“ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbələri nəticəsiz qalıb. Vaşinqton və Londonda hesab edirdilər ki, bu zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəklər. Ancaq bu, baş vermədi”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Münxen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra çinli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Pekinin Tehrana təsir etməsini istəyib: “Yəni Pekin Tehrana, İran hakimiyyəti də husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar dayandırılsın. Londonun Pekindən istəyi budur. Vaşinqtonun da Pekindən istəyi oxşardır. Buna baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil. Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır. Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə qarşı hərbi hücumlara icazə vermədiyini xatırladıblar. Vaşinqton və Londonun mövqeyi dəyişməzdir. Husilərin durdurulması üçün bütün imkanlardan istifadə olunmalıdır”.
Politoloqun qənaətincə, həm Vaşinqton, həm də London Moskva və Pekinin istədiyi kimi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəmir: “Çünki Rusiya və Çin Təhlükəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaq. ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təchiz etdiyini bildiriblər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirirlər. Buna görə də Vaşinqton hesab edir ki, husiləri durdurmağın yollarından biri Tehrana təsir etməkdir. Tehranın isə husilərə təsir etmək fikri yoxdur. Halbuki, Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkənin ticarət gəmisi Qırmız dəniz və Süveyş kanalından istifadə etmək istəmir. Bu, həmin gəmilərin daha uzun məsafə seçməsi ilə nəticələnir ki, bu da yanacağın və ərzaq məhsullarının qiymətinin artımına səbəb olur”.
Turan ORUC