Azərbaycan Prezidenti fevralın 19-da Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində Ankarada Prezident İlham Əliyev və həmkarı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar tərəfindən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Bu memorandumdan irəli gələrək yaradılacaq universitetin əhəmiyyəti, digər ali təhsil müəssisələrindən fərqi nədən ibarət olacaq?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Medianews.az-a bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ölkəmizin ali təhsil mühitində yeni bir tarixin başlanğıcı olacaq.
Onun sözlərinə görə, bu universitet dünya səviyyəsində tanınan, reytinqli təhsil müəssisəsi olacaq: “Belə bir universitetin yaradılması ilə bağlı hazırlıq işləri bundan öncə də həyata keçirilib. Bu, Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradəsinin nəticəsi idi. Elm və təhsil sahəsində ölkəmiz qardaş Türkiyə ilə bir çox sahələrdə əməkdaşlıq edir, qarşılıqlı səfərlər təşkil olunur. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı qərar isə iki ölkə arasında təhsil, xüsusən də ali təhsil səviyyəsində qardaşlığı ən yaxşı təcəssümü sayılır. Türkiyənin ali təhsil sahəsində kifayət qədər böyük təcrübəsi və çox nüfuzlu, qabaqcıl ali təhsil müəssisələri var. Onlar dünya reytinqində yüksək yerlərdə qərarlaşıblar. Bu universitet Türkiyə təcrübəsi əsasında bizim ali təhsilimizdə yeni bir səhifə olacaq. Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlamağı ilə kifayət qədər rəqabət mühiti də formalaşdıracaq. Bizim Azərbaycan universitetlərinin dünya üzrə yüksək səviyyədə olması ilə bağlı arzularımız olub. Düşünürəm ki, sözügedən universitet arzularımızı reallaşdıracaq və öz sözünü deyəcək”.
Təhsil eksperti İ.Orucov qeyd edib ki, təhsildəki bu addım Azərbaycan və Türkiyə arasında olan digər sahələrdəki əməkdaşlıqlardan fərqlənir.
Onun qənaətincə, ali təhsillə bağlı bu qərar ölkələrarası münasibətlərin yeni intellektual səviyyəyə gəlməsi ilə nəticələnək: “Hazırda dünyada istənilən sahədə münasibətləri saf və təmiz olan ikinci bir dövlətlər yoxdur ki, Azərbaycan və Türkiyəyə rəqib olsun. Türkiyə-Azərbaycan Universitetinin yaradılması da məhz ölkələr arasında təhsil sahəsində əməkdaşlığın zirvəsidir. Bizim xeyli sayda gənclərimiz Türkiyədə, eləcə də türkiyəli gənclər Azərbaycanda təhsil alırlar. Azərbaycan və Türkiyə arasında bir çox dövlətlərarası proqramlar var. Hər iki ölkə tələbələrin təhsil xərclərini qarşılayır və sair. Amma, iki ölkənin birgə universitet təcrübəsi yox idi. Bu universitet dövlətlərarası münasibətlərdə yeni bir səhifə olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin təəbirincə desək, təhsillə bağlı imzalanan önəmli anlaşma gələcəyə yönəlmiş təşəbbüsdür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur”.
Vüqar MƏMMƏDOV