“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Bu dövlət başçısının yenidən Prezident seçiləndən sonra ilk rəsmi səfəridir. Hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında siyasi və strateji münasibətlərlə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur.
İqtisadçı millət vəkilinin sözlərinə görə, Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındandır: “Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub”.
Deputat V.Bayramov deyib ki, ölkə başçısının bu səfərinin məqsədi və səbəbi strateji münasibətləri daha da inkişaf etdirməkdir: “Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyuluşlarında kəskin artımlar müşahidə edilməkdədir. Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 16-18 fevral tarixində Münxendə keçirilən Təhlükəsizlik Konfransının 60-cı iclası çərçivəsində Almaniyada səfərdə olub. Ötən gün isə Azərbaycan dövlət başçısı Türkiyə Respublikasına rəsmi səfər edib.
Vüqar MƏMMƏDOV