Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri dondurduğunu bəyan edib. Bildirib ki, bu, Ermənistanın KTMT-də daimi nümayəndəsinin olmaması, yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir. Erməni hökumət başçısı onu da əlavə edib ki, əgər təşkilat öz öhdəliklərini yerinə yetirməsə, Ermənistan KTMT-yə üzvlüyünü hüquqi olaraq donduracaq, yəni qurumu tərk edəcək.
Maraqlıdır, Ermənistan KTMT-dən çıxa bilərmi? Rusiya buna imkan verərmi? KTMT-ni tərk etmək Ermənistanın gələcəyinə necə təsir göstərər?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanla Rusiya arasında son illərdə baş verən siyasi böhran daha da dərinləşməkdədir.
Onun sözlərinə görə, Ermənistanın baş naziri N.Paşinyan Qərbdən aldığı təlimatlar fonunda Rusiyaya qarşı demarşları getdikcə inkişaf etdirməyə çalışır: “Ermənistan hökuməti İrəvandakı beynəlxalq hava limanından Rusiya hərbçilərinin çıxarılmasını da tələb edib. Göründüyü kimi, biz, müxtəlif istiqamətlərdə Ermənistanın Rusiyaya qarşı demarşlarının şahidi oluruq. İrəvanın Moskvaya qarşı əsas tələblərindən biri KTMT ilə bağlıdır. Ermənistanın əlində bir “fürsət” var ki, guya Azərbaycanla müharibə apardığı vaxt KTMT onu müdafiə etməyib. Halbuki Azərbaycan başqa bir dövlətin, yəni KTMT üzvü olan Ermənistanın ərazisində deyil, öz ərazisində separatizmə, eləcə də onlara hərbi-siyasi dəstək verən Ermənistana silahlı birləşmələrinə qarşı vuruşub. Amma buna baxmayaraq, Qərbdən aldığı təlimata uyğun olaraq, baş nazir Nikol Paşinyan ortaya atdığı bəhanəni əsas gətirir, ölkəsinin KTMT-dən çıxmasını qarşısına hədəf qoyur”.
Siyasi şərhçi deyib ki, vaxtilə KTMT-nin İrəvanda keçirilən iclasında Paşinyan yekun sənədə imza atmaqdan imtina edib. M.Əsədullazadənin qənaətincə, bu təşkilatda Ermənistanın təmsilçiliyi yoxdur və KTMT təlimlərində də iştirak etmir: “Ermənistan KTMT-nin formal üzvü kimi qalıb. Bu ölkənin təşkilat daxilində hər hansı hərəkətliliyi yoxdur. Bütün bunları nəzərə alsaq, müəyyən müddətdən sonra Ermənistan bu təşkilatı tərk edə bilər. Belə olduğu halda, Kreml rəhbəri Vladimir Putin rəsmi İrəvanın davranışına çox kəskin reaksiya verəcək. Əgər Paşinyan siyasi iradə göstərib ölkəsini KTMT üzvlüyündən çıxararsa, Rusiyadan Ermənistana iqtisadi, siyasi sanksiyalar tətbiq olunacaq. Hesab edirəm ki, Qərb bu məsələdə Ermənistanı ciddi şəkildə dəstəkləyərsə, Paşinyan Ermənistanı KTMT üzvlüyündən çıxaracaq. Bunun müqabilində Rusiyadan Ermənistana ciddi təzyiqlər olacaq. Bu mənada Paşinyan çalışır ki, Qərbdən iqtisadi, siyasi, təhlükəsizlik zəmanəti alsın. O, bu istiqamətdə ciddi iş aparır. Amma düşünürəm ki, KTMT-dən çıxmayacağı təqdirdə, Qərb Ermənistana təhlükəsizlik təminatı verməyəcək”.
Alpər TURAN