Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski ölkəsinin silahlı qüvvələrinin hücum əməliyyatlarını məhdudlaşdırdığını və strateji müdafiəyə keçdiyini bəyan edib. O, Rusiya ordusunun bütün cəbhə xətti boyunca irəlilədiyini söyləyib. Kiyev üçün müharibənin son məqsədinin 1991-ci il sərhədlərinə çatmaq olaraq qaldığını diqqətə çatdıran A.Sırski vurğulayıb ki, bunun üçün Ukrayna birləşməli, öz silah istehsalını artırmağa başlamalıdır. Hücum əməliyyatlarında üstünlük əldə edən Rusiyanın xarici işlər naziri Sergey lavrov isə Dövlət Dumasında keçirilən “hökumət saatı”nda ölkənin xarici siyasətinin aktual problemlərinə dair təqdimatla çıxış edib. Nazir Ukrayna müharibəsinin nizamlanması ilə bağlı nəzərdən keçirilən həll yollarından da danışıb. Qeyd edib ki, Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə alınmaqla siyasi və diplomatik yolla həllinə hazırdır.
“Kollektiv Qərb” Ukrayna meydanındakı savaşda Rusiyaya uduzurmu? İndiki reallıq fonunda Rusiya-Ukrayna münaqişəsi siyasi və diplomatik yolla həllini tapa bilərmi? Tərəflərin danışıqlar masası arxasında oturması mümkündürmü?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Ukrayna 1991-ci ildən 2014-cü ilə qədər Rusiyanın təsir dairəsində olub.
Onun sözlərinə görə, 2014-cü ilin Maydan hadisələrindən sonra Kiyev Moskvadan uzaqlaşmağa başlayıb: “Ukraynada Viktor Yuşşenkonun, Pyotr Poroşenkonun, Volodimir Zelenskinin hakimiyyətə gəlməsi bu ölkəni Rusiya asılılığından xilas etməyə başlayıb. Ukraynada hakimiyyətə gələn anti-Rusiya qüvvələri, başqa sözlə ölkəsinin qərbyönlü olmasını istəyən qüvvələr iki istiqamətdə siyasət həyata keçiriblər. Bunun birincisi ölkə daxilində islahatlar aparmaq, ikincisi Rusiya asılılığından xilas olmaq idi. Krımın 2014-cü ildə işğalı sübut etmişdi ki, Ukrayna ordusu Rusiyanın təsiri altındadır. Ukraynanın hazırkı müharibədə məğlub olmasının səbəbi ordunun, hakimiyyətin hələ də 5-ci kolonun nəzarətindən qurtula bilməməsi ilə bağlıdır. İkinci bir mühüm məsələ Ukraynada korrupsiyanın olmasıdır. Bunu Zelenski özü də etiraf edib. O bildirib ki, çağırışçıları yayındırmaq üçün komissarlar rüşvətxorluqla məşğuldurlar. Bu da ordunun güclü olmasını əngəlləyən, ona təsir edən amillərdəndir. Eyni zamanda Ukraynada ordu ilə siyasi rəhbərlik arasında müəyyən ziddiyyətlər özünü göstərir. Bu da ordunun cəbhə xəttində irəliləməsinə mane olur. Orduda yeyinti və korrupsiya halları da var. Təbii ki, bütün bunlar ordunun gücünə təsirsiz ötüşmür”.
Politoloq deyib ki, hazırda Ukrayna Rusiyaya qarşı müqaviməti lazımınca təşkil edə bilmir: “Qərb 40-a yaxın ölkə ilə Ukraynaya hərbi və siyasi yardım edir. Misal üçün, NATO baş katibi 2024-cü ildə Ukraynaya 1 milyon PUA veriləcəyini bildirib. Yaxud, ABŞ Ukraynaya milyardlarla yardım paketi ayırır. Yəni, bu yardımlar davamlı qaydada edilir. Lakin Ukrayna ordusunun özündə problemlər var. Həmrəylik və birlik məsələsində də problemlər özünü göstərir. Ukrayna taktiki döyüşlərdə məğlub olur, canlı qüvvə və ərazi itkiləri artır. Əgər Ukraynada Qərbin və ümumən dünyanın gələcəyinin həll olunması barədə çağırışları nəzərə alsaq, faktiki olaraq savaş meydanında Qərb Rusiya və onun arxasında dayanan Çinə məğlub olur. Rusiyaya indiki şəraitdə müharibəni saxlamaq və danışıqlara başlamaq sərfəlidir. Rusiya Krım Muxtar Respublikasını və digər işğal etdiyi əraziləri özündə saxlamaqla, danışıqlar masasına əyləşmək istəyir. Bu baxımdan indiki halda atəşkəs Moskvanın xeyrinədir. Belə olan halda Rusiya ordusu, hakimiyyəti toparlana bilir, ölkənin beynəlxalq nüfuzu artır, hətta Qərbə qarşı blok yaratmaq potensialını nümayiş etdirir. İndiki halda siyasi-diplomatik yolla münaqişənin həlli Ukraynaya öz ərazilərini itirməklə nəticələnə bilər. Ona görə də Ukrayna rəsmiləri bəyan edirlər ki, müharibə 1991-ci il sərhədləri bərpa olunana qədər davam edəcək. Bu da onu deməyə əsas verir ki, hazırda Rusiya-Ukrayna müharibəsinin siyasi-diplomatik yolla həlli mümkün deyil”.
Turan ORUC