“Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfərində rəsmi Parisin bundan sonra da Cənubi Qafqazda gərginliyin qalmasına çalışacağından xəbər verən göstəri və emosiyadan başqa diqqət çəkən heç nə görmədim. Prezident Emmanuel Makron Avropa Birliyinin Ermənistandakı “mülki” missiyasından, “Avropa Sülh Fondu”nun xətti ilə “kiçik bacı”ya edilən və ediləcək yardımdan söz saldı. Ardınca Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulduqlarına görə, “əziz Nikolu” təriflədi. Görünənlərdən ancaq bir nəticə çıxır ki, bütün bunlar məhz Yelisey sarayının diktəsi ilə baş verib”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
O qeyd edib ki, Makronun növbəti dəfə Azərbaycana dair tənqidi fikirlər səsləndirməsinə səbəb Fransanın öz meydanı saydığı qarışıq bir çox müstəvilərdə təklənməsi və ofsaytda saxlanmasıdır: “Paşinyanla görüşdə özünün birincidən daha çox hay təəssübü çəkdiyini növbəti dəfə gözə soxan bu sözdə müsyönün əməldə onların nə dərəcədə işlərinə yaradığını bilmək üçün, qonşularımız yaxşı olardı ki, iki fakta diqqət yetirərdilər. Baxın, “əziz Emmanuel” Paşinyanın “sülh qovşağı” layihəsini dəstəklədiyini və Mərkəzi Asiyaya səfəri zamanı onu təşviq etdyini dedi. Xatırladaq ki, Qazaxıstanla Türkiyə arasında beynəlxalq daşınma haqda anlaşma hər iki ölkənin parlamentlərində artıq ratifikasiya edilib ki, bu da yüklərin Transxəzər marşrutu və Bakı-Qars dəmir yoluyla çatdırılması vaxtının 13-15 gündən cəmi beş günə endirilməsini nəzərdə tutur. Maraqlıdır, Fransa Prezidenti Paşinyanın “sülh qovşağı”nı Orta dəhlizin harasında görür və Azərbaycanın izni olmadan onu buraya necə qoşacaq? Baxıram haylar bu səfəri ilk növbədə ona görə uğurlu sayırlar ki, orada Makron yenə də bizim əleyhimizı nə isə danışıb. Amma məsələ burasındadır ki, onu bu dəfə ölkəmizi tənqidə vadar edən saxta hay “təəsübkeşliyi”ndən çox, Prezidentimizin Münxen Konfransında keçirdiyi görüşlərdən də göründüyü kimi, Fransanın öz meydanı saydığı qarışıq bir çox müstəvilərdə təklənməsi və ofsaytda saxlanmasıdır. Üstəlik, keçmişin təcrübəsinə dayansaq, görərik ki, bu qəbil tənqidlər regiondakı reallığa elə də təsir etmir, edəndə də nəticə heç də Ermənistanın arzuladığı kimi olmur”.
Millət vəkilinin sözlərinə görə, N.Paşinyanın Fransa səfərində haylar üçün təsəlli sayılacaq sadəcə bir olay var: “Bu, Makronun da etiraf etdiyi kimi, dəridən-qabıqdan çıxsa da, uğrunda vuruşduğu Fransanın vətəndaşlığını ala bilməyən Misak Manuşyanla xanımının cəsədlərinin qalıqlarının təxminən 80 il sonra panteonda basdırılmasıdır. Ermənistan baş naziri bunu iki “bacı” arasında “dərin emosional əlaqə” kimi dəyərləndirir. Dəyərləndirməsinə dəyərləndirsin, amma onun Parisə çağırılması əgər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərinə cavab idisə, onda ikinci “iki dövlət bir ordu” modelinin ölkələrimizin hərbi sənaye komplekslərinə yanaşmada da keçərli olacağını, bunun üçün kadr hazırlığından tutmuş gərəkən nə lazımdırsa edildiyini, digər mühüm reallıqları üzə çıxardı. Bəs Ermənistan baş naziri “əziz”lənməkdən, bir də hansısa soydaşının cəsədinin 80 ildən sonra belə demək mümkünsə, daha urvatlı yerdə basdırılmasını görüb emosional hisslər keçirməkdən başqa Parisdə nə əldə etdi? “İki bacı, bir emosiya” formatında davam etdirilən Fransa-Ermənistan əməkdaşlığı onlara nə verəcək?”
Turan ORUC