“Azərbaycan-Türkiyə prezidentlərinin bu gün mətbuat qarşısında vetdikləri bəyanatlarda dövlət başçımız bir çox mühüm məsələlərə toxundu ki, onların içərisində birinci diqqətimi çəkən iki qardaş dövlətin birliyinin təkcə bölgədə deyil, Avrasiyada önəmli faktora çevrilməsi haqda deyilən idi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün bu ilin iyulunda Şuşada keçiriləcəyi və Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin də o tədbirə qatılacağı xəbəri məncə, cənab İlham Əliyevin Azərbaycan-Türkiyə ordularının “bir yumruq” olduqlarını bildirməsi qədər təsirli ismarıcdır”.
Medianews.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib.
Deputat qeyd edib ki, yeni yaradılacaq birgə universitet Türkiyə-Azərbaycan qardaşlığının, bir millət iki dövlət anlayışının növbəti əməli ifadəsidir: “Prezidentimizin yaradılacaq Türkiyə-Azərbaycan Universitetini “bizim birliyimizin növbəti rəmzi” kimi qiymətləndirməsindən belə görünür ki, onun “yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə” çevrilməsi üçün gərəkən nə varsa ediləcək. Cənab Ərdoğan bunu “elm, təhsil və texnologiya sahələrində ilişkilərimizi yeni səviyyəyə qaldıran dönüş nöqtəsi” olaraq dəyərləndirir. Geniş tərkibli görüşdə Türkiyə Prezidentinin dediklərindən belə anlaşılır ki, birgə universitetdə “başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində” mütəxəssislər hazırlancaq. Xatırlayırsınızsa, fevralın 14-də keçirilən andiçmə törənində Azərbaycan Prezidenti ölkəmizdə texnoloji inkişafı təmin edəcək kadrların hazırlığı üzərində ayrıca dayanmışdı. “Texnoloji inkişafa nail olmasaq, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik”, – deyirdi dövlət başçımız. Mən belə başa düşürəm ki, Azərbaycanda 4-cü sənaye inqilabının ön cərgəsində gedəcək “xüsusi təyinatlı”ların, yəni rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt üzrə mütəxəssislərin hazırlığında da qardaş dövlət bizə öz dəstəyini əsirgəməyəcək.Yəni, ölkəmizdə texnoloji inkişafı təmin edəcək kadrların mühüm bir hissəsi də məhz bu təhsil müəssisəsində yetişdiriləcək. Yəqin ki, həmin kadrların bir hissəsi də hərbi sənaye kompleksində çalışacaqlar”.
Deputatın qənaətincə, Prezident İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanla Türkiyənin birlikdə hərbi təyinatlı məhsul istesalı etməyi planlaşdırdıqlarını bildirir: “Əgər bizim ordularımız onun təbirincə desək, artıq “bir yumruq”dursa, bu, təbii ki, özünü hərbi sənaye komplekslərimiz arasında sıx inteqrasiyada da göstərməlidir və göstərəcək. Prezidentimizin “Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik” sözləri də bir növ bunun təsdiqi sayıla bilər.
Lamiyə MİRZƏYEVA