Bugünlərdə Kəramət Böyükçölün Kerazon kitab mağazasında oldum. Gənc yazarla bir xeyli söhbətləşdik. Ağrılı-acılı bir məqama toxundu. Məlum oldu ki, yazıçını iqtidara satılmaqda ittiham edirlər. Deyirlər ki, Kəraməti susdurmaq üçün iqtidar onun atasına ev verib. Kəramət üçün isə kitab mağazası açıblar. Əlbəttə, bu ittihamları mən də eşitmişdim. Ancaq bu məsələyə yazıçının özünün toxunması tam fərqli bir ovqat yaratdı…
Hiss etdim ki, bu kimi dedi-qodular yazıçını hövsələdən çıxarır. Onun əhval-ruhiyyəsinə mənfi təsir edir. Yaşamaq həvəsini heçə endirir. Ancaq Azərbaycanda belə şeylər çox olur. Öz təcrübəmdən bilirəm…
Kəramət Böyükçöl yazıçıdır. İstedadlı qələm sahibidir. O, məhz yazıçı kimi dəyərlidir. Bir çoxları isə onu radikal azadlıq mücahidi kimi görmək istəyir. Mən onları da başa düşürəm. Ancaq onlar da başa düşməlidir ki, Kəramət Böyükçöl ədəbiyyat müstəvisində yer alır. 6 kitabın müəllifidir. Şübhəsiz ki, ən yaxşı əsərlərin hələ bundan sonra yazacaq. İmkan verin o da öz işini görsün…
İsveçrədə şəhərin ən gözəgəlimli yerində kitab mağazaları fəaliyyət göstərir. Sürixdə 3-4 mərtəbəli kitab mağazası var. Çünki insanlar həvəslə kitab alır, oxuyur. Ona görə də İsveçrə dünyanın ən varlı və ən mədəni ölkələrin sırasında öndə gedir. Bizdə isə bir yazarın zirzəmidə açdığı balaca bir kitab mağazası bu qədər söz-söhbətə səbəb olur, onu hədəfə çevirir. Mən hələ yazıçının şəxsi həyatı ilə bağlı dedi-qodulardan söhbət açmıram. O sahə üzrə ixtisaslaşmış qruplar var…
Mağazadan aldığım “Səs” romanı qohumlar tərəfindən maraqla qarşılandı. Kitabı ilk oxumaq üçün əməlli-başlı basa-bas düşdü. Yazıçıya verilən ən böyük dəyər elə budur…
Qərb ölkələrində yaşayan soydaşlarıma üz tuturam: Bakıda olanda Kerazon kitab mağazasına baş çəkin. Kitab alın. Həm mütaliə edin, həm də Bakıda zirzəmilərə sürüklənmiş Azərbaycan ədəbiyyatına dəstək verin. Biz millət olaraq ədəbiyyatımızı, ümumiyyətlə, elm və mədəniyyəti təbliğ edən kitab mağazalarını zirzəmilərdən çilçıraqlı binalara daşımalıyıq. Kitab oxumalıyıq. Diqqət edin: Dünyanı idarə edən xalqlar məhz kitab oxuyan xalqlardır. Təbii ki, cahillər aqilləri idarə edə bilməz…
Gənc yazarlarımıza qarşı xüsusi ilə həssas olmalıyıq. Azərbaycan ədəbiyyatının möhtəşəm qələm sahiblərinə son dərəcə böyük ehtiyacı var. Böyük ədəbiyyatı böyük şəxsiyyətlər yarada bilər. Ona görə də böyük yazar olmaq potensialı olan yazarları qərəzli dedi-qodularla məhv etməyək. Onları öz əlimizlə öldürüb qatilə çevrilməyək. Qələm əhli bu millətinin ruhunun memarıdır. Onlara dəstək olaq, dayaq olaq. Onlara qol-qanad verək, ruh verək…
Söhbət bütövlükdə yeni nəsil yazarlardan gedir. Dövlət yazarlara da, rəssamlara da, bəstəkarlara da, bir sözlə sənət və incəsənət adamlarına ciddi şəkildə dəstək verməlidir. Təbii ki, bunun müqabilində onları yaltaq çıxışlara təhrik etmək barbarlıqdır. Bizə əxlaqlı, tolerant və Azərbaycanın dövlət maraqlarına həssas bir cəmiyyət lazımdır. Qarşı tərəfə hörmət edən insan özü də hörmətli olur. Şəxsi maraqlarına görə qarşı tərəfi didib-parçalamağa hazır olanları isə kimsə sevməz. Onlar olsa-olsa nifrətə layiqdir…
Hörmətli olsaq yaxşıdır. Dədə-babadan belədir: “Can” eşitmək istəyən gərək “can” desin. “Zəhrimar” deyənə kim “can” deyər ki?
Kitab oxuyaq. İsvçrədə uşaq arabasında olan körpənin gözünün qabağından şəkilli kitab asırlar. Məqsəd odur ki, körpəlikdən uşaqda kitaba maraq yaratsınlar. Çünki yaxşı bilirlər ki, öncə söz vardı. Dünya sözdən yarandı. Biz də bu sadə həqiqətləri bilsək, yaxşıdır…
Elbəyi Həsənli