Venesuela prezidenti Nikolas Maduro yaxın perspektivdə ölkəsinin BRİCS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacağını bəyan edib. O, yeni dünya düzəni yaranmasının və BRİKS-in konsolidasiyasının geri dönməz hal aldığını qeyd edib.
Sıraları genişlənən bu təşkilatın iqtisadi, siyasi əhəmiyyəti, məqsədi nədən ibarətdir? Azərbaycanın da belə bir təşkilata üzv olması mümkündürmü? Bu təşkilata üzvlük ölkəmizə nə verə bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Amid Əliyev bildirib ki, Venesuelanın BRİCS qrupuna qoşulması haqqında prezident N.Maduronun bəyanat verməsi heç də təsadüfi deyil.
Onun sözlərinə görə, BRİCS iqtisadi təşkilatıdır və əsasən neft ixrac edən, həmçinin iqtisadiyyatı orta səviyyədən daha yüksək olan dövlətləri özündə birləşdirir: “Xüsusi olaraq qeyd etmək lazımdır ki, BRİCS təşkilatında əsasən Rusiya, Hindistan və Çin kimi dövlətlər dominantlıq edirlər. Hazırda Rusiyanın Venesuela ilə münasibəti iqtisadi, siyasi, hüquqi və digər tərəfdən çox vacibdir. Nəzərə alaq ki, ABŞ bütün sahələr üzrə Rusiyaya qarşı hücuma keçib və artıq Avropa dövlətləri tərəfindən bu ölkəyə qarşı 13-cü sanksiyalar paketi tətbiq olunub. Belə bir halda Kreml rəhbərliyi ABŞ və onun ətrafında olan ölkələri özünə cəlb etməklə yanaşı, Vaşinqtona qarşı koalisiya yarada bilər. Venesuela özü ABŞ-nin təzyiqi altında olan bir dövlətdir və nefti yalnız məhdud dövlətlərə sata bilir. Venesuelanın BRİCS-ə qoşulması ilə bu təşkilat siyasi cəhətdən genişlənə bilər. Venesuela siyasi, xüsusən də iqtisadi dividend əldə edə bilər”.
A.Əliyev söyləyib ki, beynəlxalq münasibətlərin yeni modeli kimi təqdim olunan BRİCS təşkilatına Azərbaycanın qoşulması ölkəmiz üçün yeni iqtisadi imkanlar yarada bilər: “Azərbaycanın Rusiya, Çin və Venesuela ilə olduqca vacib əlaqələri var. Rusiya müttəfiqimiz, qonşumzdur. Çin Uzaq Şərqdə vacib regional dövlətlərdən biridir, Azərbaycanla əlaqələri yaxşı səviyyədədir. Azərbaycanda bu bölgədə enerji resursları ixrac edən, dünya dövlətləri ilə bu müstəvidə danışıqlar aparan və iqtisadi dividend əldə edən dövlətlər sırasında yer alır. Azərbaycanın BRİCS-ə daxil olması ölkəmizə yeni iqtisadi məkanlar, imkanlar yarada bilər. Bununla Azərbaycan neftinin dünya dövlətlərinə ötürülməsi sistemi də tənzimlənə bilər. Səhv etmirəmsə, BRİCS-ə Azərbaycanın qonaq qismində dəvət olunması üçün müəyyən addımlar atılıb. Azərbaycana bu istiqamətdə ciddi təkliflər gələrsə, rəsmi Bakı bu təklifləri dəyərləndirib iqtisadi dividendlər əldə edərsə, bu təşkilatda təmsil olunan dövlətlərlə iqtisadi sahədə münasibətlərini daha da təkmilləşdirə, yeni bir səviyyəyə gətirə bilər”.
Siyasi şərhçinin qənaətincə, Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika dövlətlərinin cəmləşdiyi iqtisadi təşkilatda Azərbaycanın da özünəməxsus maraqları ola bilər: “İlk növbədə Azərbaycanın bu dövlətlərə neft-qaz ixrac etməsi, qarşılıqlı iqtisadi əlaqələrin qurulması və bunun fonunda siyasi dividendlərin əldə olunması nəzərdə tutula bilər. Düşünürəm ki, belə bir təşkilata üzv olmaq, həm iqtisadi, həm də siyasi dividendlər qazandıra bilər. Hesab edirəm ki, BRİCS-dən Azərbaycana hər hansı təklif gələrsə, rəsmi Bakı atılacaq addımları dəqiq hesablamaqla, ölkəmizin maraqları naminə müvafiq qərar verəcəkdir”.
Lamiyə MİRZƏYEVA