Etnoqraf-tarixçi Təvəkkül Səlimov Azərbaycanda fəaliyyət göstərən televiziyalara nifrət etdiyini bildirib. Buna səbəb kimi yerli televiziya kanallarının əxlaqsızlığı təbliğ etməsini göstərən T.Səlimov söyləyib ki, aparıcıların tərbiyəsi, geyimi, adi danışıq qaydası yoxdur və onlar hazırladıqları verilişlərlə Azərbaycanın ailə institutunu dağıdırlar: “Əxlaqsızlığı elə özəl kanallar yayırlar. Aparıcıların tərbiyəsi, geyimi, adi danışıq qaydası yoxdur… Ailələrin dağılmasının guya qarşısını almaq istəyirlər, “ailə problemləri”, “sosial proqramlar” adı ilə veriliş düzəldirlər. Bunlar sosial proqram deyil. Əksinə, sən o verilişlərdə ailələrin dağılmasına şərait yaradırsan. Küçə qadınlarını ekspert kimi əyləşdirirsən. Heç biri özünü apara bilmir. Ümumiyyətlə, əxlaqı kanallar korlayır. Bu kanallar səhərdən axşama, axşamdan səhərə qədər ancaq xalqını korlamağı qarşılarına məqsəd qoyub”.
Doğurdanmı Azərbaycan televiziyaları əxlaqsızlığı təbliğ edir, ailə institutunu dağıdırlar? Cəmiyyətdə baş verən bütün neqativliklərə görə məhz televiziyalar günahkardır?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli bildirib ki, Azərbaycanda televiziyalara münasibət birmənalı ola bilməz.
Ekspertin sözlərinə görə, Azərbaycanın dövlət və özəl televiziyalarında baxımlı, professional proqramlar var: “Bu bir faktdır ki, özəl telekanallarda ailə-məişət, sosial məsələləri müzakirə etmək üçün yaradılan şou proqramlar, daha çox kütləyə yönələn siyasət aparırlar. Həmin verilişlərdə dedi-qodu səviyyəsində məsələlər müzakirə olunur və efirə çıxarılanların ailə məsələləri, şəxsi həyatları gündəmə gətirilir. Bu, demək olar ki, əksər özəl televiziyalara aiddir. Bunu dövlət televiziyasına aid etmək olmaz. Dövlət televiziyalarında mən belə bir proqram tanımıram ki, qeyd etdiyim məsələlər öz əksini tapsın. Düşünürəm ki, bu, özəl telekanalların daha çox reytinq, reklam və gəlirin artmasına çalışmaları ilə bağlıdır. Elə proqramlar yaradırlar ki, bu proqramın auditoriyası geniş, reytinqi yüksək olsun və daha çox gəlir gətirsin. Əslində, bu, ilk baxışdan normaldır. Yəni hər bir özəl televiziya eyni zamanda işin biznes tərəfini düşünməlidir və daha çox maliyyə işləri ilə bağlı maraqlanmalıdır. Lakin bunun bir həddi olmalıdır”.
Y.Məmmədli söyləyib ki, Azərbaycanın özəl televiziyalarında nümayiş olunan şou-proqramlar xarici ölkələrdə yayımına başlanılıb və bütün dünyaya yayılıb: “Həmin şou-proqramlar xarici ölkələrdə, o cümlədən Avropada, Türkiyə və Rusiyada daha səviyyəli şəkildə həyata keçirilir. Orda ailə-məişət mövzuları bəlli bir səviyyə çərçivəsində müzakirə olunur. Onlar müəyyən qırmızı həddi keçmirlər. Azərbaycanda isə o qırmızı hədd nəzərə alınmır. Qeyri-etik hərəkətlərə, ifadələrə geniş şəkildə yer verilir. Bəlkə düşünürlər ki, bu hallar tamaşaçının marağına səbəb olur və ona görə belə edirlər. Amma belə bir həssas məsələni tamaşaçının üzərinə buraxmaq düzgün deyil. Tamaşaçını tərbiyələndirmək məsələsində televiziyaların rolu böyükdür. Televiziya bir aynadır, örnəkdir. Orada istifadə olunmuş ifadələr bəzən başqaları üçün örnək olur və insanlar bu ifadələri istifadə etməyə başlayırlar. Düşünürlər ki, bu ifadə televiziyada işlənirsə, niyə biz bu ifadəni istifadə etməyək? Zamanla bizim televiziyalarda daha çox səlist, düzgün ifadələr olub və onlardan nümunə götürmüşük. Son illər isə televiziyalarda şou-proqramların vəziyyəti elə həddə çatıb ki, reytinq xətrinə qeyri-etik vəziyyətlərin yaranmasına yol verirlər”.
Media eksperti deyib ki, özəl telekanallardakı xoşagəlməz halların qarşısını almaq üçün, bu məsələyə ictimai qınaq və münasibət olmalıdır: “Biz bu məsələyə biganə qalmamalıyıq. Məsələ gündəmə gətirilməli və onlar hiss etməlidirlər ki, bu kimi verilişlər cəmiyyəti inkişafa aparmır, insanları maarifləndirmir. Əksinə, izləyicilərin səviyyəsini aşağı salır. Efir ictimai bir yerdir. Efirdə adət-ənənələr, etik məsələlər mütləq nəzərə alınmalıdır. Bu məsələlər Audiovizual Şuraya da çatdırılmalıdır. Orada monitorinq aparan qruplar var. Onlara bildirilməlidir ki, bu kimi hallar bütövlükdə Azərbaycan vətəndaşına xeyir vermir, onun istəyini, marağını təmin etmir. Bir qrup adamlar reytinq xətrinə hər gün bu verilişlərin səviyyəsini aşağı salmaqla, cəmiyyəti irəli aparmırlar. Bu kimi mesajlar mütləq verilməlidir ki, belə verilişlərin sayı azalsın. Yoxsa, bu kimi verilişlər gündən-günə artır. Məsələn, dünən müəyyən etik səviyyəni gözləyirdilərsə, bu gün onu aşırlar. Verilişlərdə söyüş, qeyri-etik ifadələr, dava filan baş verir və bu adi hala çevrilir”.
Lamiyə MİRZƏYEVA