Son dövrlər Türkiyədə bəzi sosial media fenomenlərinin hərəkətləri, onların cinayət məsuliyyətinə cəlb olunması, sahib olduqları sərvət ölkə mediasının gündəmini zəbt edib. Misal üçün, İstanbul şəhərində bloqer Aleyna Dalverenin bahalı avtomobilin üzərində rəqs edərək pul səpdiyi, belinə taxdığı silahı çıxararaq maşının kapotunun üstünə qoyduğu videosu sosial şəbəkələrdə geniş yayılıb. Bu video yayılandan dərhal sonra o polis tərəfindən saxlanılıb. Nəzarətə alınan Aleyna haqqında aparılan araşdırmada şübhəlinin Dilan Polat və digər bloqerlərlə sıx əlaqədə olduğu da müəyyən edilib.
Azərbaycanda da sosial mediada bəzi istifadəçilərin tam olmasa da, oxşar hərəkətlərini müşahidə etmək mümkündür. Maraqlıdır, sosial media fenomenlərinin onlayn platformada milli-mənəvi dəyərlərə zidd davranışları, lüks villa, avtomobil, brend geyimlər və əşyalar, ümumən bahalı həyat tərzini təbliğ etmələri cəmiyyətə, xüsusən də yeniyetmə və gənclərə, onların əxlaqına, tərbiyəsinə necə təsir edir? Bəzi sosial media fenomenlərinin bu davranışı nəyi ifadə edir? Mənbəyi bilinməyən bir sərvət reklamı toplumun dəyərlərinə necə təsir edir?
Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Ülviyyə Murtuzova bildirib ki, bəzi şəxslərin sosial şəbəkələrdə, mediada bu və ya digər formada “sahib olduqları” mülkü, avtomobili, pulları paylaşmasının, bayağı formada təqdim etməsinin arxasında ciddi pozuntu dayanır.
Psixoloqun sözlərinə görə, həmin şəxslər natamamlıq və yetərsizlik sindromundan əziyyət çəkirlər: “Bu sindrom müalicə olunmur. Onlara bu barədə nə qədər deyilsə də, əməllərinə haqq və bəraət qazandırır, özlərində heç bir qəbahət görmürlər. Bu, həmin insanların həyatda erkən dönəmlərdə üzləşdiyi hadisələrlə bağlıdır. Yəni, illərdir əldə edə bilmədikləri nailiyyətlər, qarşısında daim bloklanma, əldə etdikləri mütəmadi uğursuzluqlar, heç bir şeyə sahib olmamaq, başqaları tərəfindən əzilmək, dəyərsiz olmaq, uşaq vaxtlarında ailə mühitində zorakılıq, istismar, evdə fiziki və mənəvi təcavüzə məruz qalmaq, məktəbdə və ya ali təhsil ocağında dostları tərəfindən uzaqlaşdırmalar və sair onlara psixoloji təsir edir. Bütün bu kimi hallarla üzləşən həmin adamlar sonradan çox bəsit, çirkli yollarla, hansısa mənbədən əldə etdikləri sərvətlər müqabilində özlərinə nəzarəti itirirlər. Bunları abartılı formada gözə soxmaqla, başqalarına bayağı formada təqdim etməklə, anormallıqlarını ortaya qoyurlar. Təbii ki, bu, normal hal deyil. Amma onlar bunu özünü təsdiq forması kimi qəbul edirlər. Həyatlarında boşluqlar olan belə natamam insanlar üçün belə təqdimatlar həmin o boşluqları doldurmaq kimi qiymətləndirirlir və bu şansdan istifadə edirlər. Bununla da həyatdan bu günə qədər aldıqları uğursuzluğun, hirsin, kinin, nifrətin sanki cavabını verirlər, rahatlıq tapırlar”.
Ü.Murtuzovanın qənaətincə, belə şəxslər elə hesab edirlər ki, indiyə qədər əldə edə bilmədiklərinə, üzləşdikləri haqsızlıqlara və basqılara görə cəmiyyət üzvləri günahkardırlar: “Onlar elə hesab edirlər ki, illərdir yaşadıqları uğursuzluqların günahkarı bu cəmiyyətdir. Ona görə də hər gün yeni videolar paylaşmaqla hazırda əldə etdiklərini qisas nümunəsi kimi, acıq verərək nümayiş etdirir, özünün təqdimatının təsbitini verməyə çalışırlar. Bu normal gedişat deyil və sonrakı nəticələr də göz qarşısındadır. Təbii ki, bu insanlar artıq idarəetməni itirirlər. Bu anormallıq göstəricisidir. Burada bir neçə pozuntunun kökü qalır. Onların bəzisində ciddi şəxsiyyat pozuntularının izləri var. Danışıqlarında, insanlarla rəftarlarında, hətta onlara yazılan tənqidi şərhələrə verdikləri kobud cavablarında, aqressiv rəftarlarında ciddi pozuntular özünü büruzə verir”.
Psixoloq vurğulayıb ki, ciddi şəxsiyyət pozuntusu olan, anormal hərəkətləri ilə diqqət çəkən, ən əsası da sosial media fenomeni kimi tanınan bəzi şəxslər öz davranışları ilə cəmiyyətə ancaq mənfi təsir göstərirlər: “Sosial şəbəkədə belə insanları izləyən gənclər, yeniyetmələr ordusu var. Hələ həyatı dərindən dərk etməyən bu insanlar hansısa sosial media fenomeninin videosunu izləyərkən, onun kimi olmağa, onu təqlid etməyə can atırlar. Bəzi yeniyetmə və gənclər “çalışım, karyerə qurum, uğur əldə edim”, yerinə həmin sosial media fenomeninin təsiri altına düşərək, “nə gözəl, asan yolla pul qazandı” deyərək, onların yolunu getməyə meyl edəcəklər. Bu fikir onlarda maraq yaradacaq, sonra o yola düşmək üçün beyinlərində planlar quracaqlar və bəziləri onu reallaşdırmağa çalışacaq. Təbii ki, bu, müəyyən kütləni uçuruma aparır”.
Ü.Murtuzova hesab edir ki, anormal insanlara qarşı atıla biləcək ən gözəl addım, qanun çərçivəsində onlara verilmiş cəzalardır: “Belə adamların qanun çərçivəsində cəzalandırılması kütləni belə təsirlərə düşməkdən çəkindirir. Amma cəzasızlıq mühiti, bu tip insanların bəyənilməsi, ünvanlarına xoş sözlərin yazılması, həmin şəxslərin növbəti keçidə olan marağını artırır. Ona görə də qanunlarla yanaşı, ictimai qınaq da olmalı, belə xoşagəlməz hallara qarşı cəmiyyətin hər üzvü gücü çatan çərçivədə mübarizə aparmalıdır”.
Lamiyə MİRZƏYEVA