Ədliyyə Nazirliyi Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adları açıqlayıb. Məlum olub ki, bu müddətdə körpələrə verilən adların ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb. Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.
Qeyd edilən dövrdə oğlanlardan 7156 uşağa Əli adı verilib. Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, yuxarıda qeyd edilən tarixlərdə dünyaya gələn 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.
Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşdürüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə Hüseyn adı verilib. Uşaqlara verilən adlar siyahısında son 5-liyi qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-nə Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adı qoyulub.
Siyahıdan göründüyü kimi, uşaqlara verilən adlar içərisində hər il ilk onluqda Əli, Yusif, Hüseyn, Zeynəb, Məryəm, Fatimə, Zəhra kimi dini adlar üstünlük təşkil edir. Buna səbəb nədir? Nə üçün insanlar uşaqlarına fərqli adlar deyil, hər il eyni adları, xüsusən də dini adları qoyurlar?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, insanlar övladlarına ad, özlərinə təxəllüs seçərkən müəyyən idealları əsas götürürlər. İlahiyyatçı alimin sözlərinə görə, bu ideyalar dini, milli, kosmopolit, ümumbəşəri səciyyə daşıya bilər: “Tarixən sosial münasibətləri, ictimai-siyasi mənzərəni müəyyən edən əsas faktorlardan biri din olub. Azərbaycanda da bu, belədir. Ona görə də, insanlar məhz dini motivlərdən çıxış edərək, dini şəxsiyyətlərin adlarını öz övladlarına qoyurlar”.
E.Məmmədov deyib ki, şəriətdə valideynin yeni doğulmuş uşaq qarşısında hüquqları göstərilib. Alimin sözlərinə görə, bu hüquqlardan da biri uşağa gözəl adın qoyulmasıdır: “Müsəlmanlar arasında gözəl ad məsələsini, bu adın konturlarını, sərhədini şübhəsiz ki, din müəyyənləşdirir. Hətta dinin daxilində də müəyyən məzhəblər bunu müəyyən edir. Məsələn, şiə müsəlmanlar daha çox şiə imamlarının, sünni müsəlmanlar isə səhabələrin, xüsusən də Ömərin, həzrəti Məhəmmədin adlarını öz övladlarına qoyurlar. Bu bir tendensiyadır. Din durduqca, bu tendensiya da davam edəcəkdir. Ona görə də düşünürəm ki, uşaqlara dini adların qoyulmasında qərbi bir şey yoxdur. Azərbaycanda həyata baxışını dinin müəyyənləşdirdiyi şəxslər bundan sonra da öz övladlarına ad seçərkən məhz dini motivlərdən çıxış edəcəklər”.
Lamiyə MİRZƏYEVA