-Adın nədir?
-Ləfxanım…
-Hansı kənddənsən?
– Daşbulaqdan gəlmişəm.
-Necə oldu? Niyə çıxdınız kənddən?
-Ermənilər qovdu.
-Ayağına nə oldu, qızım?
-Meşədə qaçanda oldu…
-Niyə elə oldu?
– Qarın içində qalanda oldu.
-Buzladı ayağın? İndi necəsən?
-Yaxşı
-Böyük qız olasan, ay Ləfxanım…
Uşaqlığımız 1992-ci ildə Ermənilər Xocalıda soyqırım törədən zaman ermənilərə əsir düşən və əsirlikdən xilas edilən 9 yaşlı Ləfxanımla Çingiz Mustafayevin bu dialoqunu izləməklə keçib. O, Xocalıdan çıxan əsirləri lentə alarkən bu uşağın ayağının dizinə qədər buzladığının şahidi olaraq ona yaxınlaşır. 5 saniyəlik bu dialoqda nələr yoxdur ki… Qorxu, qəzəb, kin, yurdsuzluq…
Çingiz Mustafayev yurdundan didərgin düşmüş, bir anda bütün həyatı, arzuları puç olmuş və bəlkə də, hələ başına gələn fəlakətin dərinliyini tam anlaya bilməyən 9 yaşlı balacaya “böyük qız olasan” deyir. O Ləfxanım bu gün böyüyüb, amma şaxtalı havada yenə o 7 günlük əsir həyatına geri dönür.
Ləfxanım Xocalı soyqırımı yaşanan gün ailəsi ilə birlikdə o dəhşətin canlı şahidi olur. Ermənilər onların kəndinə girən zaman meşəyə qaçırlar. 9 gün meşədə ac-sussuz qaldıqdan sonra ermənilərə əsir düşür, bir həftə əsir həyatı yaşayan qızcığaz xilas olur. Hazırda Ləfxanım üç uşaq anasıdır. Goranboy rayonunda yaşayır.
Onunla söhbətimiz telefon vasitəsi ilə gerçəkləşdi. Dəstəyin digər tərəfində uşaqlıqdan görüntüsünü izlədiyim o qorxaq baxışlı Ləfxanım idi. İndi özü də, səsi də böyümüşdü. Özümdən biixtiyar sual verirəm.
-Adınız nədir?
-Ləfxanım.
-Haradansınız?
-Daşbulaqdan. (Və özü sualsız davam edir-X.R.) Bizi ermənilər qovdu oradan. Meşə ilə qaçanda ayağım dondu. Böyüdüm…
-Bilirsiniz də, Xocalı faciəsini törədənlər Azərbaycan təcridxanasında öz cəzasını gözləyirlər.
– Onlar bizə bəşəriyyətin ən böyük zülmünü yaşatdılar. Bizim uşaqlığımızı, həyatımızı əlimizdən aldılar. Bir an belə onların etdikləri zülm gözümün qabağından getmir.
-Onlarla görüşmək və üz-üzə gəlmək imkanınız olsaydı nə deyərdiniz?
-Biz axı sizə nə etmişdik? Mənim kimi uşaqların günahı nə idi? Həyatımızı məhv etdiniz, sizi Allaha tapşırıram. Onların qanını da içsəm içimdəki bu kin, bu qəzəb, bu hirs soyumaz. Kaş ki, onlarla üz-üzə olaydım, bu illər ərzində yığılıb qalan ürək sözlərimi onlara deyəydim. Çox istərdim ki, bizə bu imkanı yaratsınlar.
-Xocalı qayıdanda gözləriniz ilk nəyi axtaracaq?
– Balaca Ləfxanımı. O qızı tapmaq istəyirəm, amma o qızın yaşadıqlarını bir daha yaşamaq istəmirəm.
– Ləfxanım nələr yaşayıb?
-Ermənilər mənim Xocalıdakı uşaqlığımı əlimdən aldı. Özümü dərk edəndən müharibə görmüşəm. Qan, göz yaşı, müharibə, zülm, güllə səsləri, qışqırıq, insan fəryadları, çarəsizlik… Geriyə boylanmaq istəməzdim.
– Amma Xocalıya qayıtmaq istəyirsiniz, eləmi?
-Əlbəttə ki, qayıtmaq istəyərəm. Ora mənim torpağımdır. Allah bizə bunu yaşatdı, istəyirəm o xoş günü görməyi də bizə nəsib etsin.
– Çingiz Mustafayevin çəkilişi necə yadınızda qalıb?
– Orda danışdıqlarımızın əksəriyyəti dumanlı şəkildə xatirimdə qalıb. Həmin müsahibəni götürəndə biz əsirlikdən xilas olmuşduq.
– Bəs kadr arxası nələr yaşanırdı?
– Bizi əsirlikdən gətirmişdilər, vəziyyət gərgin idi – qışqırıq, qan, ah-nalə, fəryad… Çingiz Mustafayev də əlində kamera insanlara yaxınlaşır, onlara təskinlik verməyə çalışırdı. Biz də bir saat olardı əsirlikdən gəlmişdik. Çəkiliş bitəndən sonra da o, gəlib başımı sığalladı. Dedi ki, qorxma sən ermənilərin əlindən xilas olmusan. Sizin üçün hər şey yaxşı olacaq. O hər kəsə təskinlik verirdi. Gözümdəki o qorxunu götürməyə çalışırdı və …
O vaxt xəstəxanaları dağıtmışdılar deyə vaqonlarda səyyar xəstəxana düzəltmişdilər. Bizə ilkin tibbi yardım göstərilirdi. Əsirlikdən gələnlər yaralı, uzanıqlı vəziyyətdə idi, hərəkət edə, yeriyə bilmirdik. O da gəlib insanlara mənəvi dəstək olurdu.
Çingiz Mustafayevin çəkdiyi kadr uzun müddət efirlərdə gedib. Bizim isə ondan xəbərimiz olmayıb. O kadrı efirdə görəndə uşaqlığımı tanıdım. O çarəsiz qızı gözlərindən tanıdım.
-Xankəndində yaşayan ermənilər torpaqlarımızı tərk etdi. 30 il əvvəlki köçlə indiki köç də dünya mediasında müzakirə edilir. Bizim uşaqlarımız oranı işgəncə ilə tərk etdiyi halda…
(Sözümü kəsir) Bəlkə də pis çıxar, dediyim sözü xahiş edirəm yanlış anlamayın. Onu qəbul edə bilmərəm. Mən o torpağı zülmlə tərk etmişəm. Gözüm nə faciələrin şahidi olub. Ermənilər bizim torpaqlarımızda bizimlə birlikdə yaşamaq istəyirlər. Başa düşürsünüz bu nə deməkdir? Bizə zülm edənlərin davamçılarının gözünün içinə baxa-baxa yaşaya bilmərəm. Erməni bizə o qədər zülmlər edib ki… Ailəmdə beş nəfərin ayağı pəncə hissədən yoxdur, günü bu gün də onlar əziyyət çəkirlər. Bunların hamısını mənim gözümün qarşısında baş verib. O ailəyə baxdıqca sanki o hadisələri hər gün yaşayıram. Mən gedib onlarla necə bir yerdə yaşaya bilərəm? Qardaşlarım, bacılarım, atam-anam əsir düşdü, ailə üzvlərimizin bir neçəsi şəhid oldu, bir çoxundan bu gün də xəbər yoxdur.
Siz ermənilərin torpaqlarımızı necə tərk etdiklərini izlədikdə reaksiyanız necə olur ?
– Xanım, o vaxt mənim 9 yaşım vardı. Mən əsirlikdə qalanda, su çörək istəyəndə məni vururdular ki, istəmə. Biz ac olanda bizi döyürdülər. Amma ermənilərə biz isti yeməklər, su veririk. Axı bizə o şans verilmədi.
– Yaşadıqlarınızı yaşamalarını istərdinizmi?
-Çox istəyərdim. Çünki onlar bizə elə əzablar ediblər ki… Atamı gözümün qabağında döyüb qabırğalarını sındırdılar, dişlərini çıxartılar. O 9 yaşlı uşağın gözünün qarşısında nələr olub bir Allah bilir. Yaşadıqlarım bir ömür boyu yadımdan çıxmaz.
– Aldığınız travma indiki həyatınıza necə təsir edib?
-Ailə üzvlərindən kimsə evdə olmayanda mən rahat ola bilmirəm. O qorxu, həyəcan, hamısı mənim yaddaşımda qalıb. Evdə otura bilmirəm, 40 yaşım olmasına baxmayaraq, o qorxu hələ də canımda qalıb. Hava soyuq olanda elə bilirəm o meşələrdə gəzirəm.
Biz o meşədə bəlkə də 100 meyitin üstündən keçdik. Çığıran, ah-nalə edən insanların səsi hələ də qulağımdadır. Onlar unudulmaz. Uşaqların ölümü, güllə səsləri. Meşədə insanları uşaqların səsi ilə tapır, onları güllələyirdilər. Bizi əsir götürdükləri tövlədə gənclərdən 7-sini seçib gözümüzün qarşısında güllələdilər, dedilər ki, yaxşı-yaxşı izləyin. Bacım əlimdən tutub qaçanda gedib çıxdıq meyitlərin üstünə. Ağ qar qırmızı qana bürünmüşdü. Hava soyuq olanda, qar yağanda o kadrlar gözümün önündən film kimi gəlib keçir. Bir də…. Bir də onu deyim ki, o fevral qarı var ha, o mənim üçün həmişə qırmızı yağır.
Bir uşağın ki, gözünün qarşısında əzizlərini döyələr… O tövlədə insanların aparıb başlarını kəsib onların papaqlarını bizim gözümüzün qabağında top kimi oynadırdılar. Əmim oğlu çox gözəl nağara ifa edirdi. Qarabağ mahnısını ifa etdiyinə görə qollarının ikisini də sındırmışdılar. Bacım başından yaylığını çıxarıb, onun qollarını bağladı ki, aşağı düşüb daha da ağrımasın. Bu gün də ondan heç bir xəbər yoxdur.
-Xocalıda ilk hara gedərsiniz?
– Biz Xocalıdan çıxanda evimizi yandırmışdılar. Bu gün də getsəm evimizin o yerini taparam. Xocalıdan çıxan sonuncu sakin mən olmuşam. Xocalıya qayıdan ilk sakin də mən olmaq istəyirəm. Ali Baş Komandanımızı orda görmək şansım olsa əllərindən öpüb bizə bu günü yaşatdığı üçün ona təşəkkür etmək istəyirəm. O, bu qisasın sonunu məhşərə qoymadı.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.
Xəyalə Rəis
Medianews.az