2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsi 2022-ci il fevralın 24-dən aktiv fazaya qədəm qoyub. Rusiya “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya müdaxilə etməyə başlayıb.
İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi tərəflərə nə qazandırıb, hansı itkilərə səbəb olub? Bu qanlı müharibə hansı şərtlər altında, nə zaman sona çatacaq? Bununla bağlı proqnozlar nədən ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, hazırda geosiyasi mübarizələrin açıq müharibələrə keçdiyi bir dövrü yaşayırıq.
Onun sözlərinə görə, yeni dünya düzəni adı altında böyük güclərinin yenidən öz təsir dairələrini müəyyən etməsi, digər dövlətlərin də bu qarşıdurmalardan az itki ilə çıxmaq cəhdlərinin edildiyi bir məqamdayıq: “İri dövlətlərin bundan istifadə edərək, bu geosiyasi mübarizədə öz maraqlarını həyata keçirdiyini müşahidə edirik. Rusiya-Ukrayna müharibəsi də geosiyasi mübarizənin nəticəsidir. İki ildən çoxdur ki, Rusiya Ukraynaya “xüsusi hərbi əməliyyat” adı altında hücum edib. Minlərlə insanların hər iki tərəfdən öldüyü, yaralandığı bir durumda müharibə daha da aktiv fazaya qədəm qoyur. Təbii ki, müharibə tərəflərə itkilərdən başqa heç nə qazandırmayıb. Rusiya ağır sanksiyalar altındadır. Bütün sivil dünyadan təcrid olunub. Vladimir Putin cinayətkar kimi beynəlxalq axtarışa verilib. Amma bunlar ikinci dərəcəli məsələlərdir. Məsələ ondadır ki, Rusiyanın hərbi imici yerlə bir olub. Qısa müddətdə Ukraynanı işğal etməyi planlayan Rusiya artıq üçüncü ilə keçib ki, bataqlığa batmış kimi əlləşir. Ordusu gün-gündən itkilər verir. Dünyanın ikinci böyük ordusu kimi qorxunc imici yox olub. Artıq Rusiyadan ancaq nüvə silahına görə ehtiyat edirlər”.
A.Qasımov deyib ki, müharibənin başa çatması hələlik mümkün deyil. Siyasi şərhçinin qənaətincə, bu, istər Rusiya, istərsə də Ukrayna rəsmilərinin ritorikalarında özünü göstərir: “Ukrayna Rusiya hərbçilərinin 1991-ci il sərhədlərinə geri çəkilməsini, Krımın azad olunmasını şərt olaraq irəli sürür. Rusiya isə əslində nə etmək istədiyini hələlik özü də bilmir. Ona görə ki, şərtləri artıq Kreml qoymur. Rusiyanın istəyi hələlik özünə birləşdirdiyi regionları tam ələ almaqdır. Şərtləri isə Qərb diktə edir. O, istədiyi vaxt Ukraynaya silah verməklə müharibəni qızışdırır, istədiyi vaxt səngidir. Qərb Rusiyanı tezliklə rahat buraxan deyil. Plana görə, Rusiya hələlik elə duruma düşməlidir ki, ancaq ayaqda qalmaqla məşğul olsun. Hesab etmək olar ki, Ukrayna-Rusiya müharibəsi bu il hələ davam edəcək”.
A.Qasımov söyləyib ki, Rusiya-Ukrayna savaşı ilə bağlı mümkün proqnozları ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələri də alt-üst edə bilər: “Eks-prezident Donald Trampın yenidən hakimiyyətə qayıtması bu müharibənin taleyində böyük rol oynaya bilər. Trampın açıqlamaları onu deməyə əsas verir ki, o, Rusiyanın mövqeyini dəstəkləyəcək. Bu isə bütün dünya nizamının pozulmasına gətirib çıxara bilər. Hesab edirəm ki, ilin sonuna hər şey dəqiqləşəcək. Hazırkı prezident Jozef Baydenin Ağ evdə qalması Rusiya üçün daha çətin dövrün başlanğıcı olacaq. Əsas məsələ odur ki, Ukrayna xalqı öz ümidini itirməsin. İndi az qala dünyanın taleyi onlardan asılıdır. Ya Ukrayna Rusiyanın başını qatıb digər dövlətlərin rahat nəfəs almasına imkan yaradacaq, ya da bütün dünya xaosa qərq olacaq”.
Vüqar MƏMMƏDOV