Erməni deputat və politoloq Arman Abovyan yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistana təqdim etdiyi şərtləri açıqlayıb. Onun sözlərinə görə, Türkiyə və Azərbaycana Zəngəzurdan dəhliz verilməsi, Azərbaycan ərazilərinin işğalına görə təzminat ödənilməsi, Tavuş, Geqarkunik, Ararat, Vayots Dzor və Sünik bölgələri boyunca Azərbaycanın strateji logistika qovşaqları ilə təmin edilməsi, Ermənistan ərazilərində (Qərbi Azərbaycan məsələsi – red.) azərbaycanlı qaçqınların məskunlaşdırılması üçün yol xəritəsinin hazırlanması, Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsinin dəyişdirilməsi əsas şərtlərdir. Erməni politoloq bu şərtlərin həm də Türkiyənin irəli sürdüyü tələblər olduğunu xatırladaraq, bunların yerinə yetirilmədiyi təqdirdə sülh prosesində hər hansı irəliləyişin olmayacağını vurğulayıb.
Maraqlıdır, bu şərtlər, tələblər realdırmı? Rəsmi İrəvan A.Abovyan vasitəsilə erməni cəmiyyətinə açıqlanan bu tələbləri yerinə yetirəcəkmi? Bunun üçün Ermənistan rəhbərliyinin siyasi iradəsi, gücü varmı? Ən nəhayət, İrəvan sülh müqaviləsinin imzalanmasında maraqlıdırmı?
Politoloq Əlimusa İbrahimov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, Ermənistan parlamentinin deputatı A.Abovyanın Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün təqdim etdiyi şərtlər kimi qələmə verdiyi müddəalar içində ziddiyyətli məqamlar olduqca çoxdur.
Ə.İbrahimov qeyd edib ki, hələlik bu şərtlər barədə digər mənbələr məlumat verməyib və ümumiyyətlə belə şərtlərin mövcud olmasını nə Azərbaycan, nə də Ermənistan tərəfi təsdiq etməyib: “Tərəflərin bu deyilənləri inkar etməməsinin səbəbi sadəcə Abovyanın dediklərini ciddiyə almamamlarıdır. Bu, birinci dəfə deyil ki, Arman Abovyan sensasiya kimi səslənə biləcək fikirlər ortaya atır. Hətta mütəmadi olaraq bu fikirləri baş nazir Nikol Paşinyan və onun komandasının əleyhinə yönəldir. Növbəti məlumatları və ya Azərbaycanın sülh müqaviləsi ilə bağlı təqdim etdiyi şərtləri mən məhz bu prizmadan qiymətləndirərdim. Abovyan Azərbaycanla Ermənistan arasında müəyyən hərəkətliliyin nəzərə çarpdığını görür və müəyyən nəticələrin olacağını hiss edir. Bu nəticələrin olmaması və Paşinyanın uğura imza atmaması üçün Arman Abovyan, həmçinin onun kimi hakimiyyətə müxalifətdə dayanan qüvvələr hərəkətə keçiblər. Amma Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanması üçün müəyyən şərtlərin mövcudluğunu heç kim gizlətmir”.
Politoloq deyib ki, Bakının İrəvandan bəzi tələbləri var. Onun qənaətincə, Ermənistan bu şərtlər çərçivəsində hərəkət etməyə və onları qəbul etməyə məcburdur: “Bu şərtlərdən bəziləri üzərində işləmək və onları hər iki tərəfin qəbul etdiyi formaya salmaq mümkündür. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Bəzi şərtlər var ki, onlar ətrafında müzakirələr aparıla bilməz. Azərbaycan bu müzakirələri heç yaxına belə buraxmaz. Məsələn Zəngəzur dəhlizinin açılması və onun Azərbaycanın mənafeyi istiqamətində fəaliyyət göstərməsi bizim üçün aksiomadır. Azərbaycan bu istiqamətdə müzakirələr aparmır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin təhlükəsizliyi də belə məsələlərdəndir. Amma mən düşünmürəm ki, Azərbaycan işğala görə indiki mərhələdə Ermənistandan təzminat tələb etməyə qalxacaq. Çünki bu, Ermənistanın tamamilə məhvi və onun bir dövlət kimi mövcudluğunun itirməsi ilə nəticələnə bilərdi. Azərbaycan isə bunda maraqlı deyil”.
Politoloq Ə.İbrahimov vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistan tərəfinə təqdim etdiyi real şərtləri A.Abovyan rəsmi Bakının irəli sürmədiyi tələblərlə qarışdıraraq erməni cəmiyyətinə təqdim edir. Politoloqun fikrincə, erməni deputatın bunu etməkdə məqsədi N.Paşinyanı və Ermənistan hakimiyyətini gözdən salmaqdır: “Abovyan tərəfindən Azərbaycanın şərtləri kimi təqdim edilən müddəaların həyata keçirilməsi və ya Ermənistanın indiki şəraitdə buna razılıq verməsi düşünürəm ki, mümkün deyil. Paşinyan Azərbaycanla müharibə etməyə daha tez razı olar, nəinki o şərtlər daxilində sülh müqaviləsi imzalamağa. Ermənistanın sülh müqaviləsinin imzalanmasını istəyib-istəməməsinə gəlincə, rəsmi İrəvan təbii ki, sülhü müharibədən üstün tutur. Amma elə bir sülh istəyir ki, onun 2020-ci ildən bəri itirdiklərini müəyyən qədər kompensasiya etsin. Amma buna da Azərbaycan imkan verməyəcək. Azərbaycan sülh müqaviləsi ilə döyüş meydanında əldə etdiyi qələbəni möhkəmləndirmək, qalib hüququndan maksimum bəhrələnmək istəyir. Düşünürəm ki, Azərbaycanın buna haqqı çatır”.
Lamiyə MİRZƏYEVA