Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin rəhbəri Jozep Borrel Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Ukraynada üç ay ərzində vəziyyət döyüş meydanında həll olunacaq. “Biz daha sürətli və qətiyyətli olmalıyıq”, – söyləyən diplomat Kiyevə yardımın artırılmasına çağırış edib. Nəzərə alsaq ki, Ukrayna müharibədə Mərkəzi Donbas, kritik cəbhə xətti sayılan Avdeyevka adlı daha bir şəhərini itirib və geri çəkilməkdə davam edir, belə bir şəraitdə J.Borreldəki bu nikbinlik haradan və ya nədən qaynaqlanır? Yaxın 3 ayda döyüş meydanında Ukrayna bütün problemlərini həll edə biləcəkmi? Müharibənin taleyində Kiyevin xeyrinə həlledici an olacaqmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, J.Borrelin açıqlamasının arxasında dayanan əsas səbəb Aİ-yə üzv dövlətlərin silah-sursatlarının Ukraynaya verilməsi ssenarisidir.
Ekspertin qənaətincə, qlobal siyasi proseslərin kəskinləşməsi fonunda hələlik Ukraynaya vəd edilən dəstək gecikir: “Jozep Borrel bu fikirləri dilə gətirməklə, Avropa İttifaqına üzv ölkələrin öz silah-sursatlarını Ukraynaya vermək, ümumən Kiyevə müharibədə daha güclü dəstək olmaq üçün ssenarini diqqətə çatdırıb. Avropalı diplomatın nəzərdə tutduğu üç ay müddətində yeni maliyyə transferlərinin ayrılması planlaşdırılır. İndiki dövrdə qlobal siyasi proseslərin kəskinləşməsi bu maliyyə transferlərini gecikdirir. Hələlik ilk olaraq addımı Danimarka atıb. Belə ki, bu ölkə Ukraynada infrastrukturun bərpası – elektrik və istilik təchizatının təmin edilməsi, həmçinin minaların aşkarlanması və zərərsizləşdirilməsi məqsədilə 2024-cü ilin yanvar ayında daha 22 milyon dollar ayırıb. Ümumilikdə isə Kopenhagen indiyədək Kiyevə 4,5 milyard dollar yardım ayırıb. Bundan başqa, Danimarkanın Baş naziri Mette Frederiksen Avropada istifadə olunmayan bütün silah-sursatın, hava hücumundan müdafiə sistemlərinin Kiyevə verilməsi barədə çağırış edib. Qeyd edib ki, Danimarka da öz növbəsində bütün artilleriyasını Ukrayna ordusuna verəcək. Avropa ölkələri bu çağırışa qoşula, sona qədər Ukraynaya hərbi dəstək verə biləcəklərmi? Bunu zaman göstərəcək”.
Beynəlxalq məsələlər üzrə ekspert Ə.Əlibəyli deyib ki, artıq Ankara da Kiyevə sursat dəstəyi vermək barədə qərara gəlib: “Türkiyə də sursat istehsalı ilə Ukraynaya dəstək vermək niyyətindədir. Bunun qarşılığında Türkiyəyə “F-16” qırıcılarının çatdırılması və sair məsələlər də həllini tapıb. Yəni, ümumi mənzərəyə görə, Ukraynanı 3 ay dözməyə səsləyirlər ki, bu müddətdən sonra yeni maliyyə resursunun tapılması, həmlələrin edilməsi gerçəkləşsin. Məsələnin mahiyyəti bundan ibarədir”.
Alpər TURAN