Şəki şəhərinin 104-cü kvartal adlanan ərazisində yaşayan bir qrup sakin Medianews.az-a müraciət edərək, məhəllədaxili avtomobil yollarının bərbad vəziyyətindən, mənzillərə qaz xəttinin çəkilməməsindən şikayət ediblər. Sakinlər qeyd ediblər ki, torpaq yollar yağış-qar yağanda palçıq olur, nəinki piyadalar, hətta avtomobillə hərəkət edənlər üçün də keçilməz vəziyyət yaranır.
Bildirilib ki, yollar bataqlıq olduğuna görə, təcili tibbi yardım, taksi bu əraziyə gəlməkdən imtina edir. Böyüklər iş-gücə, uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. Bir sözlə, yağış-qar yağanda burada hərəkət iflic olur. Şəki sakinləri evlərinin mavi yanacaqla təmin olunmamasından da şikayət ediblər. Bildiriblər ki, mənzillərin isidilməsində və məişətdə yalnız odun sobasından istifadə edirlər. Odun almaq üçün isə hər il böyük vəsait xərcləyirlər. Bu da onları əlavə xərcə salır, maddi yüklərini artırır. Üstəlik, hər il odun tapmaq da çətinləşir.
Sakinlərin iddiasına görə, həm yolların təmiri, həm də qaz xəttinin çəkilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə, Zaqatala Regional Qaz İstismar Sahəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) dəfələrlə müraciət olunub. Lakin bu müraciətlərə əhəmiyyət verən, vətəndaşların problemlərinə həssas yanaşan yoxdur.
Şəki şəhər sakinlərinin şikayətini araşdırmaq üçün adları sadalanan dövlət qurumlarına sorğu ünvanladıq.
AAYDA-dan Medianews.az-a bildirildi ki, Şəki şəhərinin 104-cü kvartal adlanan ərazi Agentliyin balansında deyil.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Medianews.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanın regionlarında və Bakı şəhərində qazlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Şəki şəhərində 2024-cü ilin kapital qoyuluşu proqramı çərçivəsində “Azəriqaz”ın daxili imkanları hesabına bir neçə yaşayış massivində paylayıcı küçə xətlərinin çəkilişi nəzərdə tutulub: “Bu proqrama uyğun olaraq, Şəki şəhərinin 104, 118, 119, 120, 121-ci kvartallarındakı yeni yaşayış massivlərində il ərzində “Azəriqaz” tərəfindən paylayıcı küçə qaz xətləri çəkiləcək. Bu proses sona çatdırıldıqdan sonra vətəndaşlarımız müvafiq sahə üzrə xüsusi lisenziyası olan podratçı təşkilatçılara müraciət edərək küçə qaz xəttindən mənzillərinə qaz xətti çəkdirə biləcəklər. Yəni, mənzildaxili qaz xətlərini bu yolla çəkə biləcəklər. Bu zaman məişət qaz sayğacları “Azəriqaz” tərəfindən vətəndaşlara tam ödənişsiz olaraq veriləcək”.
E.Vəliyev söylədi ki, hazırda Şəkidə mavi yanacaqla təmin olunan mənzillərin ümumi sayına görə, qazlaşma səviyyəsi 92,5 faiz təşkil edir. Şöbə rəisi onu da əlavə etdi ki, sadəcə Şəkidə deyil, ümumilikdə ölkə üzrə şəhər, rayon, qəsəbə və kəndlərdə genişlənmə, yeni məskunlaşma olduqca, həmin yaşayış massivləri ardıcıllıqla qazlaşdırılır.
Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Cahangir Nəbiyev Medianews.az-a bildirdi ki, vətəndaşların şikayət etdiyi ərazi Şəki şəhərinin yeni yaşayış massividir. Onun sözlərinə görə, son 2-3 il ərzində həmin ünvanda məskunlaşma aparılıb: “Hazırda Şəkidə su və kanalizasiya şəbəkəsinin qurulması prosesi həyata keçirilir. Vətəndaşların qeyd etdiyi ərazidə hələlik bu şəbəkə qurulmayıb. Şəkidə bunun kimi ümumi uzunluğu 300 kilometr olan avtomobil yolu var. O yollarda da su və kanalizasiya şəbəkələri qurulmalıdır. İnfrastruktur quruculuğuna xərclənən dövlət vəsaiti səmərəli olsun deyə, Şəki şəhərinin yeni yaşayış massivindəki yollar mərhələli qaydada təmir olunacaq, asfalt örtük döşənəcək. Ümumi götürsək, il ərzində Şəki Şəhər İcra Hakimiyyətinin 30 min kvadratmetr həcmində asfalt döşəmək üçün maliyyə büdcəsi, imkanı olur. Əgər bir küçə sabah su və kanalizasiya şəbəkəsinin qurulması üçün yenidən qazılacaqsa, o yollara asfalt tökməyin nə mənası var? Şəki şəhərində 100-dən başlayaraq, 124-cü kvartala qədər olan ərazilər yeni yaşayış massivləridir. Su və kanalizasiya şəbəkəsinin qurulması işi yekunlaşandan sonra bu massivlərin hər birinin yolları ardıcıl şəkildə təmir olunacaqdır”.
Ərtürk İSMAYIL