Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu bildirib. O, eyni zamanda, Gümrü şəhərində Rusiya hərbi bazasının saxlanması məsələsinin də gündəmdə olmadığını dilə gətirib. Bundan əlavə, N.Paşinyan Rusiyanı Ermənistan qarşısında götürdüyü öhdəlikləri pozmaqda ittiham edib. Erməni baş nazir vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda Moskvanın respublika ərazisindən keçən nəqliyyat kommunikasiyalarına nəzarət etmək imkanına malik olmasına dair heç bir bənd yoxdur.
Göründüyü kimi, Ermənistan birmənalı olaraq Rusiyadan uzaqlaşmağa, onunla hərbi müttəfiqliyə son qoymağa, rus qoşunlarını Gümrüdən çıxarmağa, eyni zamanda Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır.
Kreml rəhbərliyi rəsmi İrəvanın bu davranışına daha kəskin reaksiya verə, Ermənistanı hansısa formada cəzalandıra bilərmi? Yoxsa Moskva Ermənistanın Rusiyadan “qopmasını”, KTMT-dən uzaqlaşaraq Qərbə doğru meyl etməsinə seyrçi qalacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Şəbnəm Həsənova bildirib ki, N.Paşinyanın açıqlamaları Rusiyanın təhlükəsizlik təminatçısı kimi regional reputasiyasını pərt vəziyyətdə qoymağa hesablanıb.
Onun sözlərinə görə, Ermənistan xarici siyasət dinamikasının dəyişməsi, xüsusən də Rusiya ilə münasibətləri və Qərb dövlətləri ilə potensial uyğunlaşmasının praktiki müstəviyə keçməsi ilə bağlı artan spekulyasiyalar siyasi gündəliyin diqqət mərkəzindədir: “Son zamanlarda Ermənistanla Rusiya arasında münasibətlər özündə mürəkkəb kombinasiyaları ehtiva edən qəribə dinamika nümayiş etdirib desək, yanılmarıq. Bu, bir tərəfdən Ermənistan-Rusiya münasibətlərinin çoxillik oturuşmuş dinamikası, digər tərəfdən Nikol Paşinyanın Rusiya ilə heç cür otuzdura bilmədiyi silkələnən trayektoriya üzrə inkişaf edir. İlk növbədə nəzərə almalıyıq ki, hər nə qədər Qərbə meyl olunsa da İrəvan bir sıra sahələrdə, başlıca olaraq iqtisadiyyatda Moskvadan asılı qalmaqda davam edir. Bu paradiqmanın birdən-birə dəyişməsi və ya daha dəqiq desək, dəyişdirilməsi real, belə qısa dövrə sığışdırılmağa çalışılan müddətdə də mümkün deyil. Bundan heç də az olmayan məsələ odur ki, hərbi baxımdan da orduda Kremlə yaxın oturuşmuş kadrlar mövcuddur”.
Politoloq söyləyib ki, N.Paşinyanın Avropa arzusunda şəxsi marağı var: “Şübhəsiz ki, Qərbin xeyir-duası ilə hakimiyyətə otuzdurulan şəxsdən vaxtı gələndə borcun qaytarılması da tələb olunacaqdı. Bu baxımdandır ki, o, Ermənistanın Qərbə, xüsusən də ABŞ və Fransaya yaxınlaşmasını istəyir. Sıx müdafiə və iqtisadi əlaqələr fonunda Rusiyadan aralanmağa kifayət qədər çatacaq rıçaq olmadan Paşinyanın mövcud davranışlarına rəvac verən amil Qərbin planı və dəstəyidir. Fakt odur ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir, onun Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Lakin məsələ ondan ibarətdir ki, siyasətdən uzaq, qeyri-diplomatik çirkinliklərin girdabına batan Ermənistan hakimiyyəti Rusiyaya qarşı çox təmkinsiz və bir çox hallarda olduqca aqressiv ritorikaya əl atır. Paşinyanın qismində bu ermənilərin sadəcə Rusiya olmamaqla ilk və son xəyanəti olmasa da, hər halda yeganə anti-Rusiya bəyanatları da deyil. Paşinyanın açıqlamaları Rusiyanın təhlükəsizlik təminatçısı kimi regional reputasiyasını pərt vəziyyətdə qoymağa hesablansa da, deyə bilərik ki, günü bu günə qədər də Kremlin Ermənistan rəhbərliyinin düşmənçilik hərəkətlərinə reaksiyası da təmkinlidir”.
Ş.Həsənovanın qənaətincə, keçmiş və yaxın tarix, həmçinin məntiq diktə edir ki, Rusiyanın özünə qarşı belə münasibətə dözməsinin sonsuz olmadığı qədər həddi və nəticələri var: “Rusiyanın regional güc mərkəzi kimi indiki zamanda birbaşa, hətta Paşinyanın ən müsbət ssenarisində belə bir qədər sonra da dolayı yolla məhz birinci olaraq Ermənistanın təhlükəsizliyinə təsiri var. Hər halda Paşinyanın dünyaya Moskvadan kənarda baxmaq arzusunun və NATO-nu Ermənistan üçün mükəmməl təhlükəsizlik təminatçısı kimi görməsinin ilk növbədə elə Paşinyan üçün bir qədər fərqli olsa da, tamamilə ciddi nəticələri olacaq. Paşinyanın “France 24” telekanalına müsahibəsində Rusiyanın həm də bir neçə ay öncə də açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırdığını, ona qarşı yönəlmiş “təbliğatın” səngimək bilmədiyini vurğulamasını nəzərə alsaq, bir daha sübut olunur ki, onun fobiyası daha çox şəxsi prizmadandır. Ermənilər isə Rusiyaya qarşı hərtərəfli təbliğata əl atıblar. Belə ki, tarixin sınağından keçirdikləri taktikaya yenidən əl atan bu millət Rusiyanın ciddi media resurslarına sızaraq onun əleyhinə narrativlər tirajlayırlar ki, bu da nəticə etibarilə maraqlar və sınanmış xalqlar toqquşmasına xidmət edir”.
Politoloq deyib ki, xəyanət bir dəfə dadıldımı, acı nəticəsi olsa belə, silsilə təkrar tələb edən duyğudur: “Ermənistanın Rusiyaya xəyanətkar münasibəti xarici siyasətinin və bilavasitə onun milli üslubunun əsas tendensiyalarından biridir. Bu baxımdan Qərb dövlətləri anlamalıdır ki, Ermənistan sadəcə ağa dəyişikliyinə gedir, xislət isə dəyişməz amildir. Artıq bunun nəticələri də məlumdur. Anti-Rusiya sanksiyaları rejimini pozmaqda bundan öncə də ittiham olunan İrəvan bu dəfə də Böyük Britaniya tərəfindən Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etdiyi, İrəvanın Rusiyaya ikili təyinatlı malların təkrar ixracı ilə məşğul olduğu bildirilir. Britaniyalı jurnalistlərin məlumatına görə, Ukrayna böhranı başlayandan bəri pilotsuz təyyarələr, ağır texnika və avtomobillər üçün avadanlıqların ixracı təxminən 10 dəfə artıb. İxracın artımı bu ölkədəki iqtisadi göstəricilərə uyğun gəlmədiyini bildirən media resursları yeganə məntiqi izahat kimi sanksiyalardan yayınmada görür. Bu, erməni toplumunun real simasıdır”.
Ş.Həsənova söyləyib ki, KTMT-nin nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmayıb: “Görünür, Paşinyan yaxın gələcəyə qədər söz oyununa getməyə məcbur qalıb. Bu yaxın gələcəyə qədər Qərb də yolu bir dəfə Berlindən saldı. Məsələ orasındadır ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünə qarşı çıxaraq onları təmin etməkdən imtina etməsini ölkəsinin münaqişəyə cəlb olunacağı təhlükəsi ilə izah edir. Proksi müharibələrini nəzərə alaraq Şoltsun bu reaksiyası ilə Paşinyanın mövcud addımları arasındakı fərq barədə ilk növbədə düşünən erməni baş nazir olmalıdır. Bir yandan Qərbə pənah gətirən, digər yandan isə Rusiyadan üz döndərən Ermənistan həm də digər regional güclərə qarşı gedir. Odur ki, Ermənistan böyük daşların tərpədilməsində əhəmiyyətli dərəcədə kiçik və zəifdir”.
Lamiyə MİRZƏYEVA