Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas Yunis Xəlilovun Avropa Məhkəməsinin hüquqazidd dəlillərlə bağlı mövqeyi, həmçinin təəccüb doğuran bir sıra məqamlarla bağlı Medianews.az-a müsahibəsi.
– “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququ adlanır. Bu maddədə əsasən nədən bəhs olunur?
– Doğrudur, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna həsr olunub. Həmin maddədə deyilir: “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda, mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər” (birinci hissə); “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (ikinci hissə); Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq;
e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək” (üçüncü hissə).
Göründüyü kimi, təqsirsizlik prezumpsiyası Avropa Konvensiyasının 6.2-ci maddəsində nəzərdə tutulub və bu hüquq ədalətli məhkəmə arşaşdırması hüququnun tərkib hissəsidir. Hüqşünaslara yaxşı məlumdur ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı qərarları, bir qayda olaraq, Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsaslanır. Lakin istisnalar da mövcuddur.
– Burada hansı istisnalardan söhbət gedir?
– Məsələn, təəccüb doğuran məqam odur ki, hüquqazidd dəlillərlə bağlı məsələ Məhkəmə tərəfindən Konvensiyanın 6.2-ci maddəsi ilə deyil, 6.1-ci maddəsi müstəvisində qiymətləndirilməkdədir. Halbuki sözügedən məsələ birbaşa təqsirsizlik prezumpsiyası ilə bağlıdır.
– Demək istəyirsiniz ki, hüquqazidd dəlillərlə bağlı məsələ təqsirsizlik prezumpsiyası ilə bağlıdır?
– Əlbəttə. Təqsirsizlik prezumpsiyası “təqsirin qanuni yolla sübut olunması”nı ehtiva edir. Əslində Konvensiyanın 6.2-ci maddəsində təsbit olunan “təqsiri qanun əsasında sübut edilənədək” ifadəsi dövlətlərin milli qanunvericiliyinə işarə edən göndərici xarakterli müddəadır. Belə ki, təqsirin sübut olunması ölkənin maddi və prosessual qanunvericiliyinə uyğun olmalıdır. Hüquqa uyğun olmayan dəlillərlə təqsirin sübutu qanuni hesab edilmir. Hüquqa uyğun dəlillərlə sübutun mümkünlüyü şərti sadəcə istintaq və məhkəmə orqanlarına qarşı deyil, eyni zamanda səlahiyyətli şəxslərdən başqa digər insanların uydurduqları dəlillərə qarşı da müdafiə olunmağı nəzərdə tutur. Konvensiyanın 6.2-ci maddəsində əks olunan “təqsiri qanun əsasında sübut edilənədək” şərti son dərəcə mühüm bir qadağanı ehtva edir: qanuni olmayan dəlillərdən şəxsin təqsirinin sübut edilməsi zamanı istifadə olunmasının yolverilməzliyi. Buradan çıxan nəticə odur ki, Konvensiyanın mətnindəki “qanun əsasında sübut edilənədək” şərti dəlillərin hüquqauyğun şəkildə əldə edilməsi kimi başa düşülməlidir. Avropa Məhkəməsi Konvensiyanın 6.2-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası ilə 6.1-ci maddədə əks olunan ədalətli məhkəmə araşdırması (“fair trial”) hüququ arasındakı əlaqəyə konkret bir açıqlama verməyib. Məhkəmə Konvensiyanın 6.2-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını 6.1-ci maddədə əks olunan ədalətli məhkəmə araşdırması hüququnun davamı və həmin hüququn xüsusi forması hesab edir. Sözügedən məsələ ilə bağlı əsas görüş bundan ibarətdir ki, Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsi üçüncü hissə ilə birlikdə birinci hissədəki ədalətli məhkəmə araşdırması hüququnun detallarının açıqlamasıdır. Bu nöqteyi-nəzərdən Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinin pozulması ilə bağlı müraciət varsa, bu müraciət ikinci hissənin pozulması halı kimi qəbul edilməsə də, birinci hissənin pozulması olaraq qiymətləndirilə bilər. Bununla birlikdə ikinci hissənin pozulması birinci hissənin də pozulması anlamını daşıyır. Nüfuzlu müəlliflərdən Schroederə görə ikinci hissədəki hüquq üçüncü hissədəkilərlə birlikdə “ədalətli məhkəmə araşdırması”nın (“fair trial”) nüvəsini və əsasını təşkil edir. Mən bir hüquqşünas kimi sadəcə düşüncələrimi dilə gətirirəm və bu fikrimi dəstəkləyən bir sıra hüquq aliminin yanaşmaları da vardır. Fikrimcə, “ədalətli məhkəmə araşdırması” (“fair trial”) geniş və ümumi bir anlayış olduğundan ilk olaraq ikinci hissədə nəzərdə tutulan təqsirsizlik prezumpsiyasının pozulub-pozulmaması müəyyən edildikdən sonra başqa hansı məsələlərin “ədalətli məhkəmə araşdırması”nın (“fair trial”) əhatə dairəsinə girməsi araşdırılmalıdır. Halbuki sözügedən məsələyə Avropa Məhkəməsinin yanaşması bunun tam əksinədir. Həmin məhkəmənin mövqeyinin əksinə olaraq Almaniyada ilk olaraq ikinci hissənin pozulub-pozulmadığı araşdırıldıqdan sonra müəyyən edilsə ki, pozuntu halı yoxdur, o zaman birinci hissənin pozulub-pozulmadığı məsələsi araşdırılır. Hesab edirik ki, Avropa Məhkəməsi də ilk olaraq ikinci hissənin pozulub-pozulmadığını araşdırmalı, ikinci hissənin pozulmadığı qənaətinə gəlindikdən sonra birinci hissənin pozulub-pozulmadığı məsələsi araşdırılmalıdır. Çünki ikinci hissə birinci hissəyə münasibətdə xüsusi norma sayılır.
– Konvensiyanın 6-cı maddəsində hüquqazidd olaraq toplanmış dəlillərdən şəxsin təqsirləndirilməsində istifadə olunması qadağası ilə bağlı xüsusi bir müddəa yoxdur. Bu məsələyə dair bir hüquqşünas kimi fikirlərinizi bilmək olarmı?
– Onu qeyd edim ki, Avropa Məhkəməsi “qanun əsasında sübut” məsələsini Konvensiyanı ratifikasiya etmiş dövlətlərin milli qanunvericiliyinin öhdəsinə buraxır və o, sadəcə bundan sui-istifadə edilib-edilmədiyini yoxlayır. “Schenk İsveçrəyə qarşı” iş üzrə 24 iyun 1988-ci il tarixli qərarda qeyd edilir ki, milli hüquqda ədalət mühakiməsi həyata keçirilərkən hüquqa uyğun olmayan şəkildə toplanan dəlillərdən istifadə olunmasına yol verən müddəalar özü-özlüyündə məhkəmə araşdırması hüququna zidd hesab edilmir. Ümumiyyətlə, Avropa Məhkəməsi hüquqazidd şəkildə toplanan dəlillərə hökm verilərkən istinad olunmaması prinsipini qəbul etməkdə birmənalı mövqe nümayiş etdirmir.
– Maraqlıdır, bu, nə ilə izah oluna bilər?
– Bunun səbəbləri sırasında birincisi, sözügedən məsələyə dair “ortaq bir Avropa yanaşma tərzi”nin olmamasını; ikincisi isə Konvensiyada dəlillərə, xüsusilə də dəlillərin qəbuledilən olmasına dair xüsusi qaydaların olmamasını göstərmək olar. Lakin hesab edirəm ki, Məhkəmə qanunazidd şəkildə əldə edilmiş dəlillər haqqında ən azı təqsirləndirilən şəxsin konstitusion hüquqlarını pozması mövqeyindən çıxış edərək bunun yolverilməz olmasını müəyyən edə bilərdi. Yuxarıda da qeyd olunduğu kimi sözügedən məsələ Avropa Məhkəməsi tərəfindən ölkədaxili hüquqla həll olunan məsələ sayılır.
Ərtürk İSMAYIL