Qırğızıstan şəhərlərində dövlət krematoriyaları tikiləcək. Bu barədə deputat Marlen Mamatəliyev məlumat verib. O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib. Deputat deyib ki, yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur və burada təkcə insanların cəsədləri deyil, bəzi xəstəlikləri olan ölü heyvanlar da yandırılacaq. Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil. M.Mamatəliyev söyləyib ki, şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçəcək və krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək.
Təbii ki, Qırğızıstanda qəbul edilən qanunlar xalqın, deputatların, ölkə siyasi rəhbərliyinin öz işidir. Kimsə bir başqa ölkənin daxili işinə müdaxilə edə bilməz. Amma nəzərə alaq ki, Qırğızıstan müsəlman ölkəsidir. Belə olan halda dünyasını dəyişən insanların krematoriyalarda yandırılması dini baxımdan nə dərəcədə düzgündür? Ümumiyyətlə, cəsədin odda yandırılması, suda batırılması və ya dəfn edilməsinin dünyasını dəyişən insan üçün hansısa əhəmiyyəti varmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov bildirib ki, İslam dininə görə cənazənin dəfn edilməsi vacibdir.
O söyləyib ki, cənazəni yandırmaq, yaxud çürüməsi üçün açıq ərazidə tərk etmək İslam hüququna görə yolverilməzdir: “Hər şeydən öncə cənazənin dəfn edilməsi İslamın insan oğluna verdiyi dəyəri göstərir. Əlbəttə ki, dəfn olunmaq, yandırılmaq, açıq əraziyə buraxılmaq dünyasını dəyişmiş şəxs üçün nə isə ifadə etmir. Yəni ölən şəxs üçün bu, bir məna kəsb etmir. Lakin bununla belə, ətrafdakıların, yəni sağ qalan insanların cənazəyə münasibəti çox əhəmiyyətlidir. Bu baxımdan İslam dini dirilərin ölülərə qarşı hörmətli, ehtiramlı şəkildə davranmasını əmr edib. Ona görə də Məhəmməd Peyğəmbər bildirir ki, dünyasını dəyişmiş insanı yuyarkən, daşıyarkən, dəfn zamanı qəbrə salarkən kim bir cənazənin qolunu sındırarsa, sanki sağ ikən qolunu sındırmış olur”.
İlahiyyatçı alim vurğulayıb ki, dəfn aktı həm də ətraf mühitin təmizliyinə xidmət edir: “Dəfn aktı insan oğluna layiq olduğu ehtiramın göstərilməsini ifadə edir. Bununla yanaşı, hələ sağ olanların artıq vəfat etmiş şəxs qarşısındakı son vəzifəsini bildirir, bunu simvolizə edir, ölümü insan oğluna xatırladır. Yeni bir dünyaya keçidin, dünyanın faniliyinin rəmzi kimi xarakterizə olunur. Düşünürəm ki, müsəlman ölkələrində müəyyən qanunlar qəbul edilərkən mütləq xalqın inancı, adət-ənənələri, onun dini baxışları nəzərə alınmalıdır”.
Ərtürk İSMAYIL