“Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Simonyan dünən Rusiya sərhədçilərinin Ermənistan ərazisini tərk etməsi vacibliyini bildirmişdisə, bu gün ölkəsinin Avropa İttifaqına üzv olmaq istəyini səsləndirib”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, İrəvandan hər gün Kremli qıcıqlandıran açıqlama gəlir.
Politoloqun sözlərinə görə, Kreml Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını de-yure tərk etməsindən özünə gəlməmiş, indi də müttəfiqinin Avropa İttifaqına üzvlük istəyinə qarşı həmlələrə hazırlaşmalıdır: “Çünki Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi Birliyinə üzvlük ziddiyyət təşkil edir. Ermənistan bunlardan birinə üstünlük verməlidir, əgər Avropa İttifaqına üzvlüyə namizədliyə üstünlük verəcəksə, Avrasiya İqtisadi Birliyini tərk etməyə hazırlaşmalıdır. Bu isə Ermənistan iqtisadiyyatına ciddi zərbə olacaq”.
E.Şahinoğlu deyib ki, Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi çərçivəsində üzvlük güzəştlərindən istifadə edir: “Ermənistan digər üzv ölkələrlə ticarətdən gəlir əldə edir. Bunların heç birini Avropa İttifaqı Ermənistana təqdim etmir. Ancaq o da aydındır ki, İrəvan üzünü Avropaya tutub, Nikol Paşinyan elə ona görə bir müddət əvvəl Tbilisiyə gedərək, Gürcüstanla strateji tərəfdaşlıq sazişi imzaladı. Ermənistan Avropa İttifaqına üzvlük marafonunda Gürcüstandan geri qalmaq istəmir”.
Turan ORUC