Bu gün Azərbaycanın Respublikasının Xalq artisti, “Şöhrər” ordenli, Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycan səhnəsinin ən yaddaqalan simalarından biri, “Yeddi oğul istərəm” filminin Şahsuvarı… RAFİQ ƏZİMOVun 85 yaşı tamam olur.
Hazırda səhhətində problem olan xalq artisti deyir ki, sağlamlığın yeganə açarı könül rahatlığıdır. Bir də gördüyün hər işə sevgi ilə bağlanmaq. Dəlicəsinə vurğun olmaq. Əlbəttə, Rafiq Əzimov səhnəyə dəlicəsinə vurğun olanlardandır. Özü demiş, nə qazanıbsa, bu vurğunluqdan, bu “dəlilik”dən qazanıb.
Bu gün 85 yaşını qeyd edən sənətkar doğum günündə ömür yolunu Medianews.az-a danışır:
“Böyük bir əməliyyat keçirmişəm. Müalicəmi evdə davam edirəm. Evdə yataq rejimində müalicələrim davam edir. Teatra da gedə bilmirəm, səhnəsiz qalmışam. Neçə illərdir teatrda fasiləsiz çalışıram, birdən-birə belə bir qəzaya düşmüşəm. Təəssüflənirəm. Bu illər ərzində heç büllüten də açdırmamışam.
Əməliyyatıma səbəb olan hadisə Lənkəran Teatrında oynadığım tamaşadan sonra oldu. Belə ki, “Qarabağnamə” tamaşasını çox uğurla oynadıq. Axşam gəlib sənət yoldaşlarımızla birlikdə çörək yedik. Otelimiz dənizkənarında yerləşirdi. Bərk də yağış yağırdı. Mərmər islanmışdı, ayağım sürüşdü, yerə yıxıldım. Yaxşı ki, uşaqlar məni tutdular, başım yerə dəymədi. Ayağımın çanaq hissəsi əzildi. İsti-isti hiss etmədim. Gördüm ki, ayağımda bir az ağrı var. Təcili Tibbi Yardım maşını məni xəstəxanaya çatdırdı. Rentgen edəndən sonra həkimlər dedi ki, çanağın buynuz hissəsində nəsə çat var. Teatrın rəhbərliyi belə qərara gəldi ki, gecə ilə məni Bakıya gətirsinlər. Bakıdakı xəstəxanalardan birində müalicə aldım. Əməliyyat olundum, artıq evdəyəm. Həkim müxtəlif idman hərəkətləri tapşırıb ki, evdə edim. Evin içində qısa gəzintilər olur. İnsanıq da. Bilmirik ki, başımıza nə gələcək. Ona görə də deyirlər ki, “ölüm gözlə-qaş arasındadır” deyə sənətkar bildirib.
Xalq artisti 85 yaşının olmasına baxmayaraq hələ də cavanlarla ayaqlaşdığını bildirib.
“Bu gün də teatrımızın gəncləri ilə birlikdə səhnəyə çıxıram, tamaşalarda oynayıram. Özümü səhnədə hər zaman gümrah hiss etmişəm. Məni yaşadan, həm də qulluğumda duran həyat yoldaşım Nigar xanımdır. Allah hamıya mənim xanımın kimi həyat yoldaşı qismət etsin. Bir də məni yaşadan teatrımdır ki, 61 ildir fasiləsiz orada çalışıram” deyə sənətkar bildirib”.