Ukrayna Prezidenti Volodimir Zelenskinin mart ayında İrəvana səfər edəcəyi bildirilir. Ermənistan mətbuatınun yaydığı xəbərə görə, hazırda V.Zelenskinin səfərinə hazırlıq işləri aparılır.
Ukrayna prezidentinin Ermənistan səfəri nəyə hesablanıb? Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin forfostu kimi tanınan Ermənistan Kiyevə hansı faydanı verə bilər? Ümumiyyətlə, məşhur atalar misalı ilə ifadə etsək, özünə umac ova bilməyən İrəvanın Kiyevə əriştə kəsməsi mümkündürmü? Zelenskinin yolunu Cənubi Qafqaza salan səbəblər nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Ukrayna yalnız Qərbdə deyil, postsovet məkanında da dəstəklənməsini dünyaya nümayiş etdirmək istəyir.
Onun sözlərinə görə, V.Zelenskinin səfəri də məhz buna hesablanıb: “Almaniyada Münxen Təhlükəsizlik Konfransında baş nazir Nikol Paşinyan Ukraynaya münasibətdə Rusiya və Ermənistan mövqelərinin üst-üstə düşmədiyini dedi. Bununla da Ermənistan Rusiya-Ukrayna müharibəsində öz tərəfini ortaya qoyur və rəsmi Moskvanı dəstəkləmir. Nəzərə alaq ki, Ermənistan şirkətləri Rusiya ilə əməkdaşlığa görə, Avropa İttifaqı (Aİ) ölkələrinin sanksiyasına məruz qalıb. Qərbin də məqsədi Ermənistanın mövqeyini müəyyənləşdirməkdir. İndiyədək Ermənistan Ukraynanın Rusiya tərəfindən hərbi təcavüzünə açıq fikir bildirməmişdi. Lakin, erməni tərəfi bu mövzuda mövqeyini açıq-aşkar ortaya qoymalıdır”.
Politoloq qeyd edib ki, Ermənistan rəsmiləri mart ayında V.Zelenskini İrəvanda qəbul etməklə bərabər, onun problemlərini də qəbul etmiş olacaq: “Bu həm də erməni tərəfinin Rusiyaya qarşı sanksiyaya qoşula biləcəyinə də işarə ola bilər. Ermənistanın belə addımları və mövqeyi onun üçün sınaq rolunu daşıyır. Çünki, bu, gələcəkdə Ermənistanın Qərbə meylli olduğunu ortaya qoyacaq və siyasi masada gedən prosesləri dəyişəcək. Ermənistanın Ukraynaya hərbi deyil, siyasi sahədə dəstəyi önəmlidir. Təbii ki, Ermənistanın Ukraynaya yardım etmək imkanı yoxdur və yalnız siyasi-ictimai baxımdan dəstək ola bilər”.
S.Soltan deyib ki, Cənubi Qafqaz regionunda Gürcüstan Rusiyaya qarşı sanksiyaya qoşulmayacağını bildirib: “Gürcüstanın Ukrayna ilə münasibətləri Mixeil Saakaşvilinin həbs olunduğu vaxtdan pozulub. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyıb və humanitar dəstəyini gizlətməyib. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı aydın mövqeyi var. Ölkəmiz bu məsələdə beynəlxalq hüquq normaları çərçivəsində addımlar atır. Amma, Ermənistan tərəfinin mövqeyi hələ də tam aşkarda deyil. Düşünürəm ki, erməni tərəfinin Münxendəki Ukrayna ilə bağlı açıqlamasına cavab jesti olaraq, Zelenski İrəvana səfər edəcək. Digər tərəfdən, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Bu məhkəmədə Rusiya mühakimə olunarkən, Ermənistanın Ukraynanı müdafiə etməsi istisna deyil”.
Vüqar MƏMMƏDOV