Son dövrlər Ermənistan silahlı qüvvələri öz mövqelərindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutur, eləcə də digər şərti sərhəd ərazilərdə silahlı təxribatlar törədir. Nəzərə alaq ki, son olaraq Almaniyada Azərbaycan və Ermənistan liderləri görüşüb, xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üçün görüşlər keçirməsi barədə tapşırıqlar verilib.
Belə bir fonda atəşkəsin pozulması, silahlı təxribatların törədilməsi Ermənistanın nəyinə lazımdır? Rəsmi İrəvan bununla nə demək, nə etmək istəyir? Yoxsa baş nazir Nikol Paşinyan öz ordusuna nəzarət edə bilmir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Münxendəki görüş Azərbaycan tərəfinin Ermənistana növbəti bir sülh çağırışıdır.
Onun sözlərinə görə, N.Paşinyanın Parisdə hərbi-texniki dəstəklə bağlı Emmanuel Makronla razılığı ölkəmizin əmin-amanlıq səylərini kölgədə qoyur: “Münxen Təhlükəsizlik Konfransında Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Dövlətlərin xarici işlər nazirliklərinə də növbəti görüşün həyata keçirilməsi və delimitasiya, demarkasiya işlərinin davam etdirilməsi ilə bağlı tapşırıq verildi. Təəssüf ki, Ermənistan tərəfi bunu yanlış başa düşür və bütün razılıqların üzərindən xətt çəkir. Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana səfər edir və həmkarı Suren Papikyan ilə görüşür. Beləliklə, Ermənistana vəd edilən silahların bir hissəsi Fransa müdafiə nazirinin təyyarəsində gətirilir. Söhbət gecəgörmə cihazları, radar və sairdən gedir. Bütün bunlar sülhə böyük təhdiddir”.
Politoloq əlavə edib ki, Fransa yeni geosiyasi reallıqları təftiş edir və revanşizmi gücləndirir: “Burada məqsəd Ermənistanda Azərbaycana qarşı intiqamçı ruhu gücləndirməkdir. Fransa Prezidenti Emmanuel Makronun fikirlərində Qarabağı tərk edən ermənilərin qayıtmaq hüququna dair məqamları görürük. Çünki, Fransa və ona arxalanan Ermənistan sülhə qarşıdır. Münxen razılaşmaları da artıq iflasa uğradı və bununla da sülh təşəbbüsləri Ermənistan tərəfindən geri çevrilir. Makron Azərbaycan-Ermənistan münasibətlərində sülhə doğru irəliləyişlərin olduğunu gördü və hərbi seqmenti işə salaraq öz riyakarlığını göstərdi”.
Vüqar MƏMMƏDOV