ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Reuters”ə bildirib ki, Ukraynadakı müharibə indiyədək Rusiyaya 211 milyard dollara başa gəlib. Qeyd olunub ki, indiyədək təxminən 315 min rus əsgəri ölüb və ya yaralanıb. Ukrayna Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus ən azı 20 orta və böyük gəmini, həmçinin Rusiya bayraqlı bir tankeri məhv edib və ya zədələyib. Sözsüz ki, Ukrayna tərəfinin də itkiləri az deyil.
Belə bir gerçəklik şəraitində Rusiya, yaxud Ukrayna daha neçə il müharibə aparmaq iqtidarındadır?
Mövzu ilə bağlı fikirlərini Medianews.az-a bölüşən politoloq Yusif Bağırzadə bildirib ki, hələ də davam edən Rusiya-Ukrayna müharibəsində təbii olaraq hər iki tərəf böyük itkilərlə üzləşib.
Onun sözlərinə görə, istər Rusiya, istərsə də Ukrayna tərəfdən yüz minlərlə ölən və yaralanan var: “Hər iki tərəf külli miqdarda silah və texnika itirib, eyni şəkildə hər iki ölkənin iqtisadiyyatına külli miqdarda ziyan dəyib. Ukrayna ilə müharibədə Rusiya tərəfinin indiyə qədər 211 milyard dollardan çox vəsait xərcləməsi ilə bağlı məlumatlar var. Eyni şəkildə Ukrayna da öz vəsaitindən başqa, ABŞ və Avropa İttifaqı ölkələrindən aldığı milyardlarla dollar vəsait xərcləyib. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq yardım haqqında 815 saylı qanun layihəsini dəstəkləməsi ilə ABŞ tərəfindən Ukraynaya daha 60 milyard dollar maliyyə ayrılması nəzərdə tutulub. Buraya ABŞ-nin indiyə qədər Ukraynaya hərbi ehtiyaclar üçün 75 milyard və digər ehtiyaclar üçün daha 38 milyard dollar ayırdığını, eləcə də Avropa İttifaqı ölkələri tərəfindən ayrılan 110 milyard dolları da əlavə etdikdə görürük ki, müharibə Ukraynaya sırf maliyyə baxımından daha baha başa gəlir”.
Politoloq deyib ki, bu şərtlər daxilində Rusiya və Ukraynanın daha neçə il müharibə aparmaq iqtidarında olmasını dəqiq proqnozlaşdırmaq mümkün deyil: “Rusiya bütün sanksiyalara rəğmən, müharibəni davam etdirmək iqtidarındadır. Çünki Avropa İttifaqı ölkələrinin bir qismi hələ də sanksiyalara baxmayaraq, Rusiya ilə ticarət münasibətlərini davam etdirir. Hətta ABŞ-nin özündə belə, ayrı-ayrı şirkətlər təkcə 2023-cü il ərzində Rusiyadan enerji məhsullarının alınması ilə bağlı iki müqavilə əsasında Rusiyaya milyonlarla dollar vəsait ötürüb. Odur ki, hadisələrin bundan sonrakı gedişi Qərbin Ukraynaya dəstəyinin hansı səviyyədə olacağından asılıdır. Görünən odur ki, Qərb Ukraynaya əvvəlki kimi maddi və hərbi dəstək göstərməkdə maraqlı deyil. Bunun da müxtəlif səbəbləri var. Lakin ən başlıca səbəb “kollektiv Qərb”in artıq öz istəklərinə nail olması ilə bağlıdır. Qərbin istəyi Rusiyanı münaqişəyə cəlb etməklə ona qarşı misli görülməmiş sanksiyalar tətbiq etməkdən ibarət idi ki, buna da nail olunub”.
Y.Bağırzadə söyləyib ki, Rusiyaya ayrı-ayrı sahələr üzrə təxminən 12 minə yaxın sanksiya tətbiq olunub. Onun qənaətincə, bu, Rusiyanın iqtisadi cəhətdən zəifləməsinə və öz valyuta resurslarını fantastik dərəcədə xərcləməsinə gətirib çıxarıb: “Qərb artıq Rusiya iqtisadiyyatını zəiflətmək hədəfinə nail olub. Digər məqsəd NATO-nun genişlənməsini həyata keçirmək idi. Buna da nail olunub. Ukraynanın NATO-ya üzv olmamasına baxmayaraq, Finlandiyanın Alyansa daxil olması Rusiya ilə sərhədləri 1200 kilometrə qədər yaxınlaşdırıb. Bu da NATO-nun Rusiya ilə sərhədlərinin iki dəfə artması deməkdir. Üstəlik, Rusiyanı həmsərhəd olduğu Ukrayna ilə əbədi düşmənə çevirdilər. Qərb də yaxşı bilir ki, artıq Rusiya ilə Ukraynanın münasibətinin əvvəlki səviyyəyə çatması mümkün deyil. Onu da anlayırlar ki, Ukrayna hərbi dəstək almasa belə, partizan müharibəsi ilə öz mübarizəsini davam etdirəcək. Odur ki, Qərb üçün əlavə resurs xərcləmək artıq mənasız bir iş kimi görünür. Bütün bunları göz önünə aldıqda deyə bilərik ki, zamanla Qərbin Ukraynaya dəstəyinin böyük ölçüdə azalmasına şahidlik edəcəyik. Elə bu səbəbdəndir ki, Qərbdə ayrı-ayrı dairələr artıq Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmasının vacibliyi ilə bağlı çağırışlar edirlər”.
Lamiyə MİRZƏYEVA