Tarixboyu dünyaya nümayiş etdirdiyi ədaləti, humanizm və sülhsevərliyi ilə seçilən Vətənimiz Azərbaycanın süfrəsi başında əyləşdirib, dost bilib isti ocağında duz-çörəyinə şərik etdiklərinin qatı düşmən çıxması, torpaqlarının daim yadellilərin işğalına məruz qalması, yeraltı və yerüstü sərvətlərinin çapılıb-talanması, qarət olunması hər bir siyasi gücə və xalqa yaxşı bəllidir. Dilindən, dinindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının çoxəsrlik mədəniyyəti ilə maraqlananlar yaxşı bilir ki, yurdumuzun qürur və şərəf dolu tarixi, zəfərləri, nailiyyətləri çətin, məşəqqətli günlərdə mətinliklə haqq-ədalət mübarizəsi aparmağımız, bir amal, bir əqidə uğrunda birləşib, böyük qələbələr, nurlu sabahlar naminə bütün fədakarlıqlara dözməyimiz nəticəsində qazanılıb. Bu gün qürurla, fəxrlə ötüb-keçən illərə nəzər salanda dünənimizə öyünür, sabahımıza daha güvənlə, inamla baxırıq.
Tariximizin şanlı səhifələrinə nəzər saldıqda görürük ki, Vətənimiz Azərbaycanın keçdiyi yol heç də hamar olmayıb. Xüsusən də ötən əsrin ilk illərindən başlayaraq erməni daşnaklarının qədim torpaqlarımıza qarşı qaldırdığı əsassız torpaq iddiaları, sözün əsl mənasında, xalqımızı zamanın sınağına çəkib, dövlətimizi ağır şərtlər qarşısında qalmağa, böyük tarixi qərarlar verməyə vadar edib. Bu çətin, məşəqqətli yolda erməni separatçılarının yaratdığı manelər böyük faciələrin mayası olub, bu təcavüzkar mövqe haradasa bir əsrə yaxın tarixdə davam edib və ötən əsrin 80-ci illərinin sonunda özünün ən pik həddinə çatıb. Haqqında danışdığımız hadisələr elə bir dövrə təsadüf etmişdi ki, həmin illərdə Azərbaycanda mövcud olan siyasi hakimiyyət dövləti, xalqı idarə edəcək gücə sahib deyildi. Ölkə daxilində anarxiya, hərc-mərclik artmış, ordu və silah-sursat ehtiyatları sıradan çıxmışdı. Belə bir şəraitdə qədim yurd-yuvamız, Vətənimiz, xüsusən də Qarabağımız açıq erməni təcavüzü ilə üz-üzə qalmışdı…
Xocalı faciəsi – əsrin cinayəti, tarixin qaranlıq üzü…
Rrməni separatçılarının Qarabağ isteriyasının tarixi, belə demək mümkündürsə, düşmən xalqın qondarma dövlətçilik tarixi formalaşdığı bir vaxtdan başlayıb və bu günə qədər də davam edir. Təsadüfi deyildir ki, min illər boyu Azərbaycan xalqının maddi-mənəvi sərvətlərinə, dövlətçilik maraqlarına, beynəlxalq nüfuzuna, torpaqlarına göz dikən erməni şovnistlərinin XX əsrdə xalqımıza qarşı törətdiyi ən qanlı-qadalı hadisələr də məhz tarixi yurdumuz olan Qarabağda baş verib. Bu qədim yurd yerində bir-birinin ardınca baş verən Qaradağlı, Malıbəyli, Qarakənd faciələri yaşanıb ki, bu da daha sonra XX əsrin ən böyük bəşəri cinayətinin baş verməsinə, Xocalı faciəsinin törədilməsinə gətirib çıxarıb.
Azərbaycan xalqının milli şüurundan heç vaxt silinməyəcək Xocalı faciəsi haqqında Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Xocalı faciəsi! Bu faciə insanlığa qarşı törədilmiş vəhşətin, dəhşətin qaranlıq üzü, xalqımızın, soydaşlarımızın ərşə ucalan haqq səsi, ümidləri puç olan ata-anaların çarəsizliyi, ümidsizliyi idi. Xocalı faciəsi bəşər tarixində görülməmiş, analoqu olmayan soyqırımı aktının qara yazısı, insan hüquq və azadlıqlarını dilindən düşürməyən beynəlxalq təşkilatların ədalətsizliyi, xalqımızın qanayan yarası, qan yaddaşıdır…
Bu cinayət azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır!
Xocalı faciəsini törədən Ermənistan hakim dairələrinin siyasəti bu faciədən çox-çox əvvəlki qırğınların siyasəti, forması, metodu ilə eynilik təşkil edirdi. Tarixi səhifələyib baxanda da, görürük ki, istər 1905-1906-cı illərdə, 1918-ci ildə, istərsə də 1980-ci ildən ta ki şanlı Vətən müharibəsinə qədər olan dövrdə törədilən faciələrdə erməni daşnaklarının həyata keçirdiyi böyük qəddarlıqların, vicdansızlıqların izləri vardır. Reallıqlar da bunu – erməni cinayətinin qabalığını, acımasızlığını, bir sözlə, soyqırımı aktlarının bütün gerçəkliklərini təsdiq edir. Tarix isə daşnakların o məşum gecədə xalqımıza yaşatdıqlarını belə qeyd edib: 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misligörünməmiş qəddarlıqla divan tutmuşdur. Mənfur düşmən bununla da kifayətlənməmiş, faciə günü Xocalı şəhərini tərk edən əhalini pusquya salmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında onları güllə yağmuruna tutmuşdur. Həmin dəhşətli səhnəni tariximizin daşlaşmış hafizəsi belə yada salır: Xocalı şəhərindən çıxıb dörd bir tərəfə dağılmış dinc sakinlər erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən, qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Biz sözlə, həmin dəhşətli gecədə Xocalı şəhəri yerləyeksan oldu. Həmçinin Xocalı soyqırımı zamanı 487 nəfər sakin ömürlük şikəstliyə məhkum edildi. Onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bununla yanaşı, işğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerləyeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı və məhv edildi…
Erməni zindanında 8 gün və ya dəhşətin əlli çaları
Xocalıda əsir götürülmüş 1275 nəfər dinc sakindən biri də Dürdanə xanım Ağayeva olub. Hazırda paytaxt Bakı şəhərində yaşayır. Xocalıda olduğu müddət ərzində bir neçə il, daha dəqiq desək, Xocalı şəhəri işğal olunana qədər rabitəçi vəzifəsində çalışıb. Həmin dəhşətli gecədə erməni zülmündən öz “nəsibini almış” Dürdanə xanım, düşmən separatçılarının azərbaycanlılara qarşı, xüsusən də Xocalıdan olan soydaşlarımıza qarşı törətdiyi cinayəti “Erməni zindanında 8 gün” kitabında böyük ürək yanğısı ilə sanki həmin günlərin dəhşətlərini yenidən yaşaya-yaşaya qələmə alıb. Kitabda daha çox müəllifin həmin gecə ilə bağlı xatirəsində qalan ağrı-acılar öz əksini tapıb. Dürdanə Ağayeva yazır: “…güllə ayağıma dəyib yaralamışdı. Huşumu itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi…Yerdə sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq ana deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın qanı bir-birinə qarışdı…Mən sürünə-sürünə irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə yeriyə bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən, 10-15 dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə dayandığını soruşanda, yaralı olduğu üçün yeriyə bilmədiyini dedi. Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs gəldi, kimsə Azərbaycan dilində “dayanın” dedi. Orada yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri maskalı dörd erməni gəlmişdi. “Sizə heç nə etməyəcəyik, bizimlə gəlin”,– dedilər. Biz də həm yaralı, həm də çarəsiz olduğumuz üçün onlarla getməyə məcbur olduq. Silahımız da yox idi ki, düşmən əlinə düşmədən özümüzü vuraq. Onda beş yaşlı uşaqla birlikdə beş nəfər idik. Dörd-beş kilometr piyada getdik. Əsgəran şəhərinə girəndə erməni qadınlar bizi söyməyə, daş atmağa başladılar. Bizi hərbi qərargaha apardılar. Orada Xocalıdan olan çoxlu uşaq, qadın, gənc qızlar var idi. Sonradan öyrəndim ki, meşənin içi ilə qaçan Xocalı sakinləri erməni kəndlərində kişilərin əlinə keçiblər. Pulları, qızılları, bir sözlə, hər şeylərini onlara verib xilas olublar. Amma bizim qaldığımız yer qorxulu idi, bütün erməni əsgərləri orda idi. Bəlkə də, 80-90 kişi, 50-60 qadın var idi. Kişiləri və qadınları ayrı-ayrı yerlərdə saxlayırdılar. Qadınları saxladıqları yerdə şüşəsi olmayan pəncərə var idi. Yer tamamilə beton idi və topuğumuza qədər su doldurmuşdular. Ayaq üstündə dayanmağımıza imkan vermirdilər. Məcbur edirdilər ki, buz kimi suyun içində oturaq…”
Kütləvi məzarlıqlar düşmənin barışmaz xislətini bir daha təsdiq edir
İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı ölkə mətbuatına artıq neçənci dəfədir, xəbərlər daxil edilir. Mənfur düşmən soydaşlarımıza qarşı törətdiyi çirkin xislətlərin, acımasız əməllərin üstünü sanki bu yolla ört-basdır etməyə, həqiqəti gün üzünə çıxartmamağa çalışır. Demək olar ki, Qarabağ ərazisindəki bütün yaşayış məskənlərimizdə aşkarlanan kütləvi məzarlar bunun əyani sübutu deyilmi? Elə ötən günlərdə işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması da bu terror aktlarının davamıdır. Belə ki, fevralın 21-də Xocalı Rayon Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunub. Araşdırma zamanı məlum olub ki, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib…
Bu xəbəri oxuyarkən dünyaca məşhur yazıçı Aleksandr Puşkinin “sən qorxaqsan, sən köləsən, çünki sən ermənisən!” deyimini xatırladım. Düşmənin alçaq, cılız mövqeyini göstərən, ermənilərin mənsub olduğu milliyyətin daxilindəki çirkabı dünyaya tanıdan bunun kimi bir çox tezislər var. Ancaq şüurumun dərinliklərində lövbər salmış intiqamın, mənəviyyatımın bütün qatlarına hopmuş qisas yanğısını ifadə edəcək bundan yaxşı cümlə tapmadım… Bəli, sən alçaqsan, sən cılızsan, mənfur düşmən, mənfur erməni! Sən o qədər cılızsan, acımasızsan ki, biz sənin məkirli niyyətini elə beynəlxalq müstəvidə, dünyanın gözü qarşısında bəyan edərkən, sən cəbhə xəttindən çox-çox uzaqda olan yaşayış məskənlərimizi atəşə tutmaqla, soydaşlarımızı, əlsiz-ayaqsız qocalarımızı, cavanlarımızı gülləbaran etməklə məşğul idin. Sən o qədər qorxaqsan, cılızsan ki, sənin olmayan torpaq üçün, sənə aid olmayan Vətən üçün “mücadilə” aparıb şəhid olan “oğullarının” cənazəsini belə donuzların tapdağı altda qoymuşdun… Azərbaycan xalqı səni və havadarlarını hələ Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanmadan öncə, elə beynəlxalq müstəvidə məğlub etmişdi. Bəli, “Xocalıya ədalət!” kampaniyasının uğurlu siyasəti ilə… Bu siyasət uzun müddət xalqımızın qəlbində qalaqlanmış nisgilə, qaysaq bağlamayan Xocalı yarasına, yurd oduna, alovuna şəfa bəxş etdi. Çətin oldu, ancaq haqq-ədalət öz təsdiqini tapdı və Xocalı soyqırımı zamanı canını qurban etmiş soydaşlarımıza, bir gecənin içində külə dönmüş, məhv olmuş, tarixinə, mədəniyyətinə kölgə salınmış Xocalıya zaman öz qiymətini verdi!
Qisası qiyamətə buraxmamaq amalı – müqəddəs məqsəd
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” söyləyən ölkə başçısı cənab İlham Əliyev Qarabağın azadlığı məsələsinə daim böyük həssaslıqla, ciddi münasibətlə yanaşıb. Ölkəmizə rəhbərliyi dövründə Ali Baş Komandan beynəlxalq tədbirlərdə, ali kürsülərdə “Xocalıya ədalət!” şüarını səsləndirib, düşmən ölkəni sülh və əmin-amanlıqla torpaqlarımızı birdəfəlik tərk etməyə, dövlət müstəqilliyimizi tanımağa çağırıb. Lakin Ermənistan siyasi elitası və onun havadarları öz ambisiyaları və maraqları ucbatından dövlətimizin bu çağırışlarına cavab verməyib. Bu da bəs etmirimiş kimi Qarabağla yanaşı, digər tarixi torpaqlarımıza qarşı ərazi iddialarına da başlayıb…
Qeyd etmək yerinə düşər ki, 2020-ci il sentyabr ayının 27-də ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi, əslində, xalqımızın illərlə qəlbinə yığılıb qalaqlanmış kininin, düşmənə olan nifrətin, intiqam hissinin nəticəsi idi. Şanlı Vətən müharibəsinin başladığı tarixdən etibarən rəşadətli Azərbaycan Ordusu böyük məharətlə, hərbi səriştə və bacarıqla qısa müddət ərzində Qarabağda Dövlət Bayrağımızı ucaltmağa müvəffəq oldu. Xocalı sakinləri də bütün Azərbaycan xalqı kimi əmin idi ki, Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə Xocalı şəhəri və Xankəndi düşmən işağlından azad olunacaq. Çünki Xocalı və Xankəndinin azadlığı digər torpaqlarımızla müqayisədə daha böyük mənəvi səciyyə və əhəmiyyət daşıyırdı. Təbiidir. Çünki bu illər ərzində Xocalı şəhəri xalqımız üçün sıradan torpaq məsələsi olmaqdan çıxmış, milli təəssübkeşlik və qeyrət rəmzinə çevrilmişdi. Bəlkə, elə bu səbəbdəndir ki, Ali Baş Komandan üçrəngli bayrağımızı Xocalıda dalğalandırarkən daha çox sevinmiş, şanlı Azərbaycan Bayrağının bu yerdə, qədim Azərbaycan torpağında dalğalanmasını böyük qələbə bilmişdi. Bəlkə, elə buna görə idi ki, cənab Prezident öz səsvermə hüququnu Xankəndidə həyata keçirmişdi…
Azərbaycan Ordusundan Setapan Şaumyana “anım günü hədiyyəsi” və ya erməni tabutuna vurulan son mismar…
Hər dəfə ordumuzun Qarabağda əldə etdiyi qələbədən danışanda, çox zaman belə bir ifadə işlədirik: İlahinin haqq-ədaləti öz təsdiqini tapdı, tarixin çərxi bu dəfə də təkrarlandı, amma 90-cı illərdə, yaxud da ondan çox-çox əvvəllər olduğu kimi düşmənin xeyrinə yox, Vətənimiz Azərbaycanın xeyirinə, xalqımızın xeyirinə… Bəs tarixdə o gün, yəni 20 sentyabr nə baş vermişdi? Bu tarix nəinki bütöv azərbaycanlıların, hətta bütün Turan-Türk xalqlarının qəlbinə su səpildiyi, 31 mart–Dünya Azərbaycanlılarının Soyqırımı Günündə Bakı, Quba, Nuxa, İrəvan, Naxçıvan və bir sıra tarixi Azərbaycan şəhərlərində erməni daşnakları tərəfindən amansızcasına qətlə yetirilən soydaşlarımızın ruhlarının asimanda pərvaz etdiyi gündür. O gün, yəni 20 sentyabr Azərbaycan xalqının düşməni, mart soyqırımlarının “müəllifi” Stepan Şaumyanın öz havadarlarının əmri ilə edam edilib cəhənnəmə vasil edildiyi gündür. İşğalçı Ermənistanın Stepan Şaumyanın şərəfinə adlandırdıqları Stapanakert şəhərinin, yəni qədim Xankəndinin məhz bu tarixdə düşmənlərdən təmizlənməsi, ordumuzun 24 saatlıq lokal antiterror əməliyyatları ilə Qarabağ üzərindəki nəzarəti tamamən öz öhdəsinə götürməsi, görəsən, həqiqətən də, İlahinin təqdiri deyilmi? Səbəb nə olursa-olsun, bu, Şaumyanın edam edildiyi gündə onun “şərəfinə” Stapanakert adlandırılan Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi, əlbəttə ki, rəşadətli Azərbaycan Ordusunun ermənilərə “hədiyyəsidir”, Stepan Şaumyana unutmayacağı “anım günü hədiyyəsi…”
“Dövlətçilik tarixində” daim Azərbaycandan tutarlı cavablar almağa, məhv edilib, məğlub olmağa öyrənmiş Ermənistan daha bir ağır zərbəni 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində, daha dəqiq desək, qalib xalqın qalib liderinin andiçmə mərasimində aldı. Ölkə başçısının həmin tədbirdə söylədiyi fikirlər hər birimizin yaddaşına həmişəlik həkk olundu. Bununla yanaşı, Ali Baş Komandanın düşmən ölkənin barışmaz mövqeyinə qarşı yanaşması, dövlətimizin Qarabağda apardığı işlərə, yenidənqurma, abadlaşdırma proseslərinə münasibəti, habelə ölkə başçısının məhz Xankəndi şəhərindəki səsvermə prosesində iştirak etməsi düşmənə vurulan son zərbə idi. Prezident cənab İlham Əliyevin növbəti tarixi siyasi qələbədən sonrakı andiçmə mərasimində söylədiyi “o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi…” fikirləri Azərbaycan dövlətinin, xalqının, odusunun növbəti uğuru, erməni separatçılarının xalqımızdan aldığı ən böyük zərbə idi…
Qan yaddaşlı illərdən şan yaddaşlı günlərə…
Bütün bu uğurların, müvəffəqiyyətlərin, Vətənimizin əldə etdiyi siyasi nailiyyətlərin tərənnümünü sözlə ifadə etmək, bütün bunları bir yazıyla, hətta bir neçə yazıyla ifadə etmək çox çətindir. Ancaq bu gün xalqımızın milli şüurunda həmişəlik qalacaq tək reallıq var ki, o da “Bizim sözümüz imzamız qədər keçərlidir” söyləyən qalib rəhbərin fikirləridir. Bu fikirlər həm də cənab İlham Əliyevin qurub-yaratdığı müasir Azərbaycan modelinin tərənnümü, Qarabağda bərpa etdiyimiz ədalətin şüarı, Xocalıda tökülən qanların, şəhid edilən, əsir düşən soydaşlarımızın ərşə ucalan haqq səsi, haqq sözüdür. Bu, düşmən üzərində qələbə qazanan xalqımızın qan yaddaşlı illərdən, şan yaddaşlı günlərə gəlib çıxdığı o məşəqqətli yolların son dayanacağı, qədim torpağımız olan Qarabağla birgə başladığımız yeni dövlətçilik tariximizin ilk addımlarıdır…
Məcid RƏŞADƏTOĞLU