azərbaycanın o qurum üçün necə bir qiymətli tərəfdaş olduğunu təsəvvür etmək elə də çətin deyil: “Söhbət təkcə qaz yox, gələcəkdə həm də elektrik enerjisi üzrə Panavropa təchizatçısından gedir ki, bu termini də ilk dəfə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson işlədib. Beləliklə, “Euronews” televiziyasının Bakıda keçirilən bu tədbirlərə marağının nədən qaynaqlandığı aydındır. Sözügedən televiziyanın Azərbaycan Prezidentindən müsahibə almaq qərarı isə suallardakı ardıcıl istinadlardan da göründüyü kimi, məhz dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərdən sonra verilib. Ölkə rəhbərinin həmin çıxışda müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və media qurumlarının “qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilməz” kimi məqsədli və ədalətsiz hücumları haqqında dedikləri o qədər əsaslandırılmışdı ki, bu, diqqət çəkməyə və rəğbət doğurmaya bilməzdi: “Mən ilk növbədə onun bu sözlərini nəzərdə tuturam: “Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik”.
Deputat qeyd edib ki, Azərbaycan neft-qaz satışından əldə olunan gəlirlərin bir hissəsini bərpaolunan enerjiyə sərmayə şəklində yatırtmaqla “anlayış yaratmaq istəyir”: “Qazıntı yanacağı ilə zəngin digər ölkələrə göstərir ki, onlar da “yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır”. Azərbaycan Prezidentinin verdiyi müsahibədəki biz “bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq” sözləri də tam həqiqəti əks etdirir. Biz doğrudan da nəinki “neft lənətinə” düçar olmadıq, hətta ondan əldə edilən gəlirlərdən tarixə qızıl hərflərlə yazılacaq bir şəkildə faydalanmağı bacardıq. Azərbaycan böyük dövlətlərin qarşı çıxmalarına rəğmən, işğal altındakı torpaqlarını ona görə azad edə bildi ki, kimsədən iqtisadi asılılığımız yox idi. Çünki məhz ulu öndər Heydər Əliyevin işləyib reallaşdırdığı neft-qaz strategiyası bizim digərlərindən iqtisadi asılılığımızı aradan qaldırdı, ancaq öz milli maraqlarımızı əsas götürərək müstəqil siyasət yeridə bilməmizi təmin etdi. O səbəbdən də Prezidentimizə qoşularaq hər bir azərbaycanlı deyə bilər ki, zəngin neft və qaz ehtiyatlarımızın olması bizə “Allahdan bir hədiyyədir”.
S.Alıyev vurğulayıb ki, məhz martın 1-də Avropa İttifaqının külək enerjisi şirkətləri ilə anlaşma memorandumu imzalanması Azərbaycana qarşı sanksiya tələb edən makronabənzərlərə vurulmuş növbəti təpikdir: “Euronews”a müsahibəsinin sonunda Azərbaycan Prezidenti qərbdəkiləri “bizə gördüyümüz işə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə” qiymət verməyə səslədi və “ümidvaram ki, mesajım eşidiləcək”, – dedi. Avropa İttifaqının Fransa və bir çox başqa üzvləri bilmirəm bu mesajdan düzgün nəticə çıxaracaqlarmı? Amma məhz həmin Fransanın diktəsi ilə Avropa Parlamentində makronabənzərlər fevralın 28-də uydurma ittihamlarla Azərbaycana qarşı növbəti sanksiya çağırışı edərkən Bakıda martın 1-də Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin toplantılarının keçirilməsi, oraya Avropa İttifaqı ilə yanaşı, 22 ölkənin, 6 beynəlxalq təşkilatın, 44 şirkətin yüksək vəzifəli təmsilçilərinin qatılması bizim “it hürər, karvan keçər” məsəlimizin necə yerində deyildiyini bir daha təsdiqlədi. Yeri gəlmişkən, məhz martın 1-də Avropa İttifaqının külək enerjisi şirkətləri ilə anlaşma memorandumu imzalandı ki, bu da Azərbaycana qarşı sanksiya tələb edən həmin makronabənzərlərə vurulmuş növbəti bir şapalaq, hələ bəlkə də, təpik idi”.
Lamiyə MİRZƏYEVA