Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas parlamentin fevralın 1-də keçirilən iclasında bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul edilsə Azərbaycanda zorakılığın qarşısını almaq mümkün olmayacaq. Millət vəkilinin sözlərinə görə, xaricdən, o cümlədən Avropadan fondlar böyük miqdarda pul xərcləyirlər ki, Azərbaycanda insanların əxlaqı pozulsun. O, Azərbaycan televiziyalarında məişət zorakılığının, əxlaqsızlığın təbliğ olunmasına da diqqət çəkib. Vurğulayıb ki, bunun qarşısını heç kim, hətta parlament də ala bilmir. Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün qanunlar kifayət etmirsə, bəs nə etməliyik? Doğrudanmı cəmiyyətdə zorakılığın və əxlaqsızlığın yayılmasına, artmasına səbəb televiziyalardır? Xarici ölkələrin Azərbaycanda insanların əxlaqını pozmaq istəməsində marağı nədir?
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Medianews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda məişət zorakılığı yeni hadisə deyil.
Onun sözlərinə görə, əgər biz XIX- XX əsrin əvvəllərində yaşamış Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə baxsaq görərik ki, o dövrdə də qadının evdəki rolu, ailə-məişət münasibətlərində övladla atanın davranışları və sair kimi halların hamısında müəyyən zorakılıq əlamətləri olub.
Hüquqşünasın qənaətincə, bu, nə Avropadan transfer olunan məsələdir, nə də genetik bir faktordur: “Bu, ayrı-ayrı ailə tərbiyə məsələsidir. Cəmiyyətə müxtəlif tərbiyəli insanlar var və həmin insanlar tərbiyə olunduğu mühitə uyğun olaraq da davranırlar. Əlbəttə ailədə ilk növbədə sevgi mühiti hakim olmalıdır ki, o ailədə şiddət olmasın. Əgər sevgi mühitindən yoxsul böyüyən ailə varsa, sevgi mühitindən məhrum olan, şiddətə məruz qalan uşaq böyüdüyü zaman o da özünün güclü olduğu dönəmdə özündən zəiflərə yönələcək və eyni gücü tətbiq edəcək. Məişət zorakılığı yalnız kişilərin qadınlara yönəlik deyil, ümumiyyətlə, ailənin zəif fərdinə və ya gücsüz fərdinə yönəlik davranışlar kimi daha çox qarşıya çıxır. Əlbəttə, kişilər daha güclü olduğu üçün onların qadın və uşaqlara yönəlik fəaliyyəti olsa da, amma reallıqda qadınların da kişilərə və uşaqlara yönəlik şiddət tətbiq etdikləri bəllidir. Qanunlar tətbiq olunan zaman bu halların qarşısını almaq olacaq”.
Hüquqşünas deyib ki, Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün qanun olsa da, real təcrübədə məişət zorakılığı ilə bağlı məsələlər hüquq-mühafizə orqanlarına yönələndə onlar bunu daha çox ailə içində həll etməyə yönəlik təşəbbüslər göstərirlər: “Məncə, bundan imtina olunmalıdır. Kiməsə tövsiyə vermək hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. Əgər fakt varsa, fakta uyğun tədbir görülməlidir. Hüquq-mühafizə orqanları belə məsələlərdə həmişə qanunları tətbiq etmirlər. Misal üçün, qoruma orderi, uzaqlaşdırma, sağlamlığa ağır zərbə vuran şəxsin məsuliyyətə cəlb olunması və sair hallarda çox vaxt öz üsulları ilə problemi “həll edir”lər. Yəni, öz aralarında “görüm-baxım” edirlər, bununla məsələ bitir. Baş vermiş zorakılıq, sağlamlığa ağır zərbə vurmaq halı ilə bağlı hər hansı cinayət işi açılmır. Bəzən isə cinayət işi açılsa da perspektivi olmur. Bu aspektdən baxanda mən hesab etmirəm ki, Azərbaycana kimsə tərbiyəsizliyi idxal edə, yaxud göndərə bilər. Bu, mümkün deyil. Müasir kommunikasiya çox inkişaf edib, ölkəmizdə hər kəsin əlində mobil telefon, smartfon var. Bu vasitələrlə istənilən mədəniyyətə, əxlaqa yönəlik, informasiyaları qəbul etmək mümkündür. Ümumi şəkildə götürəndə bu, cəmiyyətə münasibətlərə fərqli yanaşma gətirir”.
Ə.Məmmədli qeyd edib ki, Azərbaycanda son 15 ildə boşanmanın sayının 3 dəfə artmasına səbəb məhz budur: “Qadınlar müəyyən mənada iqtisadi azadlıq qazandığı zaman onlara sevgi, hörmət göstərməyən kişi ilə bərabər yaşamaq istəmir və nəticədə ailə dağılır. Birinci forma budur. İkinci halda isə müxtəlif film və seriallara baxan, ona uyğun davrananlar olur. Sözsüz bunların hamısının öz təsiri var. Amma onunla da razı deyiləm ki, Azərbaycan televiziyalar məişət zorakılığını, əxlaqsızlığı təbliğ edir. Azərbaycanda televiziya, radio fəaliyyəti dövlət tərəfindən tənzimlənir və lisenziyalaşdırılır. Əxlaqsızlığı təbliğ edən və ya hər hansı bir formada milli mədəniyyəti aşındıran verilişlər dövlət nəzarəti altında olduğu üçün, dövlət istəməsə müvafiq qurumlar vasitəsi ilə bunları durdura bilər. Biz bilirik ki, hər kəs lisenziya ala bilmir. Azərbaycanda hər şey bəllidir. Yerindən duran gedib lisenziya alıb televiziya aça bilməz. Ona görə də televiziyaların davranışlarına nəzarət etmək daha asandır”.
Ekspertin sözlərinə görə, Azərbaycanın milli-mənəvi dəyərləri mövcud olduğu müddətcə, xaricdən kiminsə gəlib hansısa formada bu irsi dağıtmağa meyl etməsi inandırıcı deyil: “Çox sadə şeylər ola bilər. Məsələn hansısa xırda qrupları maliyyələşdirə, kiçik aksiyaları təşkil edə bilərlər. Lakin dəniz zir-zibili təmizləyib sahilə atdığı kimi, cəmiyyət də belə xırda marginal qrupları həmişə kənara atar. Onu mənimsəyib inkişaf elətdirmir. Real danışmaq lazımdır. Azərbaycanda milli dəyərlərə zidd görünən hansısa marginal qrupun ciddi resursu, potensialı, cəlbediciliyi yoxdur. Əgər milli-mənəvi dəyərləri aşılamaq istəyən tərəflər varsa, onlar toplumun bütün kəsimlərindən hər zaman təpki görürlər. İnsanlıq mövcud olduğu müddətcə yaxşı ilə pis, tərbiyəli ilə tərbiyəsiz yan-yana olacaq. Önəmli olan toplumda təhsil, tədris və bu kimi məsələlərə daha çox diqqət ayırmaqdır. Yəni, doğru və yanlışı ayırmağı bacarmağı öyrətmək lazımdır”.
Lamiyə MİRZƏYEVA