Rusiyada 19 il müddətinə azadlıqdan məhrum edilən, Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan müxalifətçi Aleksey Navalnı fevralın 16-da günortadan sonra vəfat edib. Federal Penitensiar Xidmətin bu barədə yaydığı məlumata görə, siyasi məhbus gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər. Rusiya hakimiyyətinə yaxın mətbuat A.Navalnının qan laxtalanmasından (tromb) həyatını itirdiyini yazıb.
Rusiyalı müxalifətçinin zindanda, xüsusən də Almaniyanın Münhen şəhərində 60-cı beynəlxalq təhlükəsizlik konfransı – dünyada təhlükəsizlik məsələləri üzrə ən nüfuzlu forum ərəfəsində vəfat etməsi, cənazəsinin hələ də ailəsinə verilməməsi müxtəlif mülahizələrə yol açıb. Kreml rəhbərinin göstərişi ilə A.Navalnının öldürüldüyünü iddia edənlər bunu Rusiyanın ABŞ-yə, ümumən “Kollektiv Qərb”ə mesajı kimi qələmə verirlər. Buna əsas kimi Münhendə müzakirəyə çıxarılan əsas mövzunun Ukrayna müharibəsi, Qərb müttəfiqlərinin Kiyevə dəstəyini artırmaq istəməsi, Təhlükəsizlik Konfransının ən görkəmli qonağının isə Vladimir Zelenski olması göstərilir.
Digər bir iddia rusiyalı müxalifətçinin Qərb kəşfiyyatı tərəfindən öldürülməsidir. Bu fikri irəli sürənlərin qənaətincə, Qərb bununla Rusiyada narazı və etirazçı kütləni ayağa qaldırmaq, ölkə daxilində sabitliyi pozmaq və nəticə etibarilə Ukrayna cəbhəsində müharibə aparan və irəliləyən dövləti daxildən zəiflətmək istəməsidir. Hansı ehtimallar həqiqətə daha yaxındır? A.Navalnını kim öldürüb? Onun ölümü Rusiyanın siyasi rəhbərliyinin, yoxsa Qərbin marağına uyğundur?
Mövzu ilə bağlı Medianews.az-a danışan sabiq təhlükəsizlik xidməti zabiti Ərəstun Oruclu bildirib ki, Rusiya mənbələrində A.Navalnının ölümü ilə bağlı istifadə olunan termin əsassızdır.
Onun sözlərinə görə, bu termin İslah Əmək Müəssisələri üzrə Federal Qurumu tərəfindən hansısa həkimlər vasitəsilə ortaya atılıb: “Navalnının ölüm səbəbi müxtəlif ola bilər. On ildən artıq reanimotoloq təcrübəsi olan həkim kimi deyə bilərəm ki, qəflətən ölüm diaqnozu var. Amma Navalının hazırda elan edilən ölüm səbəbini araşdırsaq görərik ki, bu göstərilən diaqnoz daha çox yeni doğulmuş uşaqlara aiddir. Onun trompdan ölməsi iddiası da əsassızdır. Bu isə ağciyər arteriyasının tromboemboliyası adlanır. Bununla da Rusiya tərəfi bu məsələni etinasız şəkildə öz axarına buraxır. Anna Politkovskaya kimi məşhur jurnalist qətlə yetirildi, lakin cinayət işi açılmadı. Nemtsov qətlə yetirildi yenə cinayəti törədənin kimliyi bilinmədi. Navalnının ölümü də heç nəyi dəyişməyəcək və hadisələrin gedişatı bunu göstərir. Navalnının öldürülməsi ehtimalı mümkündür. Çünki Navalnıya qarşı sui-qəsd cəhdləri də olub. Bununla bağlı bolqar ekspertləri və Navalnının özü araşdırma apararaq, o zəhərlənməni sübut etmişdilər. Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları o əməliyyatda birbaşa iştirak ediblər. O zamanlar Rusiyanın dövlət orqanları Navalnının müalicə üçün xaricə göndərilməsini gecikdirirdilər, lakin səyləri nəticəsiz qaldı. Navalnı Berlinə vaxtında gedə bildi. Almaniyalı mütəxəssislər onun qanında “Noviçok” adlı zəhərli kimyəvi silahın əlamətlərini tapdılar. Təbii ki, Rusiya bunu təkzib elədi. Belə əməlləri, qətlləri inkar edən Rusiya rejiminin hadisələrlə bağlı qəribə məntiqi var. Onlar ilk başda cəmiyyəti inandıracaq bir səbəb deyirlər, bu hadisənin törədilməsinin onların özlərinin də maraqlı olmadıqlarını vurğulayırlar. Lakin, zaman keçdikcə bütün bu qətllərin hökumətlər tərəfindən törədildiyini görürük”.
Ə.Oruclu rusiyalı müxalifətçinin qətlinin Qərbin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilməsi iddiasına da münasibət bildirib: “Heç kim iddia etmir ki, Qərb xüsusi xidmət orqanları mələkdir, yaxud onlar hansısa əməliyyatı həyata keçirə, cinayət törədə bilməzlər. Amma, əgər Rusiyanın şimal qütbündə yerləşən, xüsusi mühafizəli və qapalı tipli həbsxana olan “Qütb canavarı”nda siyasi məhbus xarici düşmənlər tərəfindən qətlə yetirilirsə, Rusiyanın güc və müdafiə qabiliyyəti ilə öyünməsi, dünyaya meydan oxuması absurddur. Münxen Təhlükəsizlik Konfransında Navalnı tərəfdarlarının və Zelenskinin qonaq olması, Konfransın Ukraynaya yardıma həsr olunması və buna cavab olaraq Navalnının öldürülməsi tezisi də yanlışdır. Çünki, həmin tədbir ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski Avropada səfərdə idi. Tədbirə bir neçə gün qalmış, Fransa, Almaniya və digər ölkələr ilə ikitərəfli sazişlər imzalanmışdı. Yəni, Avropanın münasibətinin dəyişməsi üçün Navalnını öldürməyə ehtiyac yox idi. Bu gün qlobal siyasətdə Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində başlanmış müharibədən başqa, aktual olan heç nə yoxdur”.
Ə.Oruclunun qənaətincə, qapalı həbsxanada A.Navalnının xarici qüvvələr tərəfindən öldürülməsi yalnız bir halda mümkün ola bilər ki, Rusiyanın ən yüksək siyasi dairələrində xarici düşmənlərlə iş birliyi edən şəxslər olsun: “Yalnız belə hal olduğu təqdirdə, onların tapşırığı ilə Rusiyanın, prezident Vladimir Putinin maraqlarına ziyan vurmaq üçün belə bir qətl törədilə bilər. Bu isə heç inandırıcı görünmür. Dünyanın müxtəlif yerlərində qətllər törədən Rusiya xüsusi xidmət orqanları öz ərazisindəki qapalı tipli həbsxanadakı siyasi məhbusun öldürülməsinin qarşısını ala bilməyəcək qədər aciz deyil. Xarici düşmənlərin belə bir qətli törətməsi barədə iddialar Rusiya təbliğatının həyasız versiyasıdır. Rusiyanın törətdiyi bütün cinayətlər, qətllər məhz bu cür əsaslandırılır. Amerikalı jurnalist Tucker Carlsonun Vladimir Putinlə müsahibəsində biz gördük ki, Rusiyanın çeçen komandirini öldürmüş və hazırda Almaniya həbsxanasında cəza çəkən polkovnikin “Orsted Journal”ın şərlənərək həbs edilən jurnalisti ilə birbaşa dəyişdirilməsi təklif olundu. Bunu Rusiyanın dövlət başçısı etdi. Bu şeyləri edən dövlətin başqa yerdə cinayətkar axtarması absurddur. Amma Rusiyanın rəqibləri də mələk deyillər. Heç kim onların bu tip əməliyyatları keçirməməsini deyə bilməz. Lakin müdafiə elədikləri müxalif bir namizədin məhz onlar tərəfindən öldürülməsi siyasi baxımdan yanlış addım olardı”.
Ə.Oruclu söyləyib ki, A.Navalnını birmənalı olaraq Rusiya hökuməti öldürüb: “Bir şəxs son il yarım ərzində 300 gündən artıq cərimə kamerasında, yəni “şezo”, “kars”da saxlanılırsa, bu elə onun ölümünün təmin edilməsi üçün kifayətdir. Çünki o kameralarda istilik, normal hava yoxdur, orada saxlanılanlara normal qida verilmir. Sonuncu dəfə Navalnı o kameraya fevral ayının 11-i salınıb. Belə olan halda onun gəzintiyə çıxarılması sual altında qalır. Çünki bu kamerada saxlanılanlar gəzintiyə çıxarılmırlar, belə hüquqdan məhrum olunurlar. Amma yayılan məlumatda Navalnının gəzintiyə çıxanda ürəktutmasından öldüyü bildirilir. Bunun kimi ziddiyyətlər Rusiya tərəfinin açıqlamalarında çoxdur. Bu dövlət prinsiplərinin, institutlarının çökməsindən xəbər verir. Rusiya hakimiyyətində düşünürlər ki, dövləti Vladimir Solovyov, Margarita Simonyan kimi yaramaz təbliğatçılar xilas edəcəklər. Navalnının anım mərasiminə gətirilən gül-çiçəyi yığışdıraraq zibil qutularına atmaq və onun xatirəsini yad edənlərə qarşı polis zorakılığı nümayiş etdirmək biabırçılıqdır. Bütün əlamətlər göstərir ki, bu qətlin arxasında Rusiya dövlət orqanları dayanıb. Təbii ki, Aleksey Navalnının ölümündən istifadə edib daxildə qarşıdurma yaradan şəxslər də yox deyil. Rusiya imperialist bir dövlətdir və hakimiyyətin daxilində siyasi rəngarənglik mövcuddur. Orada böyük qrup maraqları var və 3-5 nəfərin bu böyüklükdə dövləti idarə etməsi qeyri-mümkündür. Əgər seçkilər ərəfəsində Navalnının qətli həmin qruplardan hansınınsa xətti ilə həyata keçirilibsə, bu, perspektivdə başqa planların olacağından da xəbər verir”.
Vüqar MƏMMƏDOV