“Əmək pensiyaları haqqında qanunun 29.1 maddəsinə əsasən “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2024-cü il tarixli xüsusi Prezident Sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının bütün növləri Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırıldı”
Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Əli Məsimli bildirib.
“Bu artım əmək pensiyası alan bütün pensiyaçılara şamil edildi. Məsələn, ayda orta pensiya səviyyəsinə yaxın-500 manat pensiya alan pensiyaçı bu ilin yanvarından etibarən 556 manat, yəni ötənilkindən 56 manat çox pensiya alır.
Rəsmi açıqlamara görə, yanvar ayında edilən indeksləşdirmədən sonra, bu ilin orta aylıq pensiya məbləği 519 manata çatacaq. Bununla belə pensiyaçıların yarıya qədərinin aylıq pensiyası median pensiya səviyyəsində, yəni 360 manatdır. Həmin kateqoriyaya aid pensiyaçıların pensiyası cari ilin yanvar ayının 1-dən 11,2 faiz, yəni 40 manat artırılmaqla 400 manata çatdırıldı.
Son illər sürətlənmiş inflyasiya fonunda pensiyaçıların çoxunun aldığı pensiya onlar üçün zəruri olan ərzaq və dava-dərmana belə çatmır. Bu ilin yanvarında pensiyaların 11,2 faiz və ya ortalama 56 manat artması əslində pensiya artımı yox, qanunvericiliklə müəyyən olunmuş və hər ilin əvvəlində tətbiq olunan indeksləşdirmədir. Ona görə də aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirməkdən ötrü zəruri olan tədbirlərin dairəsi genişləndirilməli, o cümlədən minimum əmək haqqı, pensiya və digər ödənişlərin artırılması istiqamətində işlər davam etdirilməlidir”.