ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonun Ukraynaya yardım göstərməkdən necə faydalandığını açıqlayıb. O, CNN telekanalına müsahibəsində bildirib ki, yardım adı altında ödənilən vəsaitin böyük hissəsi birbaşa ABŞ iqtisadiyyatında silah istehsalına, o cümlədən yaxşı maaşlı işlərə xərclənir.
Buradan belə nəticə hasil olur ki, rəsmi Vaşinqton əvvəlcə Ukraynaya pul ayırır, daha sonra həmin pul müqabilində Kiyevə silah-sursat satır? Maraqlıdır, bu prosesdə Ukraynanın qazancı nə olur?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ukraynanın ABŞ-nin yardımlarından qazancı ilə bağlı məsələ kifayət qədər mübahisəli mövzudur.
Onun sözlərinə görə, indiyə qədər Vaşinqtonun Ukraynaya ayırdığı maliyyə vəsaiti, əslində ABŞ-nin sərhədlərindən kənar çıxmayıb: “Qərb mətbuatında yer almış məlumatlara əsasən, Ağ Ev ABŞ-də bir neçə yeni silah istehsal müəssisələri yaradıb və Ukraynaya ayrılmış maliyyə vəsaitini həmin müəssisələrin silah istehsal etmələrinin təşkilinə yönəldib. Bu, faktiki olaraq ABŞ-də Ukraynaya yardım adı altında yeni iş yerlərin açılması və yeni istehsal müəssisələrin yaradılması prosesinin inkişafına verilmiş əlavə bir dəstək kimi qəbul olunur. Əslində, Ukraynaya ABŞ-nin və ya Qərbin digər ölkələrinin dəstəyi müəyyən mənada formal xarakter daşıyır. Son zamanlar məlum olur ki, Kiyevə ayrılmış maliyyə vəsaiti böyük ölçüdə Ukraynanın borcları sırasına yazılır. Hesab olunur ki, Ukrayna gələcəkdə maliyyə dəstəyi adı altında ayrılmış vəsaiti geri qaytarmalı olacaq. Yəni, Qərb Ukraynaya müftə heç nə vermir. Hətta son vaxtlar, Respublikaçıların Bayden administrasiyasından əsas tələblərindən biri bu olub ki, əgər bundan sonra Ukraynaya dəstək üçün maliyyə vəsaiti ayrılacaqsa, həmin vəsait Kiyevə maliyyə krediti şəkildə verilsin”.
Politoloqun sözlərinə görə, Respublikaçılar şərt irəli sürüblər ki, əgər mövcud krediti rəsmi Kiyev gələcəkdə qaytarmaqda çətinlik çəkərsə, o zaman Ukrayna zəngin təbii sərvətlərinin istismarını ABŞ şirkətlərinə həvalə etsin: “Respublikaçılar artıq Bayden administrasiyasından tələb edirlər ki, Ukraynaya yardımlar məhz bu şərtlər altında ayrılsın. Bu da onu göstərir ki, əslində ABŞ, ümumilikdə “kollektiv Qərb” Ukraynaya heç bir dəstək göstərmir. Sadəcə gələcəkdə Ukrayna üzərində quracaqları yeni iqtisadi-ticari münasibətlərin istiqamətlərini bu gündən müəyyən edirlər. Hazırda həmin istiqamətlərin maliyyələşməsi ilə məşğuldurlar. Aydın olur ki, Ukrayna savaşdan sonra əgər dövlət kimi mövcud olmaqda davam edəcəksə, Qərbin verdiyi vəsaitləri geri qaytarmaq üçün onilliklər sərf etmiş olacaq. Bu, onu göstərir ki, Ukrayna faktiki olaraq sövq edildiyi bu savaşda, ən böyük itkilərə məruz qalan və gələcəkdə də, Qərbdən asılı vəziyyətdə qalmaq təhlükəsi altında olan bir dövlətə çevrilməkdədir”.
Lamiyə MİRZƏYEVA