Fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın birgə görüşü olub. Görüşdə O.Şolts Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.
Münhendə keçirilmiş görüşdə Azərbaycan və Ermənistan liderləri xarici işlər nazirlərinə tapşırıb ki, onlar yenidən yaxın zamanda bir araya gəlsinlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Bununla yanaşı, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq verilib.
Moskva, Paris, Vaşinqton, Brüsseldə aparılan danışıqlarda hər hansı nəticə əldə olunmadığı halda, Münhendəki görüşdən sonra İrəvanın siyasi iradə nümayiş etdirməsi, sülh müqaviləsinin imzalanması üçün real addımlar atması nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Münxendə keçirilən ikitərəfli görüş Azərbaycanın öz siyasi iradəsini beynəlxalq dairələrə qəbul etdirməyə nail olduğunun göstəricisidir.
Politoloqun sözlərinə görə, indiyə qədər Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçilərin iştirakına cəhd göstərilsə də Almaniya Kansleri O.Şoltsun təşəbbüsü ilə keçirilən görüş bir qədər fərqliliyi ilə seçilib: “Olaf Şolts görüşün əvvəlində iştirak edib, Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəklədiyini bildirib. Kansler ondan sonrakı mərhələdə görüş yerini tərk edib və Azərbaycan və Ermənistan liderləri ikitərəfli müzakirələrə başlayıblar. Rəsmi Bakı Qərb siyasi dairələrinə qəbul etdirir ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesi birmənalı şəkildə ikitərəfli xarakter daşımalı, ikitərəfli təmaslarla nizamlanmalıdır. Bu prosesdə vasitəçilərinin iştirakına heç bir ehtiyac yoxdur. Rəsmi Bakının əsas mövqeyi ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması prosesi beynəlxalq gündəmdən çıxarılsın. Çünki, bu proses yalnız iki dövlətin arasında icra olunmalıdır. Cənubi Qafqazdan kənar beynəlxalq dairələrin bu prosesə qarışması onun qəlizləşməsinə səbəb olur. Buna da ehtiyac yoxdur. Bu, ilk dəfə olaraq, Münxen görüşündə reallığa çevrilmiş hədəflərdən oldu”.
E.Xalidbəyli Almaniya Kansleri O.Şoltsun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik təşəbbüslərini dəstəkləməsinə də toxunub: “Önəmli məqamlardan biri, Almaniya Kanslerinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşləri dəstəkləməsidir. Rəsmi Berlin qəbul edir ki, Almaniya və Fransanın bu prosesdə vasitəçiliyi müsbət təsir göstərə bilməz. Bununla onlar bu prosesdən hər kəsin kənara çəkilməsinin vacibliyini etiraf ediblər. Şarl Mişelin vasitəçiliyinə gəldikdə, rəsmi Bakı onun vasitəçiliyinə qarşı çıxmadığını bundan əvvəlki açıqlamalarda hiss etdirib. Azərbaycan tərəfindən Şarl Mişelin vasitəçiliyi daha neytral kimi qəbul olunur. Şarl Mişel daha obyektiv, konstruktiv mövqedən çıxış edir və bu rəsmi Bakını müəyyən mənada qane edir. Bütün bunlar onu göstərir ki, rəsmi Bakı artıq öz mövqeyini beynəlxalq siyasi idarə mərkəzlərinə böyük ölçüdə qəbul etdirib”.
Ermənistanın bundan sonrakı davranışlarına gəlincə, politoloq vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə əvvəlki kimi hərəkət edəcək. E.Xalidbəylinin qənaətincə, rəsmi İrəvan müstəqil xarici siyasət yürütmək imkanlarına malik deyil: “Ermənistanın baş naziri atdığı bütün addımları daha çox Emmanuel Makronla müzakirə edir və Fransanın maraqlarını Cənubi Qafqazda təmsil edir. Bu baxımdan hər iki tərəf sülh prosesini davam etdirmək barədə anlaşma əldə etsə belə, böyük ehtimalla Ermənistan bundan sonrakı davranışlarında da rəsmi Parisin verdiyi təlimatlara uyğun hərəkat etməyə davam edəcək. Bu da onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinin dalana dirənməsinin əsas səbəbi Fransa dövlətidir. Bunun hansı səviyyəyə qədər davam edəcəyini söyləmək çətindir. Lakin rəsmi İrəvan da anlayır ki, Cənubi Qafqazda sülh prosesinin uzanması ilk növbədə Ermənistanın maraqlarına kəskin şəkildə zərbə vurur”.
E.Xalidbəyli vurğulayıb ki, Ermənistan bu prosesi yekunlaşdırmadan, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təklif etdiyi şərtlər və tələblər əsasında sülh sazişini imzalamadan blokada şəraitindən çıxa bilməyəcək: “Blokada şəraitindən çıxa bilməyən Ermənistan inkişaf imkanlarından da məhrum olacaq. Ermənistan faktiki olaraq, pat vəziyyətə düşüb. Sülhün vacib olduğunu anlayır, lakin sülh istiqamətində addım atmağa çətinlik çəkir. Çünki, buna Fransa icazə vermir. Bu baxımdan, Ermənistan Fransanın Cənubi Qafqazdakı girovuna çevrilmiş vəziyyətdədir. Rəsmi Bakı bunu Azərbaycan üçün ciddi problem hesab etmir. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistanla münasibətlərin normallaşması Azərbaycan üçün o qədər də vacib bir məsələ deyil. Bu barədə İrəvan düşünməlidir. Çünki bu, daha çox Ermənistanın marağında olan məsələdir”.
Lamiyə MİRZƏYEVA