“Srağagün İsrail kəşfiyyatı Dəməşqdə Suriya Milli Kəşfiyyat Xidmətinin rəisi, prezident Bəşər Əsədin kiçik qardaşı Mahir Əsədi sui-qəsdlə məhv etdi. O, Əsəd rejiminin “onurğa sütunu” idi. Mahir olduqca əsəbi, aqressiv və qəddar bir şəxs idi. Suriyada müxaliflərə zülm və işgəncə verilməsində, orqan mafiyasında, transmilli cinayətkarlıqlarda onun adı hallanırdı”.
Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.
O qeyd edib ki, Suriyada rejimə sadiq, onun tərəfindən döyüşən kifayət qədər qanunsuz silahlı dəstələr var: “Əsəd rejimi bu dəstələri müxalifətin üzərinə salmaqla onları zəiflətməyə və qorxutmağa çalışır. Əvəzində isə bu qüvvələrin ağalıq etdikləri bölgələrdə qanunsuzluqlar etməsinə, cinayətlər törətməsinə şərait yaradılır. Bu dəstələr Mahirin nəzarəti altında fəaliyyət göstərirdi. Onun qəddarlığı ailəsində belə hiddətlə qarşılanırdı. Mahir hələ illər əvvəl bacısının yoldaşı Asif Şövkəti silahla ağır yaralamışdı. Suriya ordusunun başında duran Asiflə Mahirin arasında çox gərgin münasibətlər var idi. Mahir Milli Qvardiyaya da nəzarət edirdi. Mahir Əsəd zamanında İraqla geniş ticarət edirdi. O, sanksiya altında olan Səddam Hüseyn rejimini ərzaqla təchizatında aparıcı rol oynamış və bu əməliyyatdan 1 milyard dollardan çox pul qazanmışdı. Mahir Əsəd həmçinin Livanda “Əl-Mədinə” bankının iflası zamanı da milyonlar qazanmışdı. Mahir Livanda çox böyük maliyyə maxinasiyalarında iştirak edirdi”.
Siyasi şərhçi bildirib ki, Suriyadakı əsas media qurumları, məşhur “Sheraton” hotel zənciri də M.Əsədə məxsus olub: “Bəşər Əsəd öldürülsə yerinə Mahirin gələcəyi məlum idi. Mahir öldü, indi Bəşər də öldürülsə Suriyadakı rejimin aqibəti necə olacaq? Mahirin ölümündən sonra növbəti hədəf Bəşərdimi? Ola bilər. Qərb dünyası Bəşər Əsədi, ümumiyyətcə Əsəd ailəsini sıradan çıxarmaqla, Suriyadakı mövcud rejimi yıxa bilər. Qərb artıq bütün diqqəti Ukraynaya yönəltmək, uzanan Suriya müharibəsini sona çatdırmaq istəyir. Yeni plana görə, Əsəd ailəsində prezident ola biləcək potensial varislər məhv edilir, daha sonra rejimi başsız qoymaq siyasəti həyata keçirilir. Əsəd ailəsindən kənar şəxsin hakimiyyət başına keçməsi mövcud rejimdə daxili cəkişmələrə səbəb olacaq. Mahir real güc idi, ondan hər kəs çəkinirdi. Ona görə də Mahiri prezident kimi qəbul edəcəkdilər. Ancaq Bəşər ölərsə, ölkəyə bu cür rəhbərlik etmək potensialı olacaq, indiki rejimdə hər kəsi özünə tabe etdirəcək şəxs Suriyadakı mövcud hakimiyyətidə yoxdur. Prezidentin anasının ailəsi olan Mahluf ailəsi son illərdə nüfuzunu itirib. Dövlət başçısı ilə dayısı oğlu Rami Mahlufun arası dəydikdən sonra bu ailə gözdən salınıb. Hətta onların bir çox biznes obyektləri də rejim tərəfindən müsadirə edilib”.
Turan ORUC