Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanata görə, hökumət ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək. Qeyd olunur ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz dəfə artması fonunda tətbiq olunması istənilir. Qanun layihəsi, həmçinin elektron siqaret mayelərində olan dadın məhdudlaşdırılması və yeniyetmələri cəlb etməsin deyə elektron siqaretlərin mağazalarda reklamının qarşısını almağı nəzərdə tutub.
Azərbaycanda da belə bir qadağanın tətbiq edilməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, elektron siqaretlər, sulu qəlyanlar tütün məhsullarına bərabər tutulur və onların qapalı məkanlarda istifadəsi qadağandır.
Millət vəkili deyib ki, başlıca hədəf uşaqları və gəncləri bu cür pis vərdişlərə yiyələnməkdən qorumaqdır: “Əlbəttə, tam qadağadan söhbət gedə bilməz. Bu, doğru deyil və effekt verməyəcək. Siyasətin başlıca məqsədi məhdudlaşdırmaqdır. Yəni, hədəf siqaretdən, həmçinin elektron siqaretlərdən istifadə edənləri bu vasitələrdən istifadə etməyənlərdən ayırmaq, ən əsası da uşaqları və gəncləri bu cür pis vərdişlərə yiyələnməkdən qorumaqdır. Azərbaycanda tütün məhsulları, siqaretlərlə bağlı kifayət qədər maarifləndirmə işləri aparılır. Lakin elektron siqaretlər və sulu qəlyanlarla bağlı məsələ bu sıradan geri qalır, yaxud diqqətdən kənardadır”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda 5 il bundan öncə tütün məhsulları istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul olunub. O, bu qanunun tətbiqində ciddi problemlərin olmasına diqqət çəkib: “Qanunda nəzərdə tutulan bir çox qadağa və məsuliyyət üzərində nəzarət yoxdur. Bu sahədə maarifləndirmə, təbliğat işi yüksək səviyyədə aparılmır. Hazırda gənclər arasında elektron siqaret dəbə minib. Səhv təbliğat aparılır ki, guya elektron siqaretlərin insan sağlamlığına heç bir ziyanı yoxdur və ya ziyanı azdır. Lakin son tədqiqatlar göstərir ki, elektron siqaretlərin tərkibindəki kimyəvi maddələr, bitki mənşəli məhsullar o qədər də zərərsiz deyil. Bu sahədə Qərb ölkələrində aparılan tədqiqatlar göstərir ki, bir sıra hallarda elektron siqaretlər daha çox zərərlidir və daha tez aludəçilik yaradır. Düşünürəm ki, bununla əlaqədar biz daha çox maarifləndirmə işi aparmalı, nəzarət işini gücləndirməliyik. Qanunvericilikdə bir boşluq yoxdur”.
Lamiyə MİRZƏYEVA