Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb. Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir. Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir. Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Hərbi ekspert Ədalət Verdiyev Medianews.az-a bildirib ki, Pakistandan “JF-17C Blok-III” qırıcılarının, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş sursatlarının alınmasına dair müqavilə imzalanması barədə rəsmi açıqlama yoxdur.
Onun sözlərinə görə, hələlik bu barədə məlumat yalnız Pakistan mətbuatında yayılıb: “Hərbi təyyarələrin alınmasına dair rəsmi məlumata sahib olmasaq belə, Azərbaycanın ötən illərdə Pakistan aviasiya vasitələri ilə yaxından maraqlandığı heç kimə sirr deyil. Hazırda da pilotlarımız Pakistan istehsalı olan hərbi təyyarələrdən təlim məqsədilə uğurla istifadə edir. “JF-17C Blok-III” qırıcılarının əsas üstünlüyü ondan ibarətdir ki, digər hərbi təyyarələrlə müqayisədə kifayət qədər baha deyil, münasib qiymətə təklif olunur. Bu qırıcıların keyfiyyətinə və imkanlarına gəlincə, keçmiş SSRİ və müasir Rusiya istehsalı olan reaktiv təyyarələrdən daha üstündür”.
Hərbi ekspert deyib ki, Hindistan-Pakistan qarşıdurmasında uğurla sınaqdan çıxan, ölkəsinin hərbi hava qüvvələrinə səma döyüşlərində üstünlük gətirən bu reaktiv təyyarələr Azərbaycan Silahlı Qüvvələrinin də hərbi gücünə güc qatacaq: “Bu qırıcılar dördüncü nəslə aid olsa da beşinci nəslin bir çox avionika və bolt elektron avadanlıqlarından istifadə edir. “JF-17C Blok-III” qırıcıları Hindistan-Pakistan qarşıdurması zamanı sınaqdan keçib və hava döyüşlərində üstünlüyə malik olub ki, bu da hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Xüsusilə qeyd edim ki, o zamankı münaqişə dövründə Pakistan bu qırıcının hələ əvvəlki versiyası ilə havada hərbi üstünlüyünü qoruyub saxlayıb. Hətta Hindistan hərbi təyyarəsini məhv edib və hindistanlı pilot Pakistan tərəfinə əsir düşüb. Bunları misal çəkməklə qeyd etmək istəyirəm ki, əgər həqiqətən də Pakistandan belə bir qırıcıların alınmasına dair müqavilə imzalanıbsa, “JF-17C Blok-III” təyyarələrinin hərbi hava qüvvələrimizin istifadəsinə verilməsi ilə aviasiya gücümüz daha da artacaqdır”.
Alpər TURAN